Rusiya Cənubi Qafqazla bağlı yeni planlar üzərində işləyir. Söhbətin hansı məsələlərdən getdiyi məlum olmasa da, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə gün öncə keçirdiyi mətbuat konfransında ölkəsinin planlarından söz açıb.
“Rusiya Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının ortaya çıxarılması üçün konkret layihələrin həyata keçirilməsi üzərində işləyir”,- deyə Zaxarova vurğulayıb. Lakin o, detalları açıqlamaqdan imtina edib.
Mariya Zaxarova bu çıxışı ilə nəyi nəzərdə tuturdu? Rusiyanın yeni planı nədən ibarətdir?
NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı modern-ə danışan politoloq Cümşüd Nuriyev Rusiyanın mövqeyində müsbət irəliləyişlərin olduğunu bildirib. “Rusiyanın Azərbaycanla bağlı planları o qədər də açıq deyil. Onlar daha çox diplomatik dillə danışırlar. Mən Rusiyanın səmimi olduğuna inanmıram.
Ancaq bütün bunlara baxmayaraq, deyə bilərik ki, sonuncu Soçi görüşündən sonra Rusiyanın mövqeyində müəyyən müsbət irəliləyişlər nəzərə çarpır. Azərbaycan Prezidentinin iradəsini görəndən sonra Rusiya öz xarici siyasətində müəyyən korrektələr etməyə başlayıb. Ermənilər Zəngəzur dəhlizi adını eşidəndə dəli olurlar. Onlar bunun sadəcə olaraq bir nəqliyyat vasitəsi olduğunu anlamırlar. Rusiya da məhz bu mənada məsələni gündəmə gətirməklə, nəqliyyat strukturunun açılmasında maraqlı olduğunu göstərir. Çünki Rusiyanın dünyaya çıxışı yalnız Cənubi Qafqazdan keçir. İndiki durumda Rusiya Cənubi Qafqazı itirmək istəməz. Yeni planlar da məhz buna hesablana bilər”.
Politoloq vurğulayıb ki, Mariya Zaxarovanın çıxışında səsləndirdiyi fikirlər əslində Rusiya Prezidenti Vladimir Putinə məxsusdur: “Etiraf etmək lazımdır ki, Mariya Zaxarova peşəkar diplomatik dildə danışır. Onun mesajı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, yəni sülh müqaviləsinin tez bir zamanda imzalanmasına yönəlib. Təbii ki, onun dilə gətirdiyi fikirlər Putinə məxsusdur. Xaric işlər naziri Sergey Lavrova qalsa, başqa mesaj verərdi. Konkret layihələrin həyata keçirilməsi məsələsinə gəldikdə, istər iqtisadi, istərsə də nəqliyyat sahəsində ikitərəfli qaydada Rusiya-Azərbaycan münasibətləri qaydasındadır. Ancaq ortada “3+3” formatı var. Bu formatda iştirak etməli olan iki dövlət: Gürcüstan və Rusiyanın münasibətləri gərgindir. Amma Gürcüstan-Azərbaycan-Türkiyə formatı idealdır. Yaxşı da işləyir. Bu formatın alternativi olan Ermənistan-İran-Rusiya formatı isə bizim üçün sərfəli deyil”.
C.Nuriyevin fikrincə, Rusiya Azərbaycana qarşı münasibətini nisbətən düzəltsə də, İran getdikcə daha da azğınlaşır: “Biz demirik ki, İran Ermənistanı sevməsin. Özləri bilərlər, sevgiləri daha da bol olsun. Onsuz da millət kimi, eyni kökdən gəlirlər. İranın “molla rejimi” niyə Azərbaycana bu cür qısqanclıqla yanaşır? İran anlamalıdır ki, onun arxalandığı Rusiya Cənubi Qafqazda vəziyyətin gərginləşməsini istəmir. Bunu da Mariya Zaxarova açıqca bildirdi”.
Politoloqun fikrincə, Zaxarovanın çıxışı Azərbaycandan çox, Ermənistan və İrana bir mesaj idi: “Rusiya münaqişə istəmir. Çünki Rusiyanın özünün başı bəladadır. Həqiqətən də, Rusiya məsələlərin həll olunmasına çalışır. İnanıram ki, bu istəyini həyata keçirmək iqtidarında olacaq. Rusiya həm də ona görə məsələlərin həll olunmasını istəyir ki, onun üçün ikinci cəbhə sərfəli deyil. Nəzərə alaq ki, İranın aqressivliyi yeni bir müharibə zonasının yaranmasına səbəb ola bilər. İran öz daxili problemlərini həll etmək üçün harasa hücum etmək istəyir. Bu variant İraq və Suriyada alınmadı. Düşünürlər ki, burada nəsə edə bilərlər. Rusiya isə Cənubi Qafqazda iqtisadi problemlər olmasın deyə həm iqtisadi, həm də nəqliyyat sahəsində konkret layihələr həyata keçirilməsinin vacibliyini dilə gətirir”.