Qanun kağız üzərindədir, kimin ürəyi necə istəyirsə, elə də fırladırbackend

Qanun kağız üzərindədir, kimin ürəyi necə istəyirsə, elə də fırladır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Flora Kərimova ilə məhkəməsi davam edən, axtarışa verildiyi deyilən müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib. O, bu barədə öz instaqram hesabında hava limanından paylaşım edərək məlumat verib.

Bəziləri onun axtarışda olduğu halda ölkəni necə tərk etdiyi barədə sual veriblər.

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı yenisabah-a açıqlama verən müğənni Afət Fərmanqızı axtarışda olardısa, aidiyyatı qurumların ona getməyə icazə verməyəcəyini bildirib.

Xalq artisti Flora Kərimova ilə gedən məhkəməsi barədə danışan Fərmanqızı iş xanımı Ruhi Əliyevanın bu işin arxasında dayandığını iddia edib: “Üç ay bundan öncə özünü biznes-ledi adlandıran Ruhi Əliyevanın saytlarında mənim haqqımda qərəzli, yalan başlıqlar altında xəbərlər gedirdi.

O vaxt “Pəncü-şeş” adlı mahnımı ifa edəndə “Afət Fərmanqızının mahnısına və özünə efirə çıxmağa qadağa qoyulub” başlıqlı xəbər dərc etmişdilər. Mən bu məsələ ilə maraqlandım, soruşdum ki, bu məlumatı haradan əldə etmisiniz? Cavab verdilər ki, “Etibarlı mənbələrdən”. Mənsə cavabımda dedim ki, “Mən də öyrənmişəm ki, bunu yazan adamın anası Dubaya qaçıb”.

Bir müğənni barədə belə böhtan yazıb onu ictimai nüfuzdan salmaq olmaz axı. Bildirdim ki, bu mənim karyerama mənfi təsir edir, camaatda çaşqınlıq yaradır. Camaat fikirləşir ki, Afət Fərmanqızı qadağadadır, onu toyuma da çağırmayım. Niyə mənim çörəyimə bais olursunuz, mənimlə düşmənliyiniz nədir, ay Ruhi Əliyeva?

Bu barədə sosial şəbəkə hesabımdan çağırış etdim. Ruhi məni yığdı, qışqıra-qışqıra dedi ki, “Yaxşı!”. Bu “yaxşı” “gör, indi sənin başına nə oyun açdıracam” deməkdir? İndi də Flora Kərimovanı veriblər qabağa. Bunu da oradan bilirəm ki, Flora Kərimovanın səhifəsini işlədən Ruhi Əliyevanın saytının redaktorudur. Bunu özlərinə də demişəm.

Flora Kərimovanın mənə xüsusi ittiham qaydasında cinayət işi açdırmağı da gülməli idi. Birincisi, iddia müddəti bitib. Mən heç bir yerdə Floranın adını çəkməmişəm. Ruhi Əliyevadan başqa bir-iki müğənni də vardı, onlar Flora Kərimovaya təklif edirlərmiş ki, bu işdən geri çəkilmə, axıra qədər get. Amma Flora Kərimovanın arxasında güclü bir qüvvə dayanmalı idi və o, bunu tapdı. Daha doğrusu, onlar Floranı tapdı. Bu, mənim ehtimalımdır. 10 gün əvvəldən Rusiyaya gəlmək üçün biletimi almışdım, srağagün səhifəmdə yazıb soruşdum ki, axtarışdayamsa, ölkədən çıxa bilərəmmi? Əgər axtarışdayamsa, aidiyyəti qurumlar məni necə qoydular uçmağa?”

Müğənni Rusiyaya getdikdən sonra bu iddiasının təsdiqini tapdığını qeyd edib: “Mən gəldim Rusiyaya, gördüm ki, mənim ehtimallarım öz təsdiqini tapıb. Sosial şəbəkələrdə paylaşırlar ki, Binəqədi Məhkəməsinin sədri Araz Kazımov Sibel Can Bakıya gəldikdə ona və Ruhi Əliyevaya əl çalır. Deməli, onun Ruhi Əliyeva ilə dostluğu var imiş. Düzdür, məhkəmə sədri konsertə gedə bilər, amma hamımız bilirik ki, Sibel Canı Bakıya dəfələrlə Ruhi gətirib. Bu konsertdə isə Sibel Can baş rolda iştirak edirdi: Onu qarşılayır, səhnənin kənarına əl-ələ çıxırlar və s. Deməli, bu sifarişli məhkəmədir. Məhkəmə sədrinə nə desələr, onu da edəcək. Gördüm ki, mənə torba tikilir, amma mən Rusiyaya buna görə gəlməmişəm. Geri qayıdıb mübarizəmi davam etdirəcəyəm. Ülviyyə Alovlu adlı jurnalist dəfələrlə bu barədə yazıb. O, Yasamal rayonuna qeydiyyatda olduğu halda Flora Kərimova onu Binəqədidən məhkəməyə verib. Burada onun hüquqları pozulub. Ülviyyə Alovlu məhkəməyə verilirsə, o, Yasamala çağırılmalı idi, necə olur ki, o, Binəqədi məhkəməsinə çağırılır? Flora Kərimovaya “krışa”lıq edən Binəqədi rayon məhkəməsidirmi? Bunu ikinci sinifdə oxuyan uşaq da başa düşər. Necə olur ki, Flora Kərimova iki insanı məhkəməyə verir, hər iksi Binəqədi rayon məhkəməsinə çağırılır?! Deməli, qanun söhbəti kağız üzərindədir, kimin ürəyi necə istəyirsə, qanunu o cür fırlada bilir. Flora Kərimova və Afət Fərmanqızı məhkəməsi də kağız üzərində məhkəmədir”.

Xatırladaq ki, Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət Xalq artisti Flora Kərimova tərəfindən verilib. Onun sözlərinə görə, Afət Fərmanqızı müğənninin şərəf və ləyaqətini təhqir edib. Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.