Qarabağda minatəmizləmə işləri necə gedir? – AÇIQLAMAbackend

Qarabağda minatəmizləmə işləri necə gedir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri davam etdirilir. Prezidentinin tapşırığı ilə ANAMA, Müdafiə Nazirliyinin mühəndis istehkam qoşunları, Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu və Dövlət Sərhəd Xidmətinin mina təmizləyənləri bu işi həyata keçirirlər”.

NOCOMMENT.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

Onun sözlərinə görə, ərazilərimiz işğal dövründə kütləvi şəkildə minalanıb. Hazırda əsas infrastruktur layihələrinin həyata keçirildiyi ərazilər prioritet təşkil edir:

“Buraya dəmiryolları və avtomobil yolları daxildir. Ağdam şəhərinin daxilində təmizləmə işləri aparalıb. Orada müəyyən layihlər həyata keçirilir. Minatəmizləmə işlərində ciddi problem yoxdur, sadəcə olaraq hava şəraiti bəzən əlverişsiz ola bilir. İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə aparılır. Bundan əlavə, qeyd edim ki, minaların təmizlənməsi əməliyyatlarında həm məsafədən idarə olunan robot texnologiyasından, həm də digər mexanizmlərdən istifadə olunur”.

H.Səfixanov minatəmizləmə işlərində dronların xüsusi rol oynadığını vurğulayıb:

“Dronlar ötən ildən ölkəmizə gətirilib və bəzi rayonlarda sınaqdan keçirilib. Sınaqlar uğurlu olduğu üçün artıq bir neçə gündür ki, Talış, Suqovuşan və Çaylı kəndi ərazilərində minaların yerlərinin müəyyən edilməsi işləri aparılır. Hesab edirik ki, dronlarla minaların yerinin müəyyənləşdirilməsi ümumi işin sürətlənməsinə müsbət təsir edəcək.

Eyni zamanda vətəndaşlara müraciət edərək, onları azad olunmuş ərazilərə qanunsuz səfərlərdən çəkinməyə çağırıram. Həmin ərazilərdə infrastruktur layihələrində çalışan insanlar isə onlara verilən təlimatlara ciddi şəkildə əməl etməlidirlər”.

Mütəxəssis Qarabağın minalardan təmizlənməsin üçün qüvvələrin səfərbər edildiyini vurğulayıb:

“Hazırda nəyə gücümüz çatırsa, onu da edirik. Məlum olduğu kimi, bütün qüvvələr səfərbər edilib. Maşın mexanizmləri fəaliyyət göstərir. Türkiyədən daha 12 MEMATT tipli minatəmizləyənlər gəlir. Maşın mexanizmləri  nizamlı qüvvədir. Azərbaycanın nəyə gücü çatırsa, hamısını səfərbər edib. Bu istiqamətdə Azərbaycana kənardan ciddi dəstək yoxdur. Hansısa şirkət gəlib minatəmizləmə işində iştirak etmir. Biz öz imkanlarımız daxilində minatəmizləmə işlərini həyata keçiririk”.

Qeyd edək ki, Böyük Britaniyanın RPS Energy Ltd. şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar Qarabağda mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub. Müvafiq razılaşma Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə əldə olunub.

ANAMA və RPS Energy Ltd. arasındakı razılaşmaya əsasən layihə çərçivəsində keçən il ərzində süni intellektin istifadəsi ilə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib.

Dronların üzərindəki geniş spektorlu (Multispectral), termal (Thermographics) və yüksək dəqiqli (RGB) kameralar bir- birini tamamlayaraq, ərazi üzrə məlumatların toplanılmasını təmin edir. Əldə edilən məlumatlar xəritə üzərində emal edilir və təhlil edilən ərazinin hansı növ partlayıcı qurğularla çirklənmə səviyyəsini müəyyən etmə imkanı yaradır.