Qarabağda sülhyaratma prosesi ləngiyir – SƏBƏBLƏRbackend

Qarabağda sülhyaratma prosesi ləngiyir – SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçı qüvvələrin mütəmadi şəkildə atəşkəsi pozması, İrəvanın Azərbaycan tərəfindən edilən təkliflərə destruktiv yanaşma sərgiləməsi sülhyaratma prosesini ləngidir.

Bəs, Ermənistan nə vaxtadək sülhdən qaça biləcək? Gedişat nə ilə nəticələnəcək?

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, əslində sualın cavabı Rusiya-Ukrayna müharibəsindən asılıdır.

Onun fikrincə, müharibə dünyaya yeni düzən gətirəcək: “Rusiya-Ukrayna müharibəsi faktiki olaraq dünyada yeni düzənin formalaşması ilə nəticələnəcək. Yeni düzən, həmçinin bizim regiona da öz təsirini göstərəcək. Bizim Ermənistana verdiyimiz təkliflər arasında əsas məsələlər sərhədlərin tanınması və təhlükəsizliklə bağlı idi. Əlbəttə, yolların və dəhlizlərin açılması məsələsi, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də sülh sazişinin hazırlanması üzrə işçi qrupunun yaradılması da bunların bir hissəsi idi. Amma bizim üçün ən vacib olanı ərazi bütövlüyünün tanınması və iki dövlət arasında bir-birinə təhlükəsizlik zəmanəti verilməsidir”.

Onun sözlərinə görə, ermənilər bu dəfə də müxtəliffəndli cavablara əl atıblar: “Onlar bildiriblər ki, guya 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma eyni zamanda, onlar öz aralarında onu da qeyd edirlər ki, Qarabağın dağlıq hissəsi bütün ölkələrdən qabaq – 1989-cu ildə SSRİ-dən ayrılıb və ərazinin sərhədlərin tanınmasına aidiyyəti ola bilməz. Belə görünür ki, Qarabağ problemində həm ermənilər, həm də onların havadarları fərqli mövqe tuturlar. Xüsusilə Fransa ATƏT-in Minsk qrupunu yenidən canlandırmağa çalışır. Bu canlandırma prosesində rusiyalı həmsədrin yerinə hansısa başqa şəxsin əyləşdirilməsi məsələsində Azərbaycanla anlaşmaq istəmirlər”.

Politoloq bildirib ki, Azərbaycan Minsk qrupunun yeni həmsədri kimi Türkiyəni görmək istəyir: “Amma təəssüflər olsun ki, Fransa da, ABŞ da bu məsələyə razılıq vermir və prosesi uzatmağa çalışırlar. Necə olursa-olsun sülhyaratma prosesində fasilə əmələ gəlib. Fasilə hər şeydən əvvəl həm Ermənistanın, həm də Qarabağın dağlıq hissəsində yaşayan separatçıların, eləcə də onların Rusiyada, Fransada, ABŞ-da olan havadarlarının bu ideyanı, yəni “Dağlıq Qarabağ Respublikası” ideyasını yenidən canlandırmağa cəhd etmələridir. Azərbaycan məsələnin belə qoyuluşu ilə qətiyyən razı deyil və bütün hallarda ona qarşı özünün əks mövqeyini qoyacaq. Bütün bunlar göründüyü kimi sülhyaratma prosesini uzadır”.