Qazi ilə baş həkim arasında insident yaşanıb – VİDEObackend

Qazi ilə baş həkim arasında insident yaşanıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 4-də Vətən müharibəsi qazisi Hacı Vəliyevlə Yasamal rayonu ərazisində yerləşən 19 saylı şəhər poliklinikasının baş həkimi Aytən Qurbanov arasında insident yaşanıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Hacı Vəliyev öz feysbuk hesabında yazıb.

H.Vəliyev bildirir ki, yanvarın 4-də təxminən saat 11-də qeydiyyatda olduğu Yasamal rayonu ərazisində yerləşən, əvvəllər də arayış aldığı və müayinə olunduğu 19 nömrəli poliklinikaya COVID-19 əleyhinə vaksin pasportu almaq üçün gedib: “Mən onlara izah etdim ki, bura qeydiyyatıyam və mənə bununla bağlı arayış da veriblər, müayinə də ediblər. Verilən arayışı oxuduğum İdman Akademiyasına təqdim etmişəm. Hətta bura qeydiyyatı olmağımla bağlı sistemdə şəklimi də çəkib atıblar. Yanımda olan digər Yasamal rayon vətəndaşı ilə bir yerdə baş həkimin qəbuluna getdik”.

Qazi bildirir ki, baş həkimə ona səhv arayış verən işçiləri tənbeh etməli olduqlarını, daha bir vətəndaşın incidilməməsini deyib: “Bunu deyib ayağa qalxdım və çantamı götürəndə sol gözümə həkimin mənə baxıb istehza ilə gülməyi sataşdı. İki dəfə soruşdum ki, niyə gülürsünüz? Gülməyə davam edirdi. Mən də dedim ki, şəhid ailələrinə, qazilərə gülənin genində, qanında problem var. Bundan sonra həkim ayağa qalxdı, sol əli ilə stolun üstündə olan qənd qabını vurub aşırdı və beləcə mübahisə yarandı”.

Hacı Vəliyevin iddiasına əsasən, baş həkim onu DTX əməkdaşları ilə hədələyib: “Otaqda 4 nəfər idik. Mən, baş həkim, başqa bir həkim və Yasamal rayonundan olan digər vətəndaş. Biz koridora çıxdıq. Təxminən 5-10 dəqiqə sonra məni hədələdiyi DTX əməkdaşları gəldi və otağa daxil olub qapını örtdülər. Təxminən 10-15 dəqiqədən sonra otaqdan çıxanda mən onları saxladım və kim olduqlarını soruşdum. Hətta vəsiqələrini belə göstərdilər. DTX əməkdaşları idi. Onlar vəsiqə göstərən zaman ərazi üzrə polis nümayəndələri də gəldilər”.

Adıçəkilən baş həkim Aytən Qurbanova isə iddialarla bağlı REAL TV-yə danışıb.

Bildirib ki, qazi əks-göstəriş sertifikatı almaq üçün tibb məntəqəsinə gəlib: “Çox aqressiv formada mənlə danışmağa başladı ki, mənə bu sənədi siz verəcəksiniz. Ona qazi olduğu üçün kömək etməyə çalışdım. Bildirdim ki, İcbari Tibbi Sığorta Agentliyinin qərarına əsasən xəstənin öz istəyi ilə biz onu qeydiyyata ala bilərik. Bunu dedikdə mənə dedi ki sən saxta sənədlərlə, işlərlə məşğul olursan? Yanımda olan qeydiyyatçıdan da bu barədə soruşdum. O da dedi ki, artıq bu halları da sistemə salmaq mümkündür. Daha sonra mənə dedi ki, “sən mənə mən koram deyə gülürsən”. Stolun üstündə olan konfet qabını vuranda çay dağılıb üstümə töküldü. Konfet qabının qapağı da dodağıma dəydi. Bu baş verənlərin şəklini də çəkmişəm.

Hadisədən sonra polisə və prokurorluq orqanlarına şikayət etdim. Mən aidiyyəti üzrə məlumat verəndən sonra həmin şəxsin digər qazi yoldaşları da poliklinikanın həyətinə gələrək çəkiliş etdilər. Mənə hədə-qorxu gəldilər”.

DİN rəsmisi Elşad Hacıyev bildirib ki, araşdırma nəticəsində hadisənin təfərrüartları aydın olacaq: “Amma indiki halda bildirmək istəyirəm ki, Vətən müharibəsi iştirakçılarına və qazilərə dövlət tərəfindən ən yüksək imtiyazlar verilib. Həmin imtiyazlar çərçivəsində istənilən dövlət qurumundan asılı olmayaraq dərhal adekvat cavablar verilir. Hansısa qazinin müraciətinə baxılmama ehtimalı yoxdur. Ancaq Vətən müharibəsi iştirakçıları bütün hallarda onları qayğılandıran hallarla bağlı hansısa situasiya yarandığı halda daha yuxarı instansiyalara müraciət edə bilərlər. Orada baş həkimin otağında münaqişə vəziyyətinin yaranması, xəsarət yetirilməsi halı var”.

Hacı Vəliyev əlavə edib ki, daha sonra digər bir poliklinikada koronavirusa qarşı birinci doza vaksin olunub.