Vətən müharibəsi şəhidi Coşqun Orucovun anası Fərqanə Bağırovanın qabyuyan kimi çalışması ilə bağlı məlumat yayılıb.
NOCOMMENT.az “qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan informasiyada ananın Bakıdakı çay evlərindən birində işlədiyi bildirilir. Şəhid C.Orucovun anasının saat 12:00-00:00-dək xadimə kimi çalışdığı deyilir.
Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Sorğumuza cavab olaraq saytımıza bildirilib ki, Vətən müharibəsinin şəhidi Coşqun Orucovun ailəsi sosial müdafiə tədbirləri ilə əhatə olunub. Ailəyə birdəfəlik sığorta ödənişi (11000 manat) və YAŞAT Fondu tərəfindən birdəfəlik maddi yardım (4350 manat) ödənilib:
“Şəhidin anası Bağırova Fərqanə Mənsum qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hələ 3 il əvvəl Bakı şəhərində yeni yaşayış kompleksində 2 otaqlı mənzillə təmin edilib. Eyni zamanda şəhidin ailəsinə 750 manat aylıq sosial ödəniş (o cümlədən, Prezidentin aylıq təqaüdü olaraq 600 manat və şəhidin atası Orucov Oruc Qiyas oğluna III dərəcə əlilliyə görə aylıq müavinət olaraq 150 manat) edilir.
Ailənin məşğulluğuna da dəstək göstərilib. Şəhidin atası O.Orucov nazirliyin göndərişi ilə 2022-ci ilin iyun ayında şirkətlərdən birində yığım ustası işi ilə (aylıq əməkhaqqı 543 manat) təmin edilib. Şəhidin anası F.Bağırovaya isə 2021-ci ilin noyabr ayında özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilərək “qadın gözəllik salonu” zərfi üzrə kiçik biznes sahəsi yaradılıb. O, istəyinə əsasən peşə hazırlığına cəlb edilmək üçün də 2024-cü ilin fevral ayında qeydiyyata alınıb. Onu da bildirək ki, F.Bağırova indiyədək sosial yardımla bağlı heç vaxt müraciət etməyib. Onunla əlaqə saxlanılıb və hazırda ailəsinin ünvanlı sosial yardım almaq hüququna baxılır”.
Suraxanı rayonunda yaşayan şəhid ailəsinin vəziyyəti ilə bağlı Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, şəhid Orucov Coşqun Oruc oğlunun ailəsi də digər belə ailələr kimi mütəmadi olaraq icra başçısı tərəfindən qəbul olunur və problemlərinin həlli istiqamətində lazimi köməkliklər göstərilir:
“Qeyd edək ki, şəhidin valideynləri Orucov Oruc Qiyas oğlu və Bağırova Fərqanə Mənsum qızı arasında daimi ailə münaqişələri zəminində baş verən mübahisələr dəfələrlə hüquq-mühafizə orqanlarında araşdırılıb, onlar arasında olan rəsmi nikah isə 21.11.2020-ci il tarixdən pozulub. Tərəfimizdən onlarla dəfələrlə görüş keçirilərək barışığa cəhd olunsa da, təəssüf ki, hər iki tərəfin qeyri-adekvat münasibəti onları ortaq məxrəcə gətirməyib. Şəhidin atası O.Orucovun sonradan ailə qurması və övladının dünyaya gəlməsi məsələni daha da qəlizləşdirib. O.Orucov sonralar yeni dünyaya gəlmiş övladının səhhətindəki problemlərlə bağlı RİH-ə bir neçə dəfə müraciət edib.
Bildiririk ki, rayon ictimaiyyətinin iştirakı ilə Şəhid Orucov Coşqun Oruc oğlunun gətirilərək dəfn olunması, eləcə də hüzn mərasimlərinin (3, 40, il) keçirilməsi, məzar daşının qoyulması Suraxanı RİH tərəfindən təşkil edilib. Şəhidin Zığ qəsəbəsində ailəsinin yaşadığı ünvandakı küçə asfaltlanaraq abadlaşdırılıb. Həmçinin, ailə mütəmadi ərzaq və maddi yardımlarla təmin olunub, ailənin mağazalardan birinə olan kredit borcu RİH tərəfindən ödənilib.
Eyni zamanda, şəhidin anası Fərqanə Bağırova 4 nəfər ailə tərkibi ilə şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Suraxanı RİH tərəfindən uçota alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində 2 otaqlı mənzillə təmin olunub”.
Qeyd edək ki, Coşqun Orucov Culfa rayonunun Xoşkeşin kəndində anadan olub, 2007-ci ildən isə ailəsi ilə Bakının Suraxanı rayonuna köçüb. O, hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı olaraq xidmət edib. 25 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Şuşa rayonuna gedən yolda döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə, “Hərbi xidmətlərə görə” , “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.