Putinin ən çox ehtiyat etdiyi şəxs : Aleksey Navalnı kimdir?backend

Putinin ən çox ehtiyat etdiyi şəxs : Aleksey Navalnı kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Rusiyanın əsas müxalifət liderlərindən Aleksey Navalnı saxlanıldığı koloniyada ölüb.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, Amerika mediası onu “Putinin ən çox ehtiyat etdiyi şəxs” kimi təqdim etsə də, Rusiyadakı rəqibləri onu Qərbin “peşkası” olmaqda ittiham edir. Bəs, əslində Aleksey Navalnı kimdir?

1976-cı il təvəllüdlü hüquqşünas Navalnı Rusiyada hökumətin korrupsiyasını gündəmə gətirməklə siyasətə daxil olub. O, tez-tez Putin hökumətini sərt tənqid etməsi ilə gündəmə gəlib.

Millətçi mövqeyi ilə tanınan Aleksey Navalnı Böyük Rusiyanın yenidən dirçəlişinin Qərb dəyərləri üzərində qurulmalı olduğunu müdafiə edib.

Lakin rus müxalifin ifrat sağçılarla yaxınlığı, Kremlin Ukrayna siyasətini və Krımın ilhaqını müdafiə etməsi, Qafqaza soyuq münasibəti diqqəti cəlb edib.

Rusiyada Korrupsiyaya Qarşı Mübarizə Fondunu yaradan Navalnı tərəfdarlarını sosial media üzərindən toplayıb, gənclərin diqqətini daha çox cəlb edib.

İllərdir müxtəlif nümayişlər və aksiyalar təşkil edən Navalnı dəfələrlə saxlanılıb və həbs edilib.

O, 2013-cü ildə Moskva merliyinə namizədliyini irəli sürərkən heç bir media dəstəyi olmadan 27 faizdən çox səs toplaması ilə diqqəti cəlb edib. O bu seçkilərdə Putinin namizədi Sergey Sobyanindən sonra ikinci olub. Lakin onun 2017-ci ildə keçiriləcək prezident seçkilərində Putinlə mübarizə aparmasının qarşısı alınıb.

2010-cu ildə ABŞ-nin Yel Universitetində işləyən rusiyalı dissident Rusiyanın əsas mediası tərəfindən Qərbin “peşkası” kimi qələmə verilib.

20 avqust 2020-ci il tarixində Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb. Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub. Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib ki, xəstənin orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri aşkarlanmayıb. Yaxın ətrafı isə Navalnının zəhərləndiyi iddiasını irəli sürüb. 2020-ci ilin avqustun 22-də səhər saatlarında onu Almaniyanın “Charite” xəstəxanasına yerləşdiriblər.

Müalicədən sonra Navalnı 2021-ci il yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Rusiyaya çatan kimi həbs edilib. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib. Məhkəmə Navalnıya 3,5 il həbs cəzası verib.

Navalnı sonuncu dəfə Moskvanın Lefortovski Rayon Məhkəməsində dələduzluq və məhkəməni təhqir etmək ittihamı üzrə 9 il müddətinə azadlıqdan məhrum edilib.