Qazançı kilsəsi kimə məxsusdur?backend

Qazançı kilsəsi kimə məxsusdur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 100 ildə Azərbaycanın mədəni irsinin mənimsənilməsini həyata keçirməyi özlərinə peşə edən ermənilər, yeri gəldi-gəlmədi Azərbaycan xalqına qarşı şər atmağı, iftira deməyi mütəmadi şəkildə həyata keçirirlər.

Azərbaycanın mədəni irsinin mənimsənilməsi və ərazi iddiası, artıq Ermənistanın Dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ermənilər, Azərbaycan ərazilərindəki xristian dövrünə qədər və xristianlıq qövrü abidələrinin ermənilərə məxsusluğu barədə dünya mətbuatında geniş təbliğat aparırlar. Bu təbliğat işləri arasında son zamanlar populyarlıq qazanan Şuşa şəhərindəki Qazançı rus provaslav kilsəsidir.

Qazançı kilsəsini ermənilər hətta Azərbaycan dilindəki Vikipediya saytında da erməni kilsəsi kimi təqdim etməyi bacarıblar. Bütün bu qalmaqaldan sonra ortaya bir haqlı sual çıxır: Qazançı kilsəsi doğrudanmı ermənilərə məxsusdur?

XIX əsrin ortalarında Qazançı kilsəsi Şuşa şəhərində rus əsgərlərinin ibadətlərinin və digər bəzi dini vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ictimai bina, məbəd olub. Çünki həmin dövrdə Culfanın Qazançı kənidindən köçürülən ermənilər istisna olunarsa, Şuşada bir nəfərdə olsun erməni yaşamırdı.

Tarixi mənbələrə görə, indiki Qazançı kilsənin yerində 1722-ci ildə, Alban memarlığına aid birnefli məbəd olmuşdur. 1858-ci ildə bu məbədin yanında rus komandanlığının göstərişi ilə zəng qülləsi tikərək, binanı dindar rus əsgərlərinin istifadəsinə verdilər. Kilsənin üzərindən asılan zəng, Şuşadakı rus komandanlığının tələbi ilə Rusiyanın Tula şəhərində hazırlanaraq, Hərbçilərin köməyi ilə Şuşaya gətirilmişdi. Bunu ermənilərin özləri də etiraf edirlər. Əgər Şuşada erməni Katalikosluğu mövcud idisə, niyə kilsə zəngini ermənilər hazırlamır və ya ermənilər sifariş etmirdilər?

Lakin Alban məbədin həcmi kiçik olduğundan o dövrdə əsgərlərin sayı çox olduğu üçün kilsə kimi əsgərlərin tələbini tam ödəyə bilmirdi. Daha bir rəvayətdə deyilir ki, o dövrdə Alban məbədi ilə paralel Xanlığın Divanxanasından da rus əsgərlərinin ibadəti üçün istifadə edilib. Bu cür parakəndəlik, rus əsgərlərinin ibadəti üçün kilsə tikintisinə zərurət yaradıb.

1868-1887-ci illərdə bu Alban məbədini sökərək onun xarabalığı üzərində, rus pravoslav kilsə memarlığı üslubunda yeni kilsə tikiblər. Təbii ki, kilsə tikintisində müsəlman əhali işləməzdi. Şuşada isə kilsənin tikintisində işləmək üçün, xristian əhali yox idi. Deməli o dövrdə Şuşada nə erməni və nə də digər xristian xalqların mülki nümayəndələri yaşamayıblar. Məhz bu səbəbdən də Şuşada tikilən kilsənin tikintisində işləmək üçün indiki Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Qazançı kəndindən Şuşaya erməni əhali köçürdülər. Qazançı kəndindən gələn ermənilər kilsənin tikintisindən sonra Şuşada qalaraq elə kilsənin ətrafında məskunlaşıb orada yaşadılar. Yerli əhali Culfadan gələn erməniləri qazançılar adlandırırdılar. Elə bu səbəbdan də kilsənin adına Qazançılı kilsəsi deyilməyə başladı.

Qazançı kilsəsi 4 apsisdən ibarətdir. Hündürlüyü 35 metr, uzunluğu 34,7 metr və eni 23 metr, qülləsinin hündürlüyü 17 metrdir. Kilsə üç girişdən, qərb, şimal və cənub qapılarından ibarətdir. Girişlərdə və pəncərələrdə müxtəlif ornament işləmələr olub.

Rusiyada 1917-ci il inqilabından sonra, Çar Rusiyası Şuşadan getdi. Bundan sonra Şuşadakı rus pravoslav kilsəsində ibadət edən qalmadı. 1920-ci ildə Azərbaycanı işğal edən bolşeviklər, məscidlərdə və kilsələrdə ibadət etməyi qadağan etdilər. Bu qadağa SSRİ-nin süqutuna qədər qüvvədə qaldı. Bütün bu dövr ərzində nə Şuşada və nə də ümumilikdə Qarabağda kilsə fəaliyyətinə icazə verilmədi.

Qarabağda kilsələrin fəaliyyəti SSRİ MK-nın Baş Katibi Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün oldu. M.Qorbaçovun qərarından sonra Qarabağda kilsələr özünün ilkin alban mənşəyini itirərək, tamamilə erməniləşdirildilər. 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra, erməni yeparxiyasının yaradılması və Qarabağda yaşayan ermənilərin artan millətçilik tələbləri fonunda kilsələrin erməniləşdirilməsinə və aktiv olmayan kilsələrin belə işlək vəziyyətə gətirilməsi siyasəti aparıldı, bu məqsəd üçün xarici ölkələrdə yaşayan ermənilərin maddi imkanlarından geniş istifadə olunmağa başladı.

8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri Şuşanı işğal etdikdən sonra, Şuşadakı kilsələr də erməniləşdirilməyə məruz qaldı. Qazançı adlandırılan Rus Pravoslav kilsəsinin 1995-2000-cı ildə Memarlıq quruluşu dəyişdirilərək erməni qriqoryan kilsəsinə çevrildi.

28 il Ermənistan Silahlı Qüvvələrinin İşğalı Altında qalan Azərbaycan ərazilərinin erməniləşdirilməsi Ermənistan Hökumətinin Dövlət siyasətinin bir hissəsini təşkil edirdi.Tarixi baxımdan nə Dağlıq Qarabağda nə də Şuşa şəhərində heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmamışdır. Dünyanın heç bir arxivindən bunu sübut edə bilən heç bir sənədə rst gəlmək mümkün deyil. Qarabağda Regionunda ilk dəfə “erməni kilsəsi” ifadəsinə XX əsrin 90-cı illərindən sonra rast gəlinir. İndi siz deyin Qazançı kilsəsi kimə məxsusdur?

Faiq İsmayılov