Putinin liderlərə dəvətinin pərdəarxası – Qərb, yoxsa Rusiya?backend

Putinin liderlərə dəvətinin pərdəarxası – Qərb, yoxsa Rusiya?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderlərini Moskvaya dəvət edib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova mətbuata açıqlamasında bildirib ki, prezidentlərin iştirakı ilə üçtərəfli və ikitərəfli görüşlərin keçirilməsi, aktual mövzular ətrafında müzakirələrin aparılması planlaşdırılır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın üçtərəfli görüşə hazırlaşdığını qeyd edib. Onun sözlərinə görə, görüşün yeri və tarixi barədə növbəti günlərdə məlumat veriləcək.

Bəs Putinin Azərbaycan və Ermənistan liderlərini Rusiyaya dəvət etməsinin səbəbləri nədir?

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı modern-ə danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Putinin Azərbaycan və Ermənistan rəhbərlərini Rusiyaya görüşə çağırması məntiqi addımdır.

Eks-nazir fikirlərini belə izah edib: “Uzun müddət idi ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü Avropa İttifaqının xətti ilə keçirilirdi. Bundan başqa hər iki ölkənin xarici işlər nazirləri Amerikanın təşəbbüsü ilə görüşüblər. Belə olan halda Rusiya məsələdə öz varlığını göstərmək istəyib. Özünü göstərmə mövcud Qərb-Rusiya rəqabəti ilə əlaqədardır”.

T.Zülfüqarovun sözlərinə görə, liderlərin görüşündə Rusiya telekanallarında aparılan anti-Azərbaycan təbliğatına göstərilmiş sərt reaksiya öz töhfəsini verəcək: “Hesab edirəm ki, bu görüş normal keçəcək. Ümumilikdə isə Azərbaycanın mövqeyi bəllidir. Biz sülhə nail olmaq üçün istənilən formatdan istifadə edirik. Bu baxımdan bir çox yerlərdə görüşlər keçiririk. Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı bu ölkənin rəhbərliyi tərəfdən də birbaşa görüşlər üçün təkliflər səsləndirilib.

Biz başa düşməliyik ki, formatlar müxtəlif ola bilər. Hazırda əsas problem bu deyil. Əsas problem Ermənistanın sülhə meyl göstərməyib, öz köhnə siyasətini davam etdirməsidir. Bunu Ermənistan açıq-aşkar bəyan edir.

Məsələn, Ermənistan gələn il üçün qəbul etdiyi büdcədə hərbi və müdafiə sənayesinin xərclərini 47 faiz artırıb. Eyni zamanda büdcədən 340 milyon vəsaitin Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində yerləşən qondarma qüvvələrə sərf olunacağı bildirilir. Belə hərəkətlərlə sülhə nail olmaq mümkün deyil. İstər Moskvada, istər Brüsseldə, istərsə də digər ölkələrin paytaxtlarında keçirilən görüşlər belə olan halda fayda verə bilməz”.

T.Zülfüqarov vurğulayıb ki, indiyə kimi Rusiya məsələlərin həlli üçün öz təsir imkanlarından istifadə etməliydi: “Rusiya təminatçı və vasitəçi kimi 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın müddəalarının həyata keçririlməsinə çalışmalıdır. Ancaq imzalanmasından iki il keçməsinə baxmayaraq, hələ də üçtərəfli bəyanatın bəzi müddəaları həyata keçirilmir. Ermənilərin silahlı dəstələri Qarabağdan çıxmalı, Zəngəzur dəhlizi istifadəyə verilməli, Ermənistanın Azərbaycan ərazilərinə müdaxiləsinə son qoyulmalıydı. Ancaq bunların heç biri baş vermir.

Ermənilər hərbi və müdafiə sənayesini daha da inkişaf etdirməyə çalışmaqla, Azərbaycanın ərazisində ölkəmizə qarşı fəaliyyətlərini davam etdirirlər”.

Keçmiş XİN başçısının fikrincə, Rusiyanın təsiretmə imkanından istifadə edəcəyinə ümid azdır: “Ermənistan bu gün iki seçim arasındadır. Onlar Qərb, yoxsa Rusiyayönümlü siyasət yeridib-yeritməyəcəklərini bilmirlər. Bu səbəbdən Rusiya öz imkanlarından istifadə etmək istəmir. Çünki başa düşür ki, Rusiya ilə əlaqəsi itmiş Ermənistan Qərbdən dəstək istəyəcək. Ümumilikdə götürdükdə, Rusiyanın Ermənistana təzyiq etmək imkanı və istəyi yoxdur. Hamıya bu münaqişənin davam etməsi lazımdır. Bununla eyni zamanda Fransa və İran da Azərbaycana təsir göstərmək istəyir. Bu siyasət keçmişdən bəri davam edən reallıqdır”.

Bundan əlavə, T.Zülfüqarov qeyd edib ki, erməni siyasi elitası gücdən başqa heç bir faktoru nəzərə almır: “Azərbaycanın siyasəti sülhə məcburetmə siyasətidir. Sülhə məcburetmə siyasətinin iki üsulu – siyasi və hərbi üsulları var. Azərbaycan bunlardan istifadə edir. Danışıqlar məsələnin siyasi yolla həll olunmasına yönəlib. Digər yandan Ermənistan hərbi təxribat törədən kimi öz cavabını artıqlaması ilə alır. Bu da sülhə məcburetmənin hərbi yoludur. Ermənilər onlara zərbə endirilən kimi hər şeyi başa düşməyə başlayır. Təəssüflər olsun ki, bu həm onlar üçün, həm də bizim üçün faciədir. Biz şəhidlər veririk, onlar da öz gələcəklərini təhlükə altına alırlar. İnsanlar Ermənistandan qaçır, orada yaşamaq istəmirlər”.