Qəbul imtahanları ilə bağlı mühüm AÇIQLAMAbackend

Qəbul imtahanları ilə bağlı mühüm AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya dövründə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunması, onların təhlükəsiz şəraitdə imtahan verməsi üçün müəyyən şərtlərə əməl olunur.

Hər bir iştirakçı imtahan binasına daxil olarkən özündə və təmasda olduqları ailə üzvlərində son 15 gün ərzində koronavirus (COVİD-19) infeksiyasına yoluxma halının müəyyən edilməməsi, imtahana gələrkən bədən hərarətinin 37°C-dən aşağı olması, həmçinin tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcud olmaması haqqında bəyannamə imzalayır və bununla bağlı məsuliyyəti öz üzərinə götürür. İmtahan iştirakçısının bədən hərarəti 37°C və ondan yuxarıdırsa, həmin şəxslər imtahana buraxılmır.

NOCOMMENT xəbər verir ki, bu sözləri DİM-in mətbuat katibi Xanlar Xanlarzadə axar.az-a açıqlamasında deyib.

O bildirib ki, bədən hərarəti olanlar üçün ayrıca bir otağın və nəzarətçinin ayrılması isə ictimai sağlamlıq baxımından düzgün və təhlükəsiz hesab oluna bilməz: “Ötən il də buraxılış imtahanlarında sayları az olsa da, bədən hərarəti normadan yüksək olduğu üçün imtahana buraxılmayan şagirdlər var idi. Bununla bağlı biz hər dəfə məlumat təqdim edirdik.

Lakin buraxılış imtahanları bir neçə istiqamət və günlərdə keçirildiyi üçün həmin şəxslər əvvəlcədən DİM-ə müraciət etdikdən və öz sağlamlıqları haqqında lazımi sənədləri təqdim etdikdən sonra digər imtahan günlərinin birində onların da imtahanlarda iştirakı təmin olunmuşdu.

Ötən il DİM-ə müraciət edən və sırf bu xəstəliklə əlaqədar buraxılış imtahanından kənarda qalan bir nəfər də olmayıb. Bu il də belə hallar olarsa, eyni yanaşma tətbiq olunacaq. Ancaq nəzərə almaq lazımdır ki, buraxılış imtahanı günlərinin sayı məhduddur və bu proses sonsuzadək davam edə bilməz. İmtahanlarda onminlərlə insan iştirak edir və hər bir imtahandan sonra prosesin digər mərhələləri (nəticələrin yoxlanılması, elan olunması, ixtisas seçimi və s.) həyata keçirilməlidir. Bütün bunlar bir-biri ilə sıx bağlıdır və burada ləngimək olmaz. Sanitar-epidemioloji vəziyyət əlverişli olarsa, qəbul imtahanlarının da iki dəfə keçirilməsi planlaşdırılır. Abituriyentlərin iki şansının olması onları gözlənilməz hallardan sığortalamış olur”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov da ötən il olduğu kimi, bu il də hər hansı bir səbəbdən, xüsusilə də sağlamlıqla bağlı imtahanlarda iştirak edə bilməyənlər üçün əlavə imkan yaradılacağını vurğulayıb.