Qazi Sahil Həsənli mənzil və avtomobillə təmin ediləcəkbackend

Qazi Sahil Həsənli mənzil və avtomobillə təmin ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək xəsarət almış hərbi qulluqçularımızın hər birinə xüsusi diqqət və qayğı ilə yanaşılır. Həmin qazilərimizdən biri olan Həsənli Sahil Rauf oğlunun əlilliyinin qiymətləndirilməsi üçün ilk növbədə müvafiq işçi qrup tərəfindən onun əyani müayinəsi aparılıb.

NOCOMMENT.az xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumata görə, agentliyin, Müdafiə və Səhiyyə Nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarət işçi qrup tərəfindən aparılan əyani müayinənin nəticələri və Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən Şəhadətnamədəki diaqnoz əsasında qanunvericiliyə uyğun olaraq Sahil Həsənliyə II dərəcə əlillik (müddətsiz) təyin edilib.

Yəni, əyani müayinənin nəticələri və diaqnoz məlumatları Sahil Həsənlinin aldığı xəsarətin (hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sağ bazunun yuxarı 1/3-nin travmatik amputasiyasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı güdülü) yalnız II dərəcə əlillik təyinatına əsas yaradır.

Sahil Həsənliyə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar təyin olunub. Qazimizə müvafiq sosial ödənişlər (təqaüd və müavinət) təyin edilib.

Sahil Həsənlinin də müharibə əlilləri üçün nəzərdə tutulan imtiyaz və güzəştlərdən istifadə, eləcə də mənzillə, avtomobillə təmin olunmaq hüququ var. Hələ ötən ay Sahil Həsənli mənzillə təmin olunmaq üçün qeydiyyata götürülüb və yaxın aylarda mənzillə təmin olunacaq. Avtomobillə təmin edilmək üçün də növbəyə alınıb və onun avtomobillə təminatı da həyata keçiriləcək.

Dəfələrlə məlumat verildiyi kimi, Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlə təminatı işləri aparılır. Artıq 16 qazimiz həmin müasir protezlə təmin olunub və Sahil Həsənli də yüksək texnologiyalı protezlə təmin olunacaq. Bununla bağlı olaraq o, Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə də dəvət edilib.

Sadəcə olaraq, yuxarı ətrafların yüksək texnologiyalı protezlə təmin olunması xüsusi yanaşma tələb edir.

Belə ki, güdülün, yəni amputasiya olunmuş ətrafın salamat qalan hissəsinin tam formalaşması və adaptasiyası, sonra elektron protezə uyğunlaşması üçün şəxs ilkin mərhələdə sadə protezlə təmin olunur. Hazırlıq müddəti bitəndən sonra yüksək texnologiyalı protezlə təminat həyata keçirilir.

Sahil Həsənli də həmin ilkin hazırlıq mərhələsi üçün sadə protez verilib və qısa müddətdən sonra qazimiz yüksək texnologiyalı protezlə təmin olunacaq.

Ümumilikdə, bütün müharibə əlilləri kimi, Sahil Həsənlinin də hüquqlarının təminatı daim diqqətdə saxlanır.