Bakı şəhəri, Sabunçu rayonun Pirşağı qəsəbəsində özünə məxsus fermada insanları qul kimi işlətməkdə təqsirləndirilən Fazil Qasımova(şərti) hökm oxunub.
Bu barədə “NOCOMMENT” məhkəmə matrellarına istinadən xəbər verir.
“Xalasıgilə borcları olduğu üçün qardaşının borc əvəzində fermada işlədildiyini söylədi”
Fazil Qasımov(şərti) məhkəmədə söyləyib ki, 2014-cü ildə tanışı Vüqar Səbuhi ilə onun yanına gələrək yeni evləndiyini, valideyinlərinin çölə atdığını və işə ehtiyacı olduğunu deyib: “Vüqar məndən Səbuhinin işə götürülməsini xahiş etdi. Ona hazırda fermada yer olmadığını bildirdim. 10-15 gün sonra Səbuhi hər gün mənə zəng edərək fermada işləmək istədiyini xahiş edirdi. Mən ona fermada hansı işləri görməli olacağını bildirdim və bu işin qarşılığında alacağı maaşı razılaşdıq. 10 gün sonra Səbuhi yoldaşı ilə fermaya işləməyə gəldi. Maşına verməyə pulu olmadığı üçün 100 manat pul verdim. Hava işıqlaşanda həyat yoldaşının hamilə olduğunu gördüm və nə səbəbə hamilə arvadını fermaya işləməyə gətirdiyini soruşdum. O, mənə rayonda cüssəli qardaşının olduğunu, onun da fermada işləmək istədiyini dedi. Məndən bir maşın tutub birlikdə rayona getməyi xahiş etdi. Nə səbəbə onunla getməli olduğumu soruşduqda, valideyinlərinin onu evdən qovduqlarını, xalasıgilə borcları olduğu üçün qardaşının xalası oğlu tərəfindən borc əvəzində fermada işlədildiyini söylədi. 05 dekabr 2014-cü ildə Səbuhini qardaşı Səyyadı götürmək üçün xalasıgilə getdik. Ora çatanda onlar Səbuhinin əmisini döyüb təhqir etdilər. Xalasıgilə nə qədər borclarının olduğunu soruşduqda 130 manat olduğunu bildirdilər, borclarını ödəyib Səyyadı ordan götürdük”.
Fazil Qasımov bildirib ki, məhkəmədə şahid qismində dindirilən fermanın digər işçiləri olan Seymur və atası da 15 gün onun fermasında işləyib, onları fermada məcburi saxlamayıb, hətta fermada işə başlamamışdan əvvəl mağazaya olan 200 manat borclarını bağlayıb. Onlara 300 manat əməkhaqqı verib, lakin, işlərini bacarmadıqları üçün işdən çıxarıb. İşçilərin əmək müqaviləsi olmayıb, onlar işə şifahi razılaşma əsasında götürülüblər.
“Fermaya işləməyə aparılanda 15 yaşım var idi”
Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Səyyad Babayev(şərti) söyləyib ki, Fazil Qasımovun fermasında 2015-ci ildə işləməyə başlayıb, həmin vaxt onun 15 yaşı olub. O, fermaya qardaşının vasitəsi ilə gəlib: “Qardaşım tanışı Vüqara Bakıda işləmək istədiyini deyəndə o, Fazilin fermasında işləməyə adam axtarıldığını söylədi. Səbuhi işləmək istədiyini bildirdi və 2015-ci ildə məni də yanına apardı. Fazilin fermasına gəlməmişdən əvvəl Saatlı rayonun Azadkənd kəndində xalam Çəməngilə məxsus qoyunlara baxırdım. 2015-ci ildə Səbuhi Fazil ilə birlikdə xalamgilə gəlib məni Bakıya apardılar. Həmin vaxt getmək istəməsəm də, qardaşım kömək etmək lazım olduğunu bildirdi. Fazil məni aparmağa gələndə mənə fermada yaxşı baxacağını, orda yaxşı yaşamaq üçün hər cür şəraitin olduğunu söylədi. Lakin, fermada yaşadığım şərait onun vədlərinə uyğun olmadı. O, məni qardaşımın yaşadığı heç bir şəraiti olmayan otağa yerləşdirdi”.
“Nərgizin hamilə olduğunu bilə-bilə işləməyə məcbur edirdi”
Səyyad Babayev bildirib ki, Fazil Qasımov ona səhər və axşam saatlarında olmaqla gündə iki dəfə yemək verib. Fazil ona heyvanlar üçün gətirdiyi köhnə çörəyləri verib, o da ac qalmamaq üçün yeməyə məcbur olub: “Fermada iş saatı çox ağır idi. Fazil məni səhər saat 4-5 radələrində yuxudan oyadıb, gecə 12 və ya 1-ə kimi işləməyə məcbur edirdi. Mən işləyəndə o daima mənə nəzarət edib əziyyət verirdi. Fermada bir heyvan öldükdə səbəbini məndən bilib məni döyürdü. Əziyyətlərə dözməyərək dəfələrlə qaçmaq istəsəm də, o, məni tutub saxlayır, fermadan qaçsam, öldürəcəyi ilə hədələyirdi. Bir dəfə qaçmağa cəhd göstərdiyimə görə məni ağacla döymüşdü. Qardaşım arvadı Nərgizin hamilə olduğunu bilə-bilə onu işləməyə məcbur edirdi. 2017-ci ildə qardaşım fermadan qaçdı, bir müddət sonra isə Nərgizin qardaşı gəlib Nərgizi də apardı. Həmin vaxt Nərgizgil ilə getmək istəsəm də, Fazil mənə hədə-qorxu gələrək getmək istəmədiyimi söyləməyə məcbur etdi”.
“Canımı qurtara bilməyəcəyimi görüb özümü öldürmək qararına gəldim”
Səyyad Qasımov bildirib ki, 2018-ci ildə 18 yaşı tamam olduğu üçün Fazil Qasımova hərbi xidmətə gedəcəyini deyib, Fazil Qasımov isə ona xəstəliyi ilə bağlı hərbi bilet aldığını, qısa müddət ərzində onu öz himayəsinə keçirəcəyini söyləyib: “Bir müddət sonra Fazil hərbi xidmətə yararsız olmağımla bağlı bileti mənə verdi. Daha ondan canımı qurtara bilməyəcəyimi görüb özümü öldürmək qərarına gəldim və bıçaqla qolumun hər ikisini biləkdən kəsdim. Fazil bunu gördükdə məni döydü, səhhətim pis olsa da, həkimə aparmadı, qolumu özü bağlayıb işə davam etməyə məcbur etdi. 2015-ci ilin avqust ayından 2020-ci ilin mart ayına kimi fermada işlədim. O, mənə heç vaxt əməkhaqqı verməyib. Fermada məndən başqa Kəmalə və Rizvan adlı şəxslər də işləyirdi”.
06 mart 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları fermaya gələrək Səyyad Babayevi Fazil Qasımovun fermasından azad edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Fazil Qasımov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Nəcməddin Quluzadə