Qaradağın icra başçısı: Allahşükür Paşazadənin qərarı ilə məsciddə artıq sünni azanı verilməyəcək – QALMAQALbackend

Qaradağın icra başçısı: Allahşükür Paşazadənin qərarı ilə məsciddə artıq sünni azanı verilməyəcək – QALMAQAL  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dindarlar müraciətlərində Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılovun Müşfiqabad məscidinin fəaliyyətinə müdaxilə etdiklərini bildirirlər.

NOCOMMENT.az xəbər verir ki, Qaradağ rayonu Müşfiqabad qəsəbəsindən olan bir qrup dindar Avropa.info-ya müraciət edib.

“Müşfiqabad məscidi Azərbaycanın qurucusu, mərhum Heydər Əliyevin dönəmində, 1997-ci ildə dövlətin dəstəyilə, yerli sünni əhalinin şəxsi vəsaiti hesabına inşa edilib və ibadət üçün əksəriyyəti sünni məzhəbinə mənsub olan əhalinin ixtiyarına verilib. Eyni zamanda burada şiə məzhəbindən olan insanlar da heç bir məhdudiyyət olmadan ibadət edə bilirlər. Həmin dövrdən son pandemiya dönəminədək fasiləsiz olaraq qəsəbə əhalisinin böyük çoxluğu sünni məzhəbindən olduğu üçün, məsciddə sünni azanı verilirdi. Bir müddət öncə, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi məscidi icmasının sədri İrşad Süleymanov, icra başçısı Süleyman Mikayılovun ona zəng edərək, QMİ sədri Allahşükür Paşazadənin qərarı ilə məsciddə artıq sünni azanı verilməyəcəyi haqda tapşırıq verdiyini deyib. İcma sədri bildirir ki, icra hakimiyyəti başçısının verdiyi qərarı icra etmək məcburiyyətindədir.

Azərbaycan prezidenti cənab İlham Əliyevin çıxışlarında dəfələrlə ölkədə dini ayinlərin həyata keçirilməsi üçün heç bir məhdudiyyət olmadığını bəyan edib. Cənab Prezidentin heç bir fərq qoymadan dini ayinlərin həyata keçirilməsi üçün bütün dindarlara verdiyi dəstək də göz önündədir.

Azərbaycan Respublikasının qanunlarına görə də icra hakimiyyəti başçısının dini ayinəri təyin etmə birbaşa müdaxilə etmə hüququ yoxdur. Həmçinin, bütün Qafqazın şeyxi olan, məzhəblərarası münasibətlərin yaxşılaşmasına çalışan Allahşükür Paşazadənin belə bir qərar verməsinə inanmırıq. İcra başçısı Süleyman Mikayılovun məlum olmayan səbəbdən bu cür həssas dönəmdə icma sədrinə verdiyi göstəriş dindarlar tərəfindən narazılıqla qarşılanmaqdadır. Çünki dindarlar aidiyyəti orqanların belə bir qərar vermədiklərinə əmindirlər.

Qeyd edək ki, bir neçə gün öncə bu məsələylə bağlı bir qrup dindar Qaradağ rayon icra hakimiyyətinə çağırıldı. İcra başçısı Süleyman Mıkayılov şəxsən məsciddə azanla bağlı yeni qaydanın tətbiq olunacağını bildirdi. Biz icra başçısından “bununla bağlı bizə konkret imzalı sərəncam və ya əmr təqdim edə bilərsinizmi” soruşduqda, Süleyman Mikayılov “Allahşükür Paşazadə şifahi olaraq qərar verib” dedi.

Biz başa düşürük ki, Süleyman Mikayılovun tələbi qanunsuzdur və bu haqda heç bir qanuni sərəncam yoxdur. Biz dindarlar müvafiq dövlət orqanlarından xahiş edirik ki, vətəndaşların dini ayinlərini yerinə yetirməsinə mane olmaq istəyən icra başçısı və digər yerli məmurlar barədə tədbir görülsün. Eyni zamanda Müşfiqabad məscidində 10 illərlə oxunan azanın dəyişdirilməsinin və dini ayinlərin həyata keçirilməsinə mane olma cəhdlərinin qarşısının alınmasını xahiş edirik”- Müşfiqabadlı dindarların məktubunda belə deyilir.