Qaz sayğaclarının əvəzlənməsi ödənişsizdirbackend

Qaz sayğaclarının əvəzlənməsi ödənişsizdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün sosial şəbəkələrdə qaz sayğaclarının əvəzlənməsi zamanı Xaçmaz rayonunda kimlərinsə vətəndaşlarla guya hansısa sövdələşmələrə getməsinə dair məlumat yayılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

“Ümumiyyətlə, qaz sayğaclarının əvəzlənməsi zamanı kiminsə vətəndaşdan pul tələb etməsi qanunsuzdur və “Azəriqaz” olaraq bir daha xatırladırıq ki, heç kim belə sövdələşməyə getməsin. Abunəçilərdən xahiş edirik ki, heç kimə bu əməliyyatın icrası zamanı pul verməyin. Çünki dövri yoxlama müddəti çatmış (əhali abonent qrupunda 5 ildən bir) qaz sayğacları əvəzlənərkən hər hansı vəsait tələb olunmur. Bu əməliyyat pulsuz icra olunur.

Əgər hansısa dələduz əmələ qurşanan şəxslə belə bir sövdələşmə edirlərsə, bundan asılı olmayaraq, sayğacda laboratoriya yoxlaması zamanı qüsur aşkarlanarsa, itirilmiş qazın bərpasının dəyəri sizdən mütləq tələb olunacaq. Yəni bu yolla sizi aldadan şəxs yoxlamadan sonra qüsur aşkarlanan sayğaca görə heç vaxt kimisə sığortalaya bilməz.

O ki, qaldı belə yanaşmanın Xaçmaz Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə aid edilməsinə, nəzərinizə çatdırırıq ki, bu sahədə çalışan əməkdaşlarımızın fəaliyyətinə ciddi nəzarət olunur. Bu il ərzində həmin region üzrə 2 işçimiz nöqsanlara yol verdiyinə görə (vətəndaşla qanunsuz sövdələşmə aparılması faktı) işdən azad olunub. Belə hallarla ciddi mübarizə aparılır və fakt qeydə alınan kimi cəza tədbirləri görülür.

Abunəçilərimizdən xahiş edirik ki, bu kimi hallarla rastlaşarlarsa, İstehsalat Birliyinin 104/185 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. Ünvanlarında qaz ölçü qurğusuna və ya digər qaz avadanlığına baxış keçirən əməkdaşımızdan xidməti vəsiqəsini tələb etsinlər”, – deyə qurum bəyan edib.