Qarabağ dərsi: Rusiya hava müdafiə sistemini yeniləyirbackend

Qarabağ dərsi: Rusiya hava müdafiə sistemini yeniləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri Ermənistanla Azərbaycan arasında Qarabağdakı müharibənin təcrübəsini ətraflı şəkildə təhlil edir. Bu komplekslərin Türkiyənin “Bayraqdar TB2″ zərbə pilotsuz təyyarələri qarşısında köməksiz qalması öyrənilir. Hərbçilər belə qənaətə gəliblər ki, böyük olmayan dronlarla mübarizə üçün yeni komplekslər işlənib hazırlanmalıdır.

NOCOMMENT.az Virtualaz.org-a istinadla xəbər verir ki, mütəxəssislər əsasən Ermənistan ordusunun silahlanmasında yer alan və Rusiya istehsalı olan və özünü ”yaxşı tərəfdən göstərə bilməyən” hava hücumundan müdafiə sistemləri barədə araşdırma aparır.

Çünki bu komplekslər Türkiyənin “Bayraqdar TB2″ zərbə pilotsuz təyyarələri qarşısında praktiki olaraq köməksiz vəziyyətdə qalmışdı. Eləcə də Azərbaycan Ordusunun digər zərbə dronları ermənilərin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini kütləvi şəkildə sıradan çıxara bilmişdi. Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə qoşunlarının Hərbi Akademiyasının mütəxəssisləri Ermənistan ordusunun silahlanmasında yer alan hava hücumundan müdafiə sistemlərinin kütləvi şəkildə məhv edilməsinin, hava məkanında ”Bayraqdar TB2″ dronlarının praktiki olaraq dominantlıq etməsinin səbəblərini diqqətlə analiz ediblər. Və belə nəticəyə gəliblər ki, “günahın” hamısı Türkiyə dronlarının effektiv səpələnmə sahəsinin (hava hədəfinin özündən radiolokasiya dalğalarını əks etdirməsi radiusu) həddən artıq aşağı olmasındadır. Nəticədə Rusiya HHM kompleksləri onları vaxtında aşkar edə bilməyib və bu səbəbdən dronlar birinci zərbə endirə bilib.

Hərbi Akademiyanın nümayəndələri deyirlər ki, “Buk-M1″, ”Tor-M1″, “Osa-AKM”, “Pantsir” və “Tunquska-M1″ kimi hava hücumundan müdafiə komplekslərinin poliqon sınaqları zamanı onların effektiv səpələnmə sahəsi 0.01 kvadratmetr olan kiçik ölçülü pilotuz aparatlara qarşı o qədər də effektli olmadığı üzə çıxıb. Və ”Bayraqdar”ların da effektiv səpələnmə sahəsi təxminən bu göstəriciyə yaxındır. Rusiya hava hücumundan müdafiə komplekslərinin işə yaramamasının digər səbəbi kimi Azərbaycanın Belarusdan aldığı “Qroza” radioelektron mübarizə vasitəsinin işi göstərilir. Həmin sistem bir çox hallarda “Osa” və ya “Buk” komplekslərinin buraxdığı raketləri hədəfdən azdırıb, yaxud onları uçuşun lap əvvəllərində sıradan çıxarıb.

Hərbçilər belə qənaətə gəliblər ki, böyük olmayan dronlarla mübarizə üçün yeni komplekslər işlənib hazırlanmalıdır. Çünki “S-300” və “S-400” kimi uzaqmənzili hava hücumundan müdafiə komplekslərinin mövqe rayonları dronlardan etibarlı müdafiə edilməsə, onların özü də Türkiyə istehsalı olan dronlar tərəfindən məhv edilə bilər.

Bildirilir ki, Ukraynanın Türkiyədən aldığı “Bayraqdar TB2″ zərbə pilotsuz təyyarələrindən ən azı birinin heç bir maneəyə rast gəlmədən Krım hava məkanına daxil olduğu və Rusiyanın “S-400” zenit-raket komplekslərinin mövqe rayonlarına bir neçə kilometrə qədər yaxınlaşdığı məlumdur. Bu zaman PUA radarlara yaxalanmayıb.

Xatırladaq ki, Azərbaycan Ordusu 44 günlük müharibə ərzində nəinki Ermənistan ordusunun bütün kiçik və ortamənzilli hava hücumundan müdafiə komplekslərini, eləcə də onun silahlanmasında yer alan az qala bütün “S-300” komplekslərini (6 raket atıcı qurğu və kompleksin tərkibinə daxil olan radar, o cümlədən komanda-idarəetmə məntəqəsi) məhv edib. Həmin “S-300” komplekslərinin ən azı birinin “Harop” kamikadze-dronu ilə məhv edildiyi məlumdur.

Bəs bu vəziyyət Rusiyanın Qarabağ müharibəsinin nəticələrinə görə silah bazarında mövqeyini (ilk üçlükdədir) laxlada bilərmi? Hərbi sənaye kompleksini yeniləmə Rusiyaya neçəyə başa gələ bilər?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Musavat.com-a açıqlamasında həm elmi taktiki cəhətdən inkişaf, həm də hərbi sənaye baxımından hər bir müharibənin ölkələrin hərbi sənaye kompleksi üçün bir sınaq olduğunu deyib:

“Bəllidir ki, müharibədə Ermənistan 90 faiz Rusiya istehsalı olan hərbi sənaye kompleksi tərəfindən istehsal olunan silahlardan istifadə edirdi. Azərbaycan da bu müharibədə Rusiya hərbi sənaye kompleksinin istehsalı olan silahlardan kifayət qədər istifadə edirdi. Təbii ki, silahların imkanlarının döyüşlərə görə bu günün tələblərinə cavab vermədiyi haqda biz də bilirik. Hərbi sənaye kompleksi də müəyyən təhlillər aparır, hərbi sənaye kompleksinin məqsədi ondan ibarətdir ki, ən yaxşı silahları istehsal eləsinlər və bu silahlar bazarda özünə yer tuta bilsin. Əlbəttə, hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə məsələləri sahəsində, digər zirehli texnikalarda Ermənistan tərəfi çoxsaylı itkilərə məruz qaldı. Şübhəsiz ki, bizim də müəyyən itkilərimiz oldu. Bu itkilər də ona görə var ki, bu gün həmin texnikalar, müdafiə sistemləri müəyyən tələblərə cavab vermirlər. Ona görə də təbii ki, indi Rusiya hərbi sənaye kompleksi təhqiqatlar aparır, nəticələr çıxarır. Bu təhlillərin nəticəsi, əlbəttə, müəyyən dəyişikliklərin olmasının vacibliyini gündəmə gətirir. Texnikaların gücləndirilməsi məsələsi, hər halda, ortaya çıxarır və bu təbii haldır. Düşünürəm ki, bu, baş verəcəkdir”.

Hərbi ekspert qeyd edib ki, Qarabağda 44 günlük müharibə ilə Suriyadakı və bu kimi ölkələrdəki müharibəni müqayisə edəndə və digər bu kimi bölgələri götürsək, Rusiya istehsalı olan texnikaların daha çox məhz Qarabağ müharibəsində istifadə olunduğu ortaya çıxır:

“Suriyada Qarabağda olduğu qədər Rusiya istehsalı olan hərbi texnikadan istifadə olunmayıb. Qarabağ müharibəsində məhdud bir ərazidə çoxsaylı böyük texniki vasitələrindən, müdafiə sistemindən olundu. Bu zaman isə həmin silahların ortaya çıxan çatışmazlıqları, zəiflikləri artıq göründü. Bununla əlaqədar təbii ki, Rusiya hərbi sənaye kompleksi də öz işində müəyyən dəyişikliklər aparmalıdır. Çünki bunu etməsə Rusiya hərbi sənaye kompleksi bazara öz məhsulunu çıxara və alıcı tapa bilməz və bazarda yerini itirər. Ümumiyyətlə, Dağlıq Qarabağ müharibəsi Rusiya hərbi sənaye kompleksinə çox mənfi təsir göstərdi. Ona görə ki, artıq bəzi silahların çatışmazlıqlarının olması və müasir tələblərə uyğun olmaması ortaya çıxdı. Bu silahların başqa bir hərbi elmi texniki imkanlarını bir daha götür-qoy edib istehsalın bu yanaşmadan davam etdirilməsinə zərurət yaranıb. Əlbəttə, mən deməzdim ki, Rusiya hərbi sənaye kompleksinə ciddi maddi zərər vuracaq yenilənmə. Müəyyən qədər maliyyə sərf olunacaq, lakin bu maliyyə texnikaların gücləndirilməsinə gətirəcəyi üçün itirilmiş maliyyə sayılmayacaq. Əksinə, gələcəkdə müasirləşmiş hərbi sənaye məhsullar bazarda özünə yer tutanda ölkə qazanc əldə edəcək. Qarabağ müharibəsi Rusiya hərbi sənayesinin inkişafına bu mənada perspektiv açmış oldu. Bundan Rusiyanın hərbi sənaye kompleksi qazanacaq. Çünki bu müharibə onlara real çatışmazlıqları görmək və inkişaf üçün addımlar ataq imkanı vermiş oldu”.