Qarabağda muzdlu mifi darmadağın oldu: SƏKKİZ ARQUMENTbackend

Qarabağda muzdlu mifi darmadağın oldu: SƏKKİZ ARQUMENT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda müharibə aktiv fazaya keçəndən sonra Avropa və Rusiya mətbuatı Yaxın Şərq muzdlularının hərbi əməliyyatlarda iştirak etməsi barədə məlumatlar yaymağa başladı. Onların əksəriyyəti isə yaraqlıların Qarabağa guya Türkiyənin əmri ilə gəldiyini iddia edirdi.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, “PONARS Avrasiya” saytı “Qarabağdakı suriyalı muzdlu mifini təkzib edən səkkiz bənd” adlı məqalədə Yaxın Şərq yaraqlılarının münaqişəyə Azərbaycan tərəfindən qatılma ehtimalının mümkünsüzlüyünü təhlil edib.

Sayt bildirib ki, xarici muzdluların və döyüşlərdə iştirak edən yaraqlıların sayı barədə məlumatlar əsassızdır, çünki:

BİRİNCİSİ: Qarabağda ermənilərə qarşı vuruşan minlərlə “əlavə” hərbi personal barədə məlumatlar mənasızdır. Əksər məqalələrdə muzdlu sayının təqribən min, BBC və “Qardian” isə 4 min olduğunu iddia edir. Rəsmi Bakıdan yüzlərlə, hətta minlərlə “gizli” yaraqlının daşıması və yerləşdirməsi üçün mürəkkəb logistika sistemi tələb olunardı. İddia olunan muzdluların sayı nə qədər çox olsa, internetdə foto və ya videoların görünməsi ehtimalı bir o qədər yüksəkdir. Lakin biz foto və videolara rast gəlmirik.

İKİNCİSİ: Azərbaycanın Suriyadan olan muzdlulara ehtiyacı yoxdur. Çünki onlar hərbi ixtisasları baxımından Azərbaycan ərazilərində döyüşmək üçün uyğun deyillər. Belə ki, suriyalılar Suriya, Liviya və Əfqanıstanda, eləcə də digər səhralıq landşaftlarda təcrübəyə sahibdirlər, lakin sözügedən münaqişə bölgəsi dağlıq və meşəlikdir.

ÜÇÜNCÜSÜ: Döyüşlərdə effektiv olmaq üçün əsgərlərin bir-birini anlaması vacibdir. Azərbaycan dili ərəb dilinə bənzəmir və əcnəbiləri nizami orduya qəbul etmək o qədər də asan deyil. Muzdlu şəxsin döyüşdüyü ordunun əsgərinə atəş aça biləcəyi ilə bağlı ciddi təhlükə də var.

DÖRDÜNCÜSÜ: Suriyalı muzdluların əksəriyyəti sünni təşkilatlardandır və onların şiəliyin çoxluq təşkil etdiyi Azərbaycan uğrunda mübarizə aparması qeyri-təbii olardı.

BEŞİNCİSİ: Heç bir hökumət muzdluları cəlb etmək istəməz. Onlara nəzarət etmək çətindir və onlar yerli əhali üçün təhlükəli ola bilərlər. Azərbaycanda muzdluların cəlb edilməsinə qarşı çox ciddi qanun — 25 il azadlıqdan məhrumetmə cəzası var.

ALTINCISI: Bu, İrəvanın Bakıya qarşı ilk ittihamı deyil. Hələ 2016-cı ildə Dağlıq Qarabağdakı Aprel müharibəsindən sonra erməni mediası döyüşlərdə Azərbaycan tərəfindən İŞİD-in “iştirak etməsi” ilə bağlı xəbərlər yayırdı. Daha sonra bunun yalan olduğu ortaya çıxdı.

YEDDİNCİSİ: Son iki onillikdə Azərbaycan antiterror koalisiyalarının fəal üzvüdür. ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinin 2019-cu ildə öz ərazilərində terrorçuların insan, pul və materialları daşımaq cəhdlərinin aşkar edilib qarşısının alınması üzərində fəal işlədiyi barədə məlumatlar var. Azərbaycan Ordusu Kosova, İraq və Əfqanıstanda aparılan əməliyyatlarda Britaniya və ABŞ hərbçiləri ilə yanaşı iştirak edib.

SƏKKİZİNCİSİ: Muzdluların münaqişə zonasından real foto və ya videoları yayılsaydı, bu, rəsmi Bakının etibarlı regional və beynəlxalq koalisiya tərəfdaşı kimi nüfuzuna ciddi zərbə vurardı.

Yekun: Bütün bunlar Azərbaycan Ordusunun tərkibində muzdluların olması ilə bağlı iddiaların boş və əsassız olduğunu göstərir.