Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qara qutularının şifrəsinin açılmasında iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər Braziliyaya gələcəklər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Braziliya Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
“Qazaxıstanın Təyyarə Qəzalarının Araşdırılması Departamentinin sorğusuna cavab olaraq bildiririk ki, Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü Əlavəsinə uyğun olaraq, Departamnetin üç nümayəndəsi, həmçinin Azərbaycan və Rusiyadan dəvət olunmuş mütəxəssislər məlumatların şifrəsinin açılması prosesini izləyəcək”, – məlumatda deyilir.
“Qara qutu”lar Braziliyaya dekabrın 31-də çatacaq. İşlər tamamlandıqdan sonra çıxarılan məlumatlar beynəlxalq qəza araşdırması protokollarına uyğun olaraq bu hadisənin araşdırılmasına cavabdeh olan Qazaxıstanın Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək”, – deyə Braziliya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.