Putinin adamı İrəvana getdi –  Ermənistanla bağlı NƏ BAŞ VERİR? backend

Putinin adamı İrəvana getdi –  Ermənistanla bağlı NƏ BAŞ VERİR? 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın paytaxtı İrəvana səfər edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” mənbələri məlumat yayıb.

Məlumata görə, Aleksey Overçuk səfər çərçivəsində Ermənistan–Rusiya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasında iştirak edəcək. İclasda iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin cari vəziyyəti, logistika və nəqliyyat məsələləri, eləcə də regional layihələr ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.

Rusiya mediası yazır ki, Overçukun İrəvan səfəri fonunda Moskva–İrəvan münasibətlərində son aylarda müşahidə olunan gərginlik, xüsusilə Ermənistanın Qərblə yaxınlaşma cəhdləri və KTMT xəttində yaşanan fikir ayrılıqları diqqət mərkəzindədir. Bir sıra rusiyalı şərhçilərin fikrincə, bu səfər Kremlin Ermənistanla iqtisadi əməkdaşlıq kanallarını qorumaq və siyasi ziddiyyətləri ən azı iqtisadi platformada neytrallaşdırmaq cəhdidir.

Rusiya KİV-lərinin məlumatına əsasən, səfər zamanı Aleksey Overçukun Ermənistan hökumətinin üzvləri ilə bir sıra işgüzar görüşləri də nəzərdə tutulub. Bu görüşlərdə enerji, nəqliyyat dəhlizləri, ticarət dövriyyəsi və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Qeyd olunur ki, Moskva İrəvanla iqtisadi əlaqələrin zəifləməsində maraqlı deyil və mövcud siyasi vəziyyətin fonunda məhz iqtisadi mexanizmlər vasitəsilə təsir imkanlarını qorumağa çalışır.

Səfər özlüyündə bir önəmli sualı ortaya çıxarır: Aleksey Overçukun İrəvana səfəri və hökumətlərarası iqtisadi əməkdaşlıq iclası Moskva–İrəvan münasibətlərində son aylarda yaranmış gərginliyi yumşaltmaq və siyasi ziddiyyətləri iqtisadi platformada neytrallaşdırmaq cəhdidir, yoxsa Rusiya Ermənistanın Qərblə yaxınlaşmasına qarşı açıq diplomatik təzyiqin davamıdır?

Asif Şəkərli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Şəkərli qeyd edib ki, Paşinyan hakimiyyəti bir tərəfdən Rusiyadan uzaqlaşma görüntüsü yaratmaqla ABŞ və Qərbin həm maliyyə, həm də hərbi-siyasi dəstəyini qazanmağa nail olub:

“ABŞ və Qərb hazırda Ermənistanı açıq şəkildə müdafiə edir, bu süni dövlətə silah-sursat və müxtəlif hərbi texnika yardımları göstərir. Qərbin bu addımları regionda yeni geosiyasi balans formalaşdırmaq cəhdinin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Əslində isə Kremlin Ermənistanın Rusiyaya qarşı bu qədər açıq görünən “xəyanətinə” nisbətən səbirli və tolerant yanaşmasının səbəblərini rəsmi İrəvanın səhnə arxasında apardığı gizli manevrlərdə axtarmaq daha doğru olardı.

Çünki Paşinyan hakimiyyətinin Moskva ilə münasibətləri reallıqda təqdim edildiyi qədər kəskin şəkildə pozulmayıb. Əksinə, bu münasibətlər ictimai müstəvidə gərginlik görüntüsü yaratsa da, qapalı kanallar vasitəsilə qorunub saxlanılır”.

Şərhçinin sözlərinə görə, hətta bəzi mənbələrin məlumatına görə, qeyri-rəsmi və qeyri-leqal məkanda Rusiya–Ermənistan hərbi müttəfiqliyi müəmmalı şəkildə inkişaf etməkdə davam edir:

“Bu baxımdan, Rusiya ilə Ermənistan arasında nümayiş etdirilən qarşıdurma əslində Kremlin və rəsmi İrəvanın gizli razılaşmaları üzərində qurulmuş siyasi imitasiyadan başqa bir şey deyil.

Bu imitasiyanın əsas məqsədi isə həm Qərbi aldatmaq, həm də regional proseslərdə əlavə manevr imkanları qazanmaqdır. Məhz bu səbəbdən Azərbaycanın Cənubi Qafqaz ətrafında cərəyan edən prosesləri təhlil edərkən Rusiyanın ikibaşlı və ziddiyyətli davranışlarını mütləq nəzərə alması olduqca vacibdir. Çünki regional təhlükəsizlik və uzunmüddətli sabitlik yalnız açıq bəyanatlara deyil, səhnə arxasında formalaşan real münasibətlərə əsaslanaraq qoruna bilər”.