Qarabağda sökülən evimizi İranda tapdım…backend

Qarabağda sökülən evimizi İranda tapdım…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1937-ci ildən bəri bu atamın və bacısı uşaqlarının ilk görüşü idi. Həyəcandan ürəyim titrəyirdi. Mənim atam, onunsa anası yox idi artıq. Biz fani dünyada birtəhər baş girələsək də, onlar əbədi dünyanın sakinləri olmuşdular.

Amma biz var idik. Dayıoğlu və bibioğlu. Mən dayı oğlu idim. O isə mənim atamın bacısı oğlu idi. Bir-birimizi heç zaman görməmişdik. Əslində, mənim atamla onun anası da heç bir-birlərini o qədər çox görməmişdilər. Onun anası 1937-ci ildə Sovet Azərbaycanı ilə İran Azərbaycanı arasında tikanlı məftillər çəkiləndə əlaqələr birdəfəlik itmişdi. Beləcə, hər ikisi taleyin hökmünə boyun əyib boynubükük qalmışdılar…

Bir-iki dəfə onun anası mənim atama fars əlifbasında, bir-iki dəfə də mənim atam onun anasına kirill əlifbasında məktublar göndərmişdi. Onlar bir-birinə yazdığı dillərdən anlamadıqları üçün bu məktublardan heç nə anlamamaşdılar.

Sonradan məktubların arası kəsilmişdi. Görünür, heç kim mənasız yerə özünə əziyyət vermək istəməmişdi…

İllər keçsə də, mənim atam məzmununu başa düşmədiyi o məktubları əziz bir xatirə kimi saxlayırdı. Əslində, o məktbularda nə yazıldığını öldüyü günə kimi bilmədi. Amma o kağız parçalarına on illər əvvəl itirdiyi bacısının ruhu hopmuşdu. Buna adı kimi əmin idi. Və təsəlli üçün bu ona bəs ediridi.

Öpüb gözünün üstünə qoyurdu, əzizləyirdi rəngi çoxdan solmuş o məktubları.

Aradan illər keçdi. Sən demə, atam bacısını çoxdan itiribmiş. Bir bacı bu dünyadan qardaş niskili ilə köçübmüş. Atam da bir neçə il sonra dünyasını dəyişdi. Bu dünyada bir-birinə həsrət qalan bacı-qardaş o dünyada qovuşdu. Fələyin belə işləri çox olur…

Sovet İttifaqı da dağıldı. Qarabağ müharibəsinin birinci dalğası başa çatdı.

Birinci mərhələdə biz uduzduq. 30 il məğlub yaşadıq. Yurdlarımız talan olundu…

Müharibənin birinci mərhələsi bitdi. Atəşkəs və bir az sabitlik oldu. Hamı İrana gedib gəlirdi. Mən də atamın ölmədən öncəki vəsiyyətini xatırladım: “Sənin Arazın o tayında ən yaxın qohumların var, onları mütləq axtar tap”.

Atamın vəsiyyəti idi, necə əməl etməyə bilərdim?!

Axtarmağa qərarı verdim. Çünki artıq bu o qədər də çətin deyildi. Həmin vaxt İrandan Azərbaycana gələn çoxsaylı soydaşlarımız vardı. Elə ilk cəhddə müəyyən ünvanlar tapdım. Sələmə pul tapıb İrana getdim. Ünvan Parsabad şəhəri idi.

Atamın bacısı bu şəhərdə yaşamış və vəfat etmişdi. Onun uşaqları da burada yaşayırdı.

Dəm-dəsgahla, Allahın verənindən pay-pürş alıb Parsabada yola düşdüm.

Öncədən mənə məlum olan ünvanlara gələcəyim haqda məlumat vermişdim. Ona görə də avtovağzalda düşəndə məni qohum-əqrəbam qarşıladı. Böyük həyəcan və göz yaşları ilə bir-birimizə sarıldıq. Mən həqiqətən də çox səmimi idim. Elə onlar – bibim uşaqları da. Bibimin 3 oğlu gəlmişdi məni qarşılamağa. Üçü də məni qucaqlayıb doyunca ağladılar. Ağlamaqdan göz yaşlarım qurudu. Ata və analarımızın göz yaşlarını biz axıtdıq. Zarafat deyildi. Əsrin yarıından çoxu ayrı qalmış və bir-birini son 50 ildə vəfat edənə kimi görməmiş bacı və qardaşların uşaqları idik. Bu səhnəni ən mahir kinorejissor da ekranlaşdıra bilməz. Hansı ki, mən də indi o hissləri sözlərlə çatdıra bilmirəm. Bəzən söz insan hisslərini ifadə etməkdə aciz qalır. Bax, sözün aciz qaldığı bir səhnə idi. Yaşamayanlar bilməz…

Beləcə sarıldıq, ağladıq, kiridik. Onillərin həsrətini göz yaşlarımızla yuduq. Mənə elə gəldi ki, dünyada bundan gözəl gün, bundan ülvi hiss yoxdur. Həsrətlilər qovuşmuşdu.

Nə biləydim ki, atamın onillərdən bəri həsrətində olduğu bu görüş mənim üçün cəhənnəm əzabına çevriləcək…

Bu haradasa 1998-ci il idi.

Birinci Qarabağ müharibəsinin səngiməsindən 4 ilə yaxın vaxt keçmişdi. Torpaqlarımızı itirmişdik. Atəşkəs elan olunmuşdu. Biz məğlub tərəf idik. Doğma yurdum ermənilərin əlində idi. O torpaqlardan heç bir xəbər yox idi. Amma hər gün o torpaqları yuxularımda görürdüm. İçim yanırdı, niyə məğlub olduq, niyə ata torpaqlarımızı itirdik deyə əzab çəkirdim.

Atamın ən aktiv, diribaş bacısı oğlu – Muxtarla dil tapdıq. Onunla ürəyimiz bir-birimizə isindi. Elə ona görə də qərar vedim ki, atamın bacısının bu oğlunun qonağı olum. İrana 3 günlük gəlmişdim.

Muxtarın evinə getdim. Düşərgəm onun evi oldu. O biri bibi uşaqları da yaxın – qonşu imiş. Gecə bütün qohum əqrəba, yaxın və uzaqlar məni görməyə gəldi. Onlara Şurəvidən gəlmiş ilk qonaq idim axı.

Mən atamın, Muxtar da anasının xatirələrindən danışdı. O mənə anasının, mən də atamın gənclik, ortayaş və yaşlılıq günlərindən söhbət etdim…

Sonra Muxtar təklif etdi ki, fotoalboma baxaq. Bu albomu bibim lap gənc yaşlarından tutubmuş. Orada atamla onun uşaq vaxtlarının birgə olduqları dövrləri əks etdirən çoxlu görüntülər vardı. Qız övladları, bacılar nəsillərin arxivi kimidir. Atamda olmayan fotolar, görüntülər orada vardı. Mənim üçün duyğysal anlar yaşatdı bu görüntülər.

Sonra Muxtar özünün fotoalbomunu göstərdi.

O yük maşını sürürdü. Bəzən həftlərlə evdən çıxır, Çindən tutmuş Avropaya qədər “Volvo” yük maşınını sürürdü. Dediyinə görə pis də qazanmırdı.

Albomu vərəqləyirik. Muxtarın dünyanın ən müxtəlif yerlərində çəkilmiş fotolarına baxırıq. Elə bu məqamda onun bir fotosu diqqətimi cəlb edir. Bu yer mənə tanış gəlir nədənsə…

Gözümün qabağına böyüduyum, iməklədiyim, pilləkənlərindən yıxıldığım və düşmənlərin işğal etdiyi evimiz gəlir. Amma bu o ola bilməz deyə düşünürəm…

Muxtardan soruşuram ki, bəs bu şəkil harada çəkilib…

Deyir ki, Qarabağda çəkilib. 3 il əvvəl. Ermənilər işğal etdiyi Azərbaycan torpqlaında ucuz qiymətə tikinti materiallları satırdı. Mən də evlilik yaşına çatan oğlum üçün ev tikmək fikrində idim. Dostlar dedilər ki, ucuz bir variant var. Getdim Qarabağa və ermənilər bu evi 500 dollara mənə satdılar. Dedilər ki, pulunu ver, bu evin hər bir materialını sök apar. Mən də pulumu verdim və evi söküb gətirdim.

İndi burada həmin evin materialları ilə bir ev tikmişəm. Oğlumu da evləndirib ora köçürdüm…

Dedim sabah oğlunun evgörməsinə gedək. Razılaşdı.

Sabahı günü Muxtarın oğlunun evinə getdik. Oğlu ilə tanış olduq. Ev ilə zatən tanış idim. Mən uşaqlıqda bu evin hər bir daşına toxunmuşdum. Hər bir kubikinə ayağım dəymişdi. O daşlara yenidən əllərimlə toxundum, ruhumla hiss etdim. İçim param – parça oldu. Amma içimdəkiləri deyə bilmədim. Onları bu onilliklərdən sonra sırf atamın xatirinə qırmaq istəmədim…

Sabahı gün təcili işim çıxdı deyib onları həmişəlik tərk etdim.

Bibim oğlunun mənə göstərdiyi foto kimi mənim də bir fotom var. O da eyni yerdə, eyni evin, eyni pilləkənin üstündə çəkilib. Bu bizim evimiz idi…

Elnur Məmmədli

Yenisabah.az