Azərbaycan vətəndaşları işğaldan azad olunan ərazilərə turist kimi səfər etmək arzusundadırlar. Bu, yaxın və uzaqda, şəhər və rayonda, ucqar dağ kəndində və ya aranda yaşamasından asılı olmayaraq hər bir vətəndaşımızın ürəyindən keçir. Əgər dünənə qədər vətəndaşlar öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər edə bilirdilərsə, artıq bu siyahıya Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə də əlavə olunub. “Böyük Qayıdış” proqramı ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün istiqamətləri genişləndirməkdədir.
Amma səfər etmək istəyənlərin hamısının içində cavab axtardığı “Qarabağa necə gedək?” sualı var.
NOCOMMENT.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
Maksimum doqquz nəfər üçün icazə alına bilər
Mayın 20-dən etibarən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə yuxarıda qeyd edilən yeni istiqamətlərə də səfər edə biləcəklər. Fərdi minik avtomobillərində səfər üçün bir sürücü olmaqla, maksimum doqquz nəfərə alına bilər. Rəsmiləşdirilən icazələr iki gün müddətində etibarlı olacaq. Vətəndaşlar həmçinin, portal üzərindən səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat da əldə edə bilərlər. Həmin ərazilərdə iki gündən çox qalmaq istəyən vətəndaşların portal üzərindən yenidən müraciət edib icazələrini daha iki gün uzatmaları mümkündür.
Qeyd edək ki, işğaldan azad edilən istiqamətlərə avtobus marşrutları da var. Vətəndaşlar həmin istiqamətlərə müntəzəm reyslər üzrə biletləri onlayn qaydada “biletim.az” portalı üzərindən əldə edə bilərlər. Məsələn, Bakıdakı Beynəlxalq Avtovağzaldan Bakı-Laçın-Xocalı-Xankəndi-Şuşa istiqaməti üzrə gündəlik reyslər (16.33 AZN) sərnişinləri hər gün qeyd edilən bölgələrə daşıyır.
Füzuli, Zəngilan, Laçında tikilən beynəlxalq hava limanlarının azad edilən ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayacağı şəksizdir. Hazırda Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib (Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir). Bakı-Zəngilan/Zəngilan-Bakı, Bakı-Laçın/Laçın-Bakı istiqamətində uçuşlar isə hələlik həyata keçirilmir.