KoronaVirus İnformasiya Portalı
Qalmaqal: Arif Hacılı ReAL Partiyasını hakimiyyətə işləməkdə suçladıbackend

Qalmaqal: Arif Hacılı ReAL Partiyasını hakimiyyətə işləməkdə suçladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi dairələrdə daha bir qalmaqal baş verib.

NOCOMMENT musavat.com-a istinadən xəbər verir ki, ReAL Partiyasının qeydə alınmasından sonra bu münasibətlə Prezident Administrasiyasının siyasi partiyalarla iş üzrə şöbəsinin rəhbəri Ədalət Vəliyevin prezident İlham Əliyevin adından partiyanı təbrik etməsi ciddi polemikalara səbəb olub.

Belə ki, dünən Müsavat Partiyasının başqanı Arif Hacılı bununla bağlı sosial şəbəkədə aşağıdakı statusu yazıb: “ReAL artıq nəinki müxalifət partiyası deyil, həm də hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biridir”.

Sözügedən status gecə saatlarında sosial şəbəkədə realçılar və müsavatçılar arasında ciddi söz atışmasına, qarşılıqlı ittihamlara səbəb olub. Müsavatçılar realçıları hakimiyyətə işləməkdə, sonuncular da onları zamanında parlamentdə danışıqlar hesabına təmsil olunmaqda, mühacir alverində iştirak etməkdə ittiham edib.

Amma polemika ReAL Partiyasının icra katibi Natiq Cəfərlinin statusun altında şərh yazmasından sonra daha da alovlanıb. Onun yazdıqlarına A.Hacılı birbaşa cavab yazıb və nəticədə aşağıdakı söz atışması yaranıb:

Natiq Cəfərli: “Arif bəy, mən sizi ciddi adam sayıram, nə ilə sübut edərsiz bu absurd iddianızı? Nədir sizi narahat edən?! Son 3 gündə bütün Qərb dövlətlərinin təbrikimi? Deməli, Fransa, ABŞ, Britaniya, AB səfirləri hakimiyyətə işləyir, eləmi?! Yoxsa 27 ildir elə bilirsiz ki, burda Qərb hakimiyyəti dəyişəcək, siz də kənarda qalacaqsız?! Siz özünüz azı 5 dəfə müsahibə verib danışıqlara yaşıl işıq yandırdız, indi nədir dərdiniz?! Elə bilirsiniz ki, xora qoşulmaqdı siyasətçinin işi?! Sizi istənilən İnternet TV-də debata dəvət edirəm – ya sözünüzü sübut edəcəksiz, ya üzr istəyəcəksiz. Buyurun. Gözləyirəm”.

Arif Hacılı: “Natiq Cəfərli Rauf Arifoğlunun medal almasını, Haqqin.az saytının qeydə alınmasını alqışlamayan səfirliklərin ReAL-ın qeydə alınmasını alqışlaması məni də təəccübləndirir.

Natiq Cəfərli: “Arif bəy, siz şər atırsınız, bunu sübut etməyə borclusuz. İstədiyiniz TV-ni seçin”.

Arif Hacılı: “Natiq Cəfərli, elə bu şərhiniz sübutdur. 27 ildir ki, Əliyevlərin ünvanımıza dediyi düşük söhbətləri təkrarlayırsız. Mən fikrimi bildirmişəm. Həqiqət olduğunu da özünə hörmət edən hər kəs qəbul edir. Yəqin yazılanları oxuyursuz”.

Natiq Cəfərli: “Arif Hacılı, hansı yazılanları? Mən də deyirəm ki, özünüzə hörmət edirsinizsə, gəlin canlı yayımda sübut edin. Əgər qeydiyyat hakimiyyətə işləmək göstəricisidirsə, belə çıxır ki, Müsavat Partiyası neçə ildir qeydiyyatı var? Niyə ləğv etmirlər bəs?! Nə məsələdir?! TV seçin. Buyurun, siz yazdığınız fikir deyil, ittihamdır. Mədəni insanlar ittihamı sübut edər. Mən indi, “Arif bəy hakimiyyətin içindən əmr alıb RaAL-ı vurur”, – desəm, bu fikir olur, ya ittiham?! Mən elə yazmaram, çünki, ciddi insanam. Sizi də, hələ ki, ciddi sayıram. Buyurun, TV seçin.

Arif Hacılı: “Natiq Cəfərli, yazın. “Mən ciddi insanam” iddianız mahiyyətinizi müəyyən edir”.

Natiq Cəfərli: “Arif Hacılı, qeyri-ciddiliyimi harada görmüsüz? Lap düşməyin də aşağı, buyurun, gəlin debata. Seçin TV-ni, çəkinməyin”.

İkili arasındakı söz atışması burada yekunlaşıb. Amma partiya tərəfdarları bir-birini ittihamda davam ediblər. N.Cəfərli sona qədər bütün müsavatçılara debat təklif edib.