Qazaxıstan hadisələrinin türk dünyasına mesajıbackend

Qazaxıstan hadisələrinin türk dünyasına mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salqınlar, iqlim böhranları, qlobal qıtlıq və quraqlıqların təhdit etdiyi insanlıq həm də çox ciddi geosiyasi güc mübarizələri, yeni dijital çağın, 4-cü sənaye inqilabının qaçınılmaz etdiyi sancılı dəyişikliyin də kataklizmlərini yaşamaqdadır. Çin amilinin dünya siyasətinin mərkəzində yer alması, Çin-Amerika, Rusiya-kollektiv Qərb mübarizəsi kimi amillər həm İpəkyolu kimi  strateji mahiyyət kəsb edən ticarət yollarının əhəmmiyətini artırmaqda,  həm də bu güzərgah üzərində yerləşən ölkələrin sabitliyinin önəmi qədər qərar qəbul edən mexanizmləri, həlledici iqtisadi-siyasi rıçaqları uğrundakı mübarizələri də şiddətli hala gətirməkdədir. Burada xüsusiylə Türkistan və Cənubi Qafqaz regionu daha da ön plana çıxmaqda, baş verən siyasi- sosyoloji hadisələr  və dəyişimlər müşahidəçilər tərəfindən də diqqətlə izlənməkdədir.

Bu  mənada yeni geosiyasi bir faktor kimi  Türk gücünün yüksəlişində, Türk dünyasının  inteqrasiyasında kilid  rola sahib olan İpəkyolunun önəmli ölkəsi Qazaxıstanda baş verən hadisələr həm bölgə ölkələrində, həm də bütün Türk Dünyasında narahatlıqla izlənməkdədir. Türk Dünyasının praqmatik liderlərindən N. Nazarbayevin müstəqillik sonrası güc və imkan balansını yaxşı hesab edərək, tədricilik metodologiyasıyla həyata keçirdiyi Qazax milli dövlətçiliyini möhkəmlətmək, demoqrafik durumdan milli tarix yazıcılığına ölkənin müstəqilliyinin daha da gücləndirilməsinə xidmət edən həmlələr həyata keçirmək siyasəti şübhəsiz ki, Orta Asiyanı özünün arxa baxçası olaraq görməyə davam edən xarici dairələri də narahat etməktədir. Qazaxıstanın həm coğrafi mövqeyi, həm də nəhəng əraziləri etibariylə dünyanın aparıcı ölkələrindən biri olması, Çin və Rusiyayla yaxın münasibətlər sistemi içində yer alması, üstəlik bu iki ölkənin başını çəkdiyi iqtisadi – siyasi, hərbi paktlarda yer alsa da müstəqil xarici siyasət yeritməyə üstünlük verməsi kollektiv Qərbin bölgə siyasəti nəzdində də Qazaxıstanı ayrı bir yerə oturtmaqdadır. Bu mənada bəzi Qazax şəhərlərində qiymət artımlarına etiraz edən insan kütləsindən yer yer iğtişaşlara varan görüntülərin gəlməsi Türk Dünyasında narahatlıqla izlənməkdədir.

Qazaxıstan həm də Türk Dünyasının neft-qaz resursları başda olmaqla təbii zənginliyi bol olan ölkələrindən birisi olduğu üçün etirazların motivi,  yəni  maye qazın  qiymətində yüzdə yüz artış hazırkı böhranlı iqtisadi durum, geosiyasi mənzərə və Rusiyanın köhnə SSRİ məkanının yeni bir birlikdə yenidən toplama proyektində Qazaxıstana xüsusi  yer ayrılması fonunda sosyal narazılıqları daha da dərinləşdirərək Qazax hakimiyyətini hansısa önəmli qərarlar almaq üçün təziq altında saxlamağa yönəlik planlı bir hədəfin parçası olub olmadığı yönündəki sualı da gündəmə gətirməkdədir. Yaxın keçmişdə Rusiya Dövlət Dumasında yer alan bəzi siyasilərin Qazaxıstanın milli maraqlarına qarşı ifadə etdiyi sözlər, ərazi iddiaları, Moskvada Qazax dövlətinin gedərək mililləşməsindən narahat olan çevrələrin varlığı da unudulmamalıdır. Heç şübhəsiz ki, qardaş ölkədə siyasi sabitliyin pozulması, bu milli siyasət kursunun zəyiflədilməsinə yönəlik həyata keçirilən hər hansı bir addım Türk Dünyasının maraqlarına xidmət etməməkdə, İpəkyolu güzərgahında ticarətin canlanması, əməkdaşlıqların dərinləşməsiylə baş tutacaq  regional rifah yüksəlişi gözləntisinə mənfi təsir etməkdədir. Etiraz dalğasının mərkəzindəki Manqistau vilayətinin təbi qaz emalı zavodunun rəhbərliyinin həbs edilməsi, aparılan bu iqtisadi siyasətin və narazılıqların məsulu olaraq hökümətin istefasının prezident tərəfindən qəbul edilməsi, bölgədə fövqaladə veziyyet elan edilməsi  və bəzi  nümayişçilərin şiddətdən istifadə etməklə birlikdə siyasi tələblər də irəli sürməsi vəziyyətin aydınlatılması üçün çox şaxəli dəyərləndirmələr aparılmasının vacibliyini ortaya qoyur. Heç şübhəsiz Qazaxıstanın milli təhlükəsizlik qüvvələri dövlətçilik və ölkə maraqları naminə daha əhatəli təhqiqatlar apararaq hadisələrin arxa planındakı səbəbləri ortaya çıxaracaqdır, ama yaşananlardan Türk Dünyasının da çıxaracağı dərslər mövcutdur. Hər şeydən əvvəl  vətəndaşlar olaraq oynanan oyunların fərqində olmalı, hadisələrə daha bəsirətli bir yanaşma sərgiləyərək müstəqillik və milli maraqların qorunması nöqtəsində çox həssas olaraq xarici müdaxilələrə qapı aralayacaq hərəkətlərdən uzaq durmalıyıq. Lakin Türk Dünyası olaraq  bütün dünyada artan iqtisadi çətinlik və böhranlar  fonunda risk və təhlükələrin də çoxaldığını,  yoxsul təbəqələrin sırasının genişləndiyini, daha ədalətli bir idarəçili , dövlət-millət bütövləşməsi və gəlir bölgüsünün də şərt olduğunu unutmamalıyıq.

Telman Nüsrətoğlu
Türk-İslam Araşdırmaları Mərkəzinin rəhbəri,