Putin müharibəyə yeni çağırışçıları cəlb edəcəkbackend

Putin müharibəyə yeni çağırışçıları cəlb edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə itkiləri kompensasiya etmək məqsədilə məhdud və mərhələli ehtiyatçı çağırışını bərpa etmək üçün informasiya zəmini formalaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bildirilir.

Analitiklərin fikrincə, Rusiya hakimiyyətinin son qərarları məhdud çağırışa hazırlığın göstəricisidir.

Fevralın 18-də Dövlət Duması birinci oxunuşda “Vətəni müdafiə borcundan yayınma” ilə bağlı tədbirləri sərtləşdirən qanun layihəsini qəbul edib. Sənəd ehtiyatçı çağırışını tənqid edənlərin cəzalandırılmasına imkan verir. Eyni zamanda Rusiyada
“Telegram”ın bloklanması da, ekspertlərin qiymətləndirməsinə görə, hökumətə qarşı tənqidi səsləri məhdudlaşdırmaq cəhdi ola bilər.

ISW hesab edir ki, Putin 2022-ci ildəki genişmiqyaslı səfərbərlikdən fərqli olaraq, mərhələli və məhdud çağırışı normallaşdırmağa çalışır. Həmin dövrdə ölkəni 900 minə qədər insanın tərk etdiyi bildirilirdi. Analitiklərin fikrincə, hazırkı məhdud çağırış ordunun sayını əhəmiyyətli dərəcədə artırmaq üçün deyil, əsasən cəbhədəki itkiləri kompensasiya etmək məqsədi daşıyır.

Hesabatda qeyd olunur ki, mərhələli çağırışa hazırlıq ən azı 2025-ci ilin oktyabrından aparılır. Həmin vaxt hökumət rəsmi səfərbərlik elan etmədən ehtiyatçıların ölkə hüdudlarından kənara göndərilməsinə icazə verib. Noyabrda Putin ilboyu çağırışın keçirilməsi barədə fərman imzalayıb, dekabrda isə 2026-cı ildə “hərbi toplanışlar” üçün məcburi çağırışı təsdiqləyib.

Analitiklərin qənaətinə görə, bu mexanizm strateji ehtiyatın gizli şəkildə səfərbər edilməsinə şərait yarada bilər.

Ekspertlər vurğulayırlar ki, Rusiya hakimiyyəti könüllü cəlbetmə sisteminin demək olar ki, tükənməsi fonunda məhdud çağırışa “zəif mövqedən” hazırlaşır. Kreml bir tərəfdən cəbhədə hücum tempini qorumağa, digər tərəfdən isə kütləvi narazılığın qarşısını almağa çalışır.

ISW həmçinin qeyd edir ki, cəmiyyətin qismən ehtiyatçı çağırışına hazırlanması müharibənin dördüncü ilində Moskvanın çətin seçim qarşısında qaldığını göstərir. Eyni zamanda, Rusiya ehtimal ki, daxili itkiləri minimuma endirməklə hərbi məqsədlərini reallaşdırmaq üçün sülh danışıqlarında Kiyevə təzyiq göstərir.

Aliyə
NOCOMMENT.az