Ölüm anlayışı böyüklər üçün belə ağır və emosional mövzudur. Uşaqlar üçün isə bu anlayış daha mürəkkəb və həssasdır, çünki onların emosional dünyası, qorxu mexanizmləri və həyatla bağlı təsəvvürləri hələ tam formalaşmayıb.
Cəmiyyətimizdə bəzi valideynlər dini və ailəvi dəyərlərə əsaslanaraq uşaqları qəbiristanlığa aparmağı normal hesab edir, bəziləri isə bunun uşağın psixologiyasına mənfi təsir göstərə biləcəyindən narahat olur. Məsələyə psixoloji baxımdan yanaşdıqda aydın olur ki, burada əsas məsələ uşağın yaşı, emosional hazırlığı və valideynin bu prosesi necə idarə etməsidir.
Uşaqlar ölümü yaş dövrlərinə uyğun olaraq fərqli qavrayırlar. Kiçik yaşlı uşaqlar üçün ölüm çox vaxt müvəqqəti ayrılıq kimi qəbul olunur, onlar ölən şəxsin geri qayıda biləcəyini düşünə bilirlər. Bir qədər böyük yaşlarda isə ölümün geri dönüşü olmadığını anlasalar da, bu anlayış onlarda qorxu, təşviş və qeyri-müəyyənlik yarada bilər.
Qəbiristanlıq mühiti sakitlik, itki və kədər hissi ilə assosiasiya olunduğundan, uşağın psixikasında bu anlayışlar daha da dərinləşə bilər. Xüsusilə 7 yaşından kiçik uşaqlar üçün qəbiristanlıqda görülən məzarlar, torpaq, səssizlik və böyüklərin kədərli davranışları qorxu hissini gücləndirə, gecə qorxuları və yuxu pozuntularına səbəb ola bilər.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan psixoloq Günay Məmmədli bildirib ki, qəbiristanlığa uşaq aparmaq məsələsində əsas meyar qadağa yox, düzgün yanaşmadır:
“Uşağın psixoloji hazırlığı olmadan bu cür mühitə salınması düzgün deyil və bu, gələcəkdə qorxu, ölüm fobiyası və emosional pozuntulara yol aça bilər.
Valideynlər bəzən “həyatın bir hissəsidir” düşüncəsi ilə uşağı məcburən qəbiristanlığa aparırlar, lakin uşaq həyatı böyüklər kimi dərk etmir.
Əgər uşaq daha böyükdürsə və valideyn onunla əvvəlcədən sakit, sadə dildə ölüm anlayışını izah edibsə, qısa və təzyiqsiz ziyarət mümkündür. Bu zaman əsas məqsəd qorxu yaratmaq yox, uşağın suallarına aydın və səmimi cavab verməkdir”.
Psixoloqun sözlərinə görə, uşağı qəbiristanlığa hazırlıqsız aparmaq onun emosional təhlükəsizlik hissini sarsıda bilər:
“Uşaq bu mühiti öz dünyasında təhlükə, itki və ayrılıqla əlaqələndirə bilər və nəticədə valideynini itirmək qorxusu formalaşa bilər.
Bəzi hallarda isə bu təcrübə uşağın təxəyyülündə ölümə qarşı həddindən artıq həssaslıq, qaranlıq düşüncələr və uzunmüddətli narahatlıq yarada bilər. Xüsusilə dəfn mərasimləri zamanı şahid olunan ağlama, fəryad və emosional gərginlik uşağın psixikasında travmatik iz buraxa bilər. Valideynlərə tövsiyə edirik ki, uşaqları qəbiristanlığa məcburi aparmasınlar, onların emosional reaksiyalarını diqqətlə izləsinlər və qorxu hiss etdikləri anda ziyarəti dayandırsınlar. Ölüm mövzusu uşağa qorxulu və mistik şəkildə yox, həyatın təbii bir mərhələsi kimi, yaşına uyğun və sakit dillə izah edilməlidir. Əks halda, bu cür təcrübələr uşağın psixoloji inkişafına mənfi təsir göstərə və uzun müddət yaddaşında iz buraxa bilər”.













