Qarabağlı deputatlar: İnsanlar geri qayıtmaq üçün əmr gözləyirlərbackend

Qarabağlı deputatlar: İnsanlar geri qayıtmaq üçün əmr gözləyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində işğaldan azad olunmuş ərazilərlə bağlı çox mühüm fikirlər səsləndirib.

Ölkə başçısının toxunduğu vacib məqamlardan biri də məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması ilə bağlıdır.

“Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər – öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik”, – deyə Prezident bildirib.

NOCOMMENT xəbər verir ki, modern.az-ın əməkdaşı işğaldan azad edilmiş rayonların deputatları ilə əlaqə saxlayaraq, məcburi köçkünlərin Qarabağa qayıtması barədə hər hansı müraciətlərin olub-olmadığını soruşub.

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov deyir ki, Xocalıya qayıtmaq üçün müraciət edən xocalılılar var: “Mən də məcburi köçkünəm. 28 ildir ki, ata-baba yurdumun, əzizlərimin doğulduğu, yaşadığı yerlərə həsrətəm. Şərait yaradılan və təhlükəsizliyimiz təmin olunan kimi, dövlətimizin “geri qayıt” əmri həyata keçən zaman ilk növbədə mən və bütün xocalılılar yurd-yuvalarımıza qayıdacağıq.
Uzun illər dogma torpaqlarımızın həsrəti ilə yaşamışıq. Bütün bu illər ərzində xalqımızın, dövlətimizin apardığı mübarizə və görülən işlər hansı məqsəd üçün edilirdi?! Torpaqlarımız nə üçün azad olunub?! Bu qədər şəhid vermişik. Biz o torpaqları azad edib ərazi bütövlüyümüzü təmin etmişik ki, hər kəs öz ata-baba yurduna qayıdıb yaşasın. Bir məcburi köçkün kimi bunu səmimi deyirəm. Hamımız bu arzu ilə yaşamışıq. Bir nəfər kimi də Xocalıya gedib yaşayacağıq”.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatı İmamverdi İsmayılovun sözlərinə görə, vətənini, torpağını sevən insanların başlıca arzusu o torpaqlara qayıtmaqdır: “Seçicilərim nəinki qayıtmaqla bağlı müraciət edir, artıq getmək üçün yol üstə dayanıblar. Hətta insanlar mənə deyir ki, uçulmuş, dağıdılmış yerləri dırnaqları ilə qurub-yaratmağa hazırdırlar. İnsanlar bu torpaqlara qayıtmaq üçün illərdir ki, bu günü gözləyirdi. Allah cənab Prezidentimizə can sağlığı versin. Məcburi köçkünləri köçkünlük statusundan azad etdi. Mən də məcburi köçkünlərlə birgə torpaqlarımıza qayıtmaqla bağlı əmri gözləyirəm. Əmr verilən kimi, böyük qayıdış başlayacaq. Böyük qayıdış böyük quruculuq deməkdir. Öz torpaqlarımızda cənab Prezidenti böyük hörmət və ehtiramla, duz-çörəklə qarşılayacağıq”.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas bildirib ki, Ağdama qayıtmaqla bağlı çoxlu müraciətlər olur: “Hətta həmin insanların adlarını da çəkə bilərəm. Düşünürəm ki, qayıtmaq istəməyənləri belə məcbur qaytaqmaq lazımdır. Biz o torpaqlar uğrunda müharibə aparmışıq. İnanıram ki, insanlarımız könüllü olaraq o torpaqlara qayıdacaq. Bir deputat kimi mənə müraciətlər olurdu ki, “Ağdamın qəsəbəsində bizə torpaq versinlər, gedib orada yaşayaq. Neynirik Bakıda binanı?!”. Belə müraciətlər çox olur. Ən aşağısı insanların 80%-i Qarabağa qayıdacaq. Qayıtmaq istəməyənləri də mindirirsən avtobusa, aparıb tökürsən Ağdama, Şuşaya, Füzuliyə. Biz o torpaqların illərdir ki, həsrətini çəkirdik. Əminəm ki, hamı qayıdacaq”.

121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə 7-dən 77-yə hər gün vətənə qayıtmaqla bağlı xəbər eşitmək istəyənlərin olduğunu xüsusi qeyd edib: “Bir gün dövlət başçısının göstərişinə əsasən, bu insanlar o torpaqlara, öz ata-baba yurdlarına geri qayıdacaqlar və orada çalışacaqlar. Yenə də Laçının daimi sakinləri kimi yaşayacaqlar. Hər gün istər onlayn formada, istər mobil telefon vasitəsilə istər Facebook, istərsə də canlı görüşlərimizdə nə zaman vətənə qayıdacaqlarını, evlərinə dönəcəklərini soruşurlar. Bir məsələ də var ki, insanların ora qayıtmasını təmin etmək üçün ölkə başçısının da qeyd etdiyi kimi, təhlükəsizlik məsələləri həll olunmalıdır. Ərazilər minalardan təmizlənməli, kommunikasiya qurulmalı, yol, qaz işıq, su xətləri çəkilməli və bundan sonra insanların ora qayıtması təmin olunmalıdır. Cənab Pezidentin sualına cavab olaraq qəti əminliklə deyə bilərəm ki, nəinki laçınlılar, işğaldan azad edilmiş bütün rayonların sakinləri o torpaqlara qayıtmaq fikrindədirlər”.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov da həmyerlilərinin Qarabağa qayıtmaq istəklərindən danışıb: “Bizim insanlar tez bir zamanda o torpaqlara qayıdacaqları günü gözləyirlər. Bununla bağlı mənə müraciətlər həddindən artıq çoxdur. Hətta bəziləri deyir ki, biz özümüz də gedib orada ev tikib yaşamağa hazırıq. Bəzən məcburi köçkünlərin qayıtması ilə bağlı yanlış fikirlər səsləndirilir. Ancaq Cəbrayıl-Qubadlı zonasının insanları konkret olaraq gedib yaşayacaqlar. Hətta elələri var ki, çadırda, quru yerdə yaşamağa razı olduğunu bildirir. İnsanlar o torpaqlarda yaşamağa, iş qurmağa hazırdırlar. Bakıda doğulanlar belə o torpaqlarda gedib yaşamaq arzusundadır”.