Putinin yeni ambisiyalarıbackend

Putinin yeni ambisiyaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Süddeutsche Zeitung” qəzetində “Putinin Afrika ambisiyaları” adlı məqalə dərc olunub.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Frank Ninhoyzen və Anna Roysun müəllifi olduqları məqalədə Putin Rusiyasının Afrikada möhkəmlənmək üçün hərəkətə keçdiyi vurğulanır və bu, keçmiş SSRİ-nin yarımçıq qalmış arzularına dönüş, sovet imperiyasının Yaxın Şərq və Afrika strategiyasının davamı kimi qiymətləndirilir.

Məqalədə bildirilir ki, Putinin Sudan rəhbərliyi ilə əldə etdiyi razılaşmaya əsasən, Rusiya “bölgədə sülhü təmin etmək məqsədilə” Qırmızı dənizdə hərbi baza qurmağa başlayıb. Plan reallaşandan sonra bu, Rusiyanın Yaxın Şərqdə ikinci hərbi bazası olacaq. Rusiyanın artıq Suriyanın Tartus şəhərində hərbi bazası var.

Rusiya-Sudan razılaşmasına görə, rus hərbçilər regionda ən azı 25 il qala biləcəklər. Müqavilədə ehtiyac olacağı təqdirdə müddətin daha 10 il uzadılmasını nəzərdə tutan maddə də var.

Almaniya qəzetində dərc edilən məqalədə deyilir ki, Rusiya-Sudan müqaviləsində sülh və sabitlik naminə inşaat-logistika mərkəzinin regiona dəstəyindən söhbət getsə də, reallıqda vəziyyət fərqli olacaq: “Rusiya donanmasına məxsus 4 hərbi gəminin, həmçinin atom gəmisinin, eləcə də Rusiyanın 300 hərbi və mülki qulluqçusunun Sudanın dəniz sularına gətirilməsi planı göstərir ki, söhbət heç də sülhməramlı missiyadan getmir. Müqavilənin şərtləri Rusiyaya imkan verəcək ki, öz bazasını təmin etmək üçün Sudan aeroportundan, dəniz limanından yararlansın, bu yolla hərbi təyinatlı yüklər, hərbi sursat daşısın. Beləliklə, Rusiya bütün qüvvəsini, əlindəki imkanları səfərbər etməklə Afrikada nüfuzunu artırmağa, siyasi təsir imkanı qazanmağa çalışır”.

Məqalədə Rusiya Hərbi Dəniz Donanmasının baş qərargahına rəhbərlik etmiş admiral Viktor Kravçenkodan iqtibaslar da gətirilir. Kravçenko bildirib ki, bu əlverişli razılaşma Rusiyanın Afrikada fəaliyyətini genişləndirməsinə yeni imkanlar yaradacaq və qitədə Rusiya donanmasının operativ işinə böyük təkan verəcək.

Admiral Kravçenko siyasi və iqtisadi əlaqələrin vacibliyindən danışarkən dəniz quldurları probleminə də toxunub. O, dəniz quldurları ilə bağlı məsələlərin həll edilməsində Rusiya donanmasının böyük rol oynayacağını söyləyib.

Məqalə müəllifləri qeyd edirlər ki, SSRİ-nin çöküşündən bəri Rusiya neçə ildir Afrika qitəsində nüfuzunu bərpa etmək və ikitərəfli əlaqələri möhkəmləndirmək istəyir. Bu yaxınlarda Moskva Cənubi Afrika Respublikasında silahlı qruplaşmalarla mübarizə işinə silah-sursat yardımı göstərmək üçün nümayəndəlik açıb.

Bütün bunları Rusiyanın enerji resursları ilə zəngin qitədə müxtəlif vasitələrlə möhkəmlənmək cəhdi kimi yozan Frank Ninhoyzen və Anna Roys ehtimal edirlər ki, Moskvanın maraq dairəsində olan məsələlərdən biri də Qvineyadakı böyük boksit (alüminium hasil edilən əsas filiz) ehtiyatlarıdır.

Müəliflər yazırlar ki, hələ 2019-cu ilin Soçi sammitində 40-a yaxın Afrika ölkəsinin başçılarına səslənən Rusiya prezidenti Vladimir Putin onları sıx əməkdaşlığa, yaxın əlaqələr qurmağa çağırmışdı: “Təbii ki, bu regionda siyasi nüfuz qazanmağa çalışan tək Rusiya deyil. ABŞ və Çin kimi başqa güclü dövlətlər də Afrikada söz sahibi olmaqdan ötrü müxtəlif siyasi və iqtisadi layihələr həyata keçirir. Bu xüsusda daha çox fərqlənmək istəyən Pekinin region üçün nəzərdə tutulan kredit və maliyyə yatırımı Afrika iqtisadiyyatının inkişafına dəstək hesab edilə bilər.

Bundan başqa, Qırmızı dənizdə liderlik uğrunda mübarizəyə qoşulan dövlətlər İran körfəzi boyunca yerləşən qonşu ərəb ölkələri ilə də münasibət qurmağa çalışır. Bunun səbəbi aydındır: ərəb yarımadasında yerləşən Somali Afrika qitəsinə keçmək üçün yeganə qapıdır. Strateji ticarət marşrutlarının təhlükəsizliyi isə bütün region ölkələri üçün xüsusi əhəmiyyət daşıyır.

Qırmızı dənizin sahillərində, Ədən körfəzində Sudan limanı kimi mühüm dəniz limanları var. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun gəldiyi nəticəyə görə, Rusiyanın hədəfi tək Afrikada iri silah bazarı qurmaq deyil, bu razılaşmanın arxasında böyük strateji məqsədlər durur”.