Putinin yeni SSRİ planı: İlk hədəf Belarus və Ermənistandırbackend

Putinin yeni SSRİ planı: İlk hədəf Belarus və Ermənistandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Rusiya və Belarus prezidentləri arasında vacib görüş keçirildi. 3 saatadan çox çəkən Putin-Lukaşenko görüşü zamanı Müttəfiq dövlətin gələcək konturları cızıldı, Minsklə Moskva arasında inteqrasiya prosesinin dərinləşməsi qərara alındı.

NOCOMMENT modern.az-a istinadən xatırladır ki, Moskva ilə Minsk inteqrasiya proseslərini dərinləşdirən 28 proqram razılaşdırılıb. Belarus rus qazını ucuz qiymətini almağa başlayacaq. Bundan başqa, Müttəfiq dövlət layihəsi çərçivəsində iki ölkənin qaz, neft məhsulları və elektrik enerjisi sistemi birləşdiriləcək. Eyni zamanda, təsərrüfat subyektləri üçün vahid bazar yaranacaq.

Rusiya prezidenti Vladimir Putin görüş zamanı siyasi birləşmə prosesini müzakirə etmədiklərini deyib. Buna baxmayaraq, Putin Müttəfiq dövlət çərçivəsində iki ölkənin ortaq parlamentinin yaradıla biləcəıyini istisna etməyib.

Beləliklə, Moskva Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi çərçivəsində üzv ölkələrlə dərin inteqrasiya prosesinin çətinliklərini gördü. Məhz bu səbəbdən, Sovet İttifaqının dağılmasını XX əsrin ən böyük geosiyasi fəlakəti görən Putin inteqrasiya prosesinin istiqamətini dəyişib. Moskva kollektiv təşkilat daxilində deyil, hər ölkə ilə ayrı-ayrılıqda danışıqlar aparır.

Belarusla son əldə olunmuş razılaşmalar bu ölkənin suverenliyinin bir hissəsinin tədricən əldən alınmasının başlanğıcı olacaq. Putin-Lukaşenko razılaşması hələllik yalnız iqtisadi aspekti əhatə etsə də, dərinləşən inteqrasiya prosesinin gələcəkdə yeni müstəviyə çıxması qaçınılmazdır. Avropa Birliyi və ABŞ-la münasibətlərini sıfıra endirən Lukaşenko üçün Moskvaya ümid etməkdən başqa çıxış yolu yoxdur.

Belarusdan sonra hədəf Ermənistandır

Belarusla yanaşı, Kremlin SSRİ-nin bərpası yolunda təsir imkanlarını gücləndirdiyi daha bir ölkə Ermənistandır. Qarabağda işğalçılıq siyasətinə görə regional autsayderə çevrilən rəsmi Yerevan son 30 ildə Rusiyanın Cənubi Qafqazdakı vassal halına gəlmişdi. Vətən Müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra isə Ermənistanın Rusiyadan asılılığı kritik həddə çatıb.

Müharibədən sopnra istər Rusiya, istərsə də Ermənistanda Müttəfiq dövlət layihəsi çərçivəsində Ermənistanın da Belarus və Rusiyaya qoşula biləcəyi fikri hakim və ekspert dairələri tərəfindən tez-tez təkrarlanırdı.

Eks-prezident Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” fraksiyasının deputatı Artur Qazinyan Müttəfiq dövlət tərkibində Ermənistanın öz suverenliyini saxlayacağını, prezident və baş nazirin olacağını söyləmişdi.

“Amma bəzi çox önəmli məsələlərdə – siyasi, iqtisadi sinxronlaşma, rubl zonasının yaradılması önəmlidir. Xalqımız ona verilən suverenliyi və dövlətçiliyi qiymətləndirə bilmədi”, – deyə deputat söyləmişdi. Onun mövqeyi Ermənistan müxalifəti ilə yanaşı, ordu komandanlığı və biznes dairələri tərəfindən də dəstəklənir.

Respublika partiyasından eks-deputat Artaşes Qeqamyan, “Alyans” partiyasının sədri Tiqran Urixanyan və “Güclü Ermənistan Rusiya ilə birlikdədir” hərəkatının sədri Ayk Babuxanyan “Ermənistanın Rusiya və Belarusla Müttəfiq dövlət tərkibində daha təhlükəsiz olacaq” arqumentini müdafiə edirlər.

Rusiya Dövlət Dumasının eks-deputatı, prezidentin sabiq köməkçisi Sergey Stankeviç də bu ehtimalları təsdiq etmişdi. O, Ermənistanın mövcudluğu üçün suverenliyinin bir hissəsini itirməli olacağına işarə etmişdi.

“Ermənistan Rusiya və Belarusa qoşularsa, o, milli fəlakətlə üzləşməyəcək. Onun təhlükəsiz və etibarlı tarixi yolu olacaq”, – deyə vaxtı ilə Kremldə önəmli postlar tutan Stankeviç söyləyib.

Ermənistan baş naziri Nikol Paşinyan da təhlükəsizlik və iqtisadi yardım qarşılığında Kremlin artan təzyiqini hiss edir. Buna görə manevrlər etməyə çalışan Paşinyan istəməsə belə Moskva ilə dərin inteqrasiya proseslərindən danışır.

Yaxın zamanda Belarusla olduğu kimi, Putinin Ermənistan rəhbərliyi ilə ilk növbədə hərbi və iqtisadi, daha sonra isə siyasi inteqrasiyanı dərinləşdirən, suverenliyin bir hissəsinin yaxud tam itirilməsi ilə nəticələnəcək danışıqlar prosesinə başlayacağı gözlənilir.