Qarabağın hərbi yolla azad edilməsi üçün hazırlıq gedir – Politoloqbackend

Qarabağın hərbi yolla azad edilməsi üçün hazırlıq gedir – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəkı çıxışında müxtəlif mövzulara toxundu. Dövlət başçısının çıxışından bu qənaətə gəlmək olar ki, Qarabağ danışıqlarının davamının Azərbaycan üçün faydası yoxdur və torpaqların güc yolu ilə azad olunmasına hazırlıq gedir.”

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Avropa.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında dediyi “Biz sona qədər bir yerdəyik” sözlərini xatırladıb.

“Prezident Türkiyə ilə strateji tərəfdaşlığıa önəm verdiyini bir daha vurğuladı. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın xüsusi olaraq ona söylədiyi fikirləri xatırlatdı: “Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Biz sona qədər bir yerdəyik”. İlham Əliyevin bu sözlərindən aydın oldu ki, Azərbaycan Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmağa hazırdır. Elə sərhəddəki insident zamanı müdafiə nazirinin Ankaraya göndərilməsi prezidentlərin telefon söhbətindən sonra reallaşmışdı.

Prezident İlham Əliyevin daha sonra işğal altındakı torpaqlarla bağlı yanaşmasında diqqəti çəkən cümlələri oldu: “Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar”.

Dövlət başçısının sözlərindən bu qənaətə gəlmək olar ki, danışıqların davamının Azərbaycan üçün faydası yoxdur və torpaqların hərbi yolla azad olunmasına hazılıq gedir. Ancaq budəfəki hərbi əməliyyat 2016-cı ilin əməliyyatına bənzəməməlidir, yəni kiçik ərazinin azad olunmasıyla kifayətlənə bilmərik, prezidentin də dediyi kimi “yarımçıq həll” Azərbaycanın maraqlarına cavab vermir. Bu mənada prezidentin Şuşanı xatırlaması sıradan deyildi. Azərbaycanın Dağlıq Qarabağ istiqamətindəki zərbəsi Dağlıq Qarabağ ətrafındakı 5 rayonla yanaşı Şuşa, Laçın və Kəlbəcərin də azad olunmasını sürətləndirməlidir.

Prezientin çıxışının bu hissəsi ona görə vacib idi ki, ictimaiyyət Tovuz döyüşlərdən sonra işğal altındakı torpaqların azad olunmasını tələb edir. İlk baxışdan Ermənistandakı daxili vəziyyət, o cümlədən beynəlxalq mühit də hərbi əməliyyata başlamaq üçün Azərbaycan üçün münbit zəmin yaradır. Prezident də Azərbaycan cəmiyyətinin və beynəlxalq aləmin dəstəyindən məmnun qaldığını gizlətmir. Ancaq prezident son qərarı vermək üçün başqa amilləri də nəzərə almaq məcburiyyətindədir. Bu amillər içərisində Azərbaycanda qarışıqlıq yaratmaq istəyən güclərdən tutmuş xarici mərkəzlərin işğalçıya dəstəyinə qədər amillər var. Müharibə başlayacağı təqdirdə bu risklər ortadan qaldırılmalıdır.

Buna baxmayaraq, Azərbaycan prezidentinin fikri qətidir: Müharibə qaçılmazdır. Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə də ciddi mesajdır ki, onlar Azərbaycan torpaqlarını azad etmək istəmirlərsə, müharibə və itkilərlə üzləşməli olacaqlar” – Elxan Şahinoğlu belə deyib.