Rusiya prezidenti Vladimir Putin Qətər əmiri Təmim bin Həməd Al Tani ilə beynəlxalq telefon danışığı aparıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kreml öz Telegram kanalında məlumat yayıb.
“Rusiya-Qətər əməkdaşlığının gələcək inkişafı ilə bağlı cari məsələlər, xüsusən də bu yaxınlarda Dohada keçirilmiş ikitərəfli Hökumətlərarası Komissiyanın iclasının nəticələri nəzərə alınmaqla nəzərdən keçirilib. İnvestisiya əlaqələrinin artırılmasına yönəlmiş əlaqələndirilmiş səylərin görülməsi razılaşdırılıb”, – məlumatda deyilir.
Həmçinin, tərəflərin Suriyadakı vəziyyəti müzakirə etdikləri, Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasının vacibliyinə işarə etdikləri vurğulanıb. Bundan əlavə, hərbi əməliyyatların yenidən başladığı Qəzza zolağı ətrafında vəziyyətlə bağlı narahatlıq ifadə olunub.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin ABŞ- la məsləhətləşmələr üçün rusiyalı müzakirəçiləri şəxsən seçib. Onun sözlərinə görə, bu namizədlər peşəkar keyfiyyətlərinə görə belə bir vəzifə üçün idealdırlar.