“Avropada Putinin səfər etməli olduğu yeganə şəhər beynəlxalq məhkəmə orqanlarının yerləşdiyi Haaqadır”.
NOCOMMENT.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kyastutis Lüksemburqda Avropa İttifaqı (Aİ) Şurasının xarici işlər üzrə iclasından öncə jurnalistlərə bildirib.
Budris bildirib ki, Ukraynada müharibənin həlli kontekstində o, iki şeyi birləşdirməyi zəruri hesab edir:
“Birincisi, prezident Trampın səyləri, atəşkəs və sülhə nail olmaq üçün diplomatik səylər. Digər tərəfdən, biz hamımızın razılaşdığı Avropa prinsiplərinə əməl etməliyik. Putin üçün Avropada yeganə yer Haaqadır, tribunal qarşısındadır, bizim paytaxtlarımızın birində deyil”.
O, əlavə edib ki, Putinin təyyarəsinin Litvanın hava məkanına daxil olmasını mümkün hesab etmir.
“Onun bizim hava məkanından keçdiyini təsəvvür edə bilmirəm. Əgər o, ora (Budapeştə – red.) çatmaq istəyirsə, başqa üsullar da var. Amma mən alternativlər axtarardım”, – deyə nazir əlavə edib.
Xatirə SADİQ













