Putinin dostundan Qarabağ açıqlaması: Tam zamanıdır…!backend

Putinin dostundan Qarabağ açıqlaması: Tam zamanıdır…!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov bir neçə gün əvvəl Tovuz rayonunun Ağdam kəndində Tovuz hadisələrinin ilk şəhidlərindən olan Elşad Məmmədovun ailəsini ziyarət edib.

NOCOMMENT.az xəbər verir ki, İlham Rəhimov Ağdam kəndində olan zaman “Yeni Müsavat” Media Qrupunun reportyorları da sərhəd bölgəsində idilər, Tovuzdakı son durum, sakinlərin əhval-ruhiyyəsi, düşmən təxribatı zamanı dağılmış evlərin təmir-tikintisi ilə bağlı materiallar hazırlayırdılar. Məlum hadisələrdən sonra ilk dəfə doğma yurduna gələn İlham Rəhimov əməkdaşlarımızın suallarını da cavablandırıb.

Professor İlham Rəhimov Tovuz hadisələri ilə yanaşı, Türkiyə-Azərbaycan münasibətlərini də şərh edib, həmçinin mətbuatda barəsində yazılan bir sıra məlumatlara aydınlıq gətirib.

– İlham müəllim, bu günlərdə Tovuzun Ağdam kəndində Tovuz hadisələrinin ilk şəhidlərindən olan baş əsgər Elşad Məmmədovun himayəyə götürdüyünüz 10 aylıq övladı Məhəmmədlə və digər ailə üzvləri ilə görüşdünüz. Bu, məlum döyüşlərdən sonra Tovuza ilk gəlişiniz idi, yerli sakinlərlə də görüşünüz oldu. Onlarla təmasdan hansı təəssüratlarınız var, əhalinin müharibə ilə bağlı əhval-ruhiyyəsi necədir?

– Tovuz müharibəyə, müharibə şəraitinə artıq öyrəşib. Hələ 1990-cı ilin əvvəllərindən xatırlayıram ki, Tovuz necə çətin günlərdən keçib. Həmin illərdə ermənilər Tovuzun nəinki sərhədyanı kəndlərini, hətta mərkəzini atəşə tuturdular. Yaxşı yadımdadır, o zaman 15 yaşlı bir yeniyetmə qohumum da şəhid olmuşdu. Elə vaxt olurdu ki, Tovuzu günlərlə, davamlı olaraq atəş altında saxlayırdılar. Amma həmin çətin zamanlarda, bir nəfər də olsun Tovuzu tərk etmədi. Bu, bir faktdır və son hadisələr zamanı bir daha təsdiqini tapdı. Rayon mərkəzində, qəsəbə və kəndlərdə mübarizə ruhu çox yüksəkdir. Mən bunu açıq şəkildə müşahidə edə bildim. Hələ xatırlayırsınızsa, Tovuz hadisələri başlayanda kəndlərdən, rayon mərkəzindən yüzlərlə tovuzlu sərhədə doğru hərəkət edərək Ağdam kəndi yaxınlığında toplaşdılar, başqa bölgələrdən gələn xeyli insan da yerli əhali ilə həmrəy oldu. Həmin insan selinin qarşısı çətinliklə alındı, əks təqdirdə insanlar silahsız olsalar da, döyüşə gedəcəkdilər…

– Tovuz istiqamətində son 30 ildə ən gərgin vəziyyəti bu il müşahidə etdik…

– Bəli, ilk dəfə idi. Amma yenə də təkrar edirəm ki, bu dəfə də heç nəyin dəyişmədiyi sübut olundu. Tovuz elə həmin Tovuzdur, Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə ön sırada getməyə daim hazırdır.

– Cəmiyyətdə belə fikir mövcuddur ki, Azərbaycan-Türkiyə güclənən hərbi ittifaqı Moskvanı qıcıqlandırır və Rusiya Azərbaycanın Türkiyə tərəfə getməsini əngəlləmək üçün Ermənistanı yeni hərbi təxribatlara sövq edə bilər. Ermənistanın sərhəddə artan təxribatları sizcə daha çox Paşinyan hökumətinin özfəaliyyəti ilə bağlıdır, yoxsa burada daha çox Rusiya amilinin təsiri və dəst-xətti var?

– Əvvəla qeyd edim ki, Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə gəlib çatmasında gecikmişdik. Hərbi əməkdaşlığın gücləndirilməsi, irimiqyaslı təlimlərin keçirilməsi çoxdan baş verməli idi. Ancaq bir az geciksək də, iki ölkənin strateji müttəfiqliyinin güclənməsi istiqamətində çox mühüm hadisədir. Diqqət edin, Türkiyə və Azərbaycanda bir nəfər göstərə bilməzsiniz ki, Azərbaycan-Türkiyə əməkdaşlığının indiki səviyyəsindən məmnun qalmasın. Biz eyni qandan, eyni dindənik. Gec və ya tez bu münasibətlər, birlik daha da güclənməli idi. Bu, çox təbii prosesdir və qarşısını heç bir qüvvə, heç bir güc ala bilməz. Amma qeyd etdiyiniz “Rusiya qıcıqlanır” ifadəsini Azərbaycan-Türkiyə münasibətlərinə aid etmək olmaz. Məsələn, Belarus ilə Qərbin arasında dəyişən münasibətlər Rusiyanı qıcıqlandırır və bu da təbii qarşılanmalıdır. Çünki Rusiya ilə Belarus qardaş, strateji müttəfiqdir. Ona görə də, “qıcıqlanmaq” ifadəsini Belarus-Qərb əlaqələrinə aid etsək, daha doğru olardı.

Baxın, doğma qardaşınız sizin soyuq münasibətdə olduğunuz biri ilə yaxın əlaqədə, ünsiyyətdə olsa, bundan qıcıqlana bilərsiniz. Amma Azərbaycan-Türkiyə münasibətləri tamamilə fərqli müstəvidədir və böyük tarixə malikdir. Bu baxımdan da Rusiya Azərbaycan-Türkiyə əlaqələrini, yaxınlığını, dostluğunu, qardaşlığını təbii qəbul edir. İki qardaş arasında bağlılığa müdaxilə etmək çox çətin məsələdir. Rusiya artıq psixoloji olaraq bunu çoxdan qəbul edib və bilir ki, qarşısını almaq mümkün deyil.

Azərbaycan və Türkiyə arasında isti münasibətlərin yaranmasının qarşısını almağa hələ sovet hakimiyyəti dövründə də çalışılıb. O zaman iki qardaşın münasibət qurması, birləşməsi mümkün deyildi. Hətta o zaman belə bir ifadə də ittiham kimi tez-tez səsləndirilirdi – pantürkizm. Bu ifadə, əslində, biz azərbaycanlılara aid idi. Buna görə bizim nə qədər ziyalımızı sürgün etdilər, qətlə yetirdilər.

Rusiyanı yaxşı tanıyan bir şəxs kimi bir daha qeyd edim ki, Rusiya Azərbaycan – Türkiyə əlaqələrinin güclənməsini qısqanclıqla qarşılamır, təbii proses hesab edir. Rusiyada həm siyasi elita, həm də sadə vətəndaşlar yaxşı bilirlər ki, bunun qarşısını almaq mümkün deyil. Açığını deyim ki, qarşısını ala da bilməzlər, buna cəhd də etməyəcəklər. Onu da unutmaq lazım deyil ki, bu gün Rusiya-Türkiyə münasibətlərinin özü yüksək səviyyədə inkişaf edir.

– O zaman Azərbaycan-Türkiyə münasibətlərinin Rusiyanı qıcıqlandırdığını yox, ehtiyatlandırdığını deyə bilərik…

– Müəyyən qədər ehtiyatlanmadan danışa bilərik. Rusiyanı əsas düşündürən məsələ ondan ibarətdir ki, regionda digər dövlətlərin əməkdaşlığı onun maraqlarına ziyan vurmasın. Bu baxımdan da deyə bilərik ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı Rusiyaya qarşı yönəlməyib. Həm Azərbaycan, həm də Türkiyə Rusiya ilə əməkdaşlığa xüsusi önəm verir.

– İlham müəllim, sərhəddə artan təxribatları Paşinyan hökumətinin özfəaliyyəti hesab etmək olarmı?

– Paşinyanın hazırda hakimiyyətdə qalması bizə daha çox sərf edir. Çünki nə qədər ki, Paşinyan hakimiyyətdə qalacaq, o zamana kimi Rusiya ilə Ermənistan arasındakı soyuq münasibətlər davam edəcək. Sarkisyanın, Köçəryanın dövründə olan fərqli münasibətlər hazırda müşahidə olunmur.

Bir məsələni unutmayaq ki, Ermənistanda hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq Qarabağ məsələsinə münasibət yenə də dəyişməyəcək. Rusiya-Ermənistan münasibətlərini yalnız bu gündən çıxış edərək qiymətləndirmək mümkün deyil. İki ölkə arasındakı tarixi və qarşılıqlı maraqları unutmaq lazım deyil. Eyni zamanda, Ermənistanın Rusiyadan tam asılı olduğu bir faktdır və bu dəyişməyəcək. Digər tərəfdən də unutmayaq ki, Ermənistan NATO sərhədində yerləşib və bu Rusiya üçün həddən artıq həssas məsələdir.

– Bir neçə dəfə demişdiniz ki, 5 rayonun qaytarılması məsələsi Azərbaycan üçün faktiki kapitulyasiya, tələ deməkdir və Bakı buna getməməlidir. Hazırda danışıqlar, ümumiyyətlə, dayanıb. Konfliktin hərbi güc yolu ilə həll ehtimalını necə qiymətləndirirsiz? Azərbaycan müharibəyə başlamalıdırmı?

– Qarabağ məsələsinin həllinin iki yolu var: ya sülh, ya da müharibə yolu. Bu problemin həllinin üçüncü yolu yoxdur. Məsələnin sülh yolu ilə həll olunması zamanı ortaya qoyulan şərtlər önəmlidir. Sülh danışıqlarında ermənilər 5 rayon təklif edəcək, Kəlbəcər və Laçın dəhlizini isə öz nəzarətlərində saxlayacaqlar. Eyni zamanda, Dağlıq Qarabağa müstəqillik verilməsini istəyəcəklər. Buna görə də düşünmürəm ki, münaqişə sülh yolu həllini tapsın. Mən buna görə də deyirdim ki, 5 rayonun qaytarılması təklifi bir tələdir. Biz sülh yoluna razılaşsaq, onlar bunu qələbə kimi qarşılayacaqlar.

Onsuz da dünya ictimaiyyətinin Qarabağla bağlı anlayışı, məlumatı tam deyil. Əgər qeyd olunan variant qəbul edilsə, dünya ictimaiyyəti belə anlayacaq ki, artıq Qarabağ məsələsi həll olundu. Biz bundan sonra nə qədər çalışsaq da, beynəlxalq aləmə sübut edə bilməyəcəyik ki, problem həllini tapmayıb.

Münaqişənin sülh yolu ilə həlli ancaq belə ola bilər ki, 7 rayon tam olaraq qaytarılır, Dağlıq Qarabağın müstəqilliyi tanınmır və ən yüksək muxtariyyət statusu verilir. Amma güman etmirəm ki, ermənilər bu variantla razılaşsınlar. Ona görə də Qarabağ məsələsinin yeganə həll yolu olaraq müharibə qalır.

– Sizcə, müharibə nə vaxt olmalıdır?

– Müharibə hər an başlaya bilər, proseslər bunu göstərir. Qarabağ məsələsinin həllində Ermənistanın tutduğu mövqeyi ucbatından sülh yolu mümkün deyil. Biz torpaqlarımızı tam işğaldan azad etmək istəyiriksə, müharibəyə tam hazır olmalıyıq.

“Rusiya ilə açıq danışmağın tam zamanıdır”

– İndiki vaxtda sərhəddə və Qarabağda eskalasiya müharibə ilə nəticələnsə, Azərbaycanın uduşla çıxmaq şansı nə qədərdir? Azərbaycan xalqında belə bir qənaət yaranıb ki, Rusiya Qarabağ məsələsinin ədalətli həllində maraqlı deyil. O zaman nə etməli? Rusiya ilə münasibətlərə hansı korrektlər etməliyik ki, Moskva, nəhayət ki, bizim əsas dərdimizi anlasın?

– Deputat Qüdrət Həsənquliyevin bəyəndiyim və çox sadə şəkildə izah olunan bir fikri var: elə bir zaman yetişib ki, biz artıq Rusiya ilə oturub açıq şəkildə danışmalıyıq. Rusiyaya deməliyik ki, sən bizimlə dost, qonşusan və münasibətlərimizi də qoruyaraq genişləndirək.

– Münasibətlərdə korrektə yox, danışıqlarda konkretlik lazımdır…

– Konkretlik lazımdır, ədalət biz tərəfdədir və Rusiya da münaqişəyə obyektiv yanaşmalıdır. Rusiya ilə danışıqlarda bu cür konkret olmaq lazımdır.

– Necə düşünürsünüz, indi konkret danışmağın zamanıdır?

– İndi tam zamanıdır.

– Sizcə, Azərbaycan “Rus NATO-su” və Avrasiya İqtisadi Birliyinə daxil olmalıdırmı?

– Əgər söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gedirsə, belə situasiyalarda gərək biz öncə özümüzə sual verək ki, bu bizə nə vəd edir? Əgər kimsə düşünürsə ki, biz bu təşkilata qoşulsaq Qarabağ məsələsi həll olunacaq, bu, çox səhv düşüncədir. Mən buradan heç bir nəticə gözləmirəm və mümkün də deyil.

Avrasiya İqtisadi Birliyinə qoşulmağa gəlincə, deyim ki, bu, sırf iqtisadiyyatla bağlıdır. Bu quruma qoşulmağın iqtisadı səmərəsi ciddi şəkildə araşdırılmalıdır. Əgər dövlət olaraq iqtisadi baxımdan qazancımız olacaqsa, bu barədə düşünməliyik.