Qəfil götürülən S(sü)urət… və ya şimalın adamı sayılan “Boz kardinal” – ARAŞDIRMAbackend

Qəfil götürülən S(sü)urət… və ya şimalın adamı sayılan “Boz kardinal”ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xeyli zamandır müşahidə edirəm. Sülhəddin Əkbərindən başlamış, Pənah Hüseyninə qədər çoxu çıxdı, Azərbaycan müstəqilliyinin ən biabırçı baş nazirindən Surət Hüseynovdan danışdı. Daha dəqiqi onun Gəncə hadisələri ilə bağlı son müsahibəsində dediklərinə öz payına münasibət bildirdi.

NOCOMMENT.az xəbər verir ki, jurnalist Jalə Mütəllomova sabiq baş nazir Sürət Hüseynov və onun son günlər gündəmə gətirdiyi məqamlara aydınlıq gətirməyə çalışıb.

O buna şimalın adamı dedi, bu ona. O bunu rüşvətxorluqda günahlandırdı, bu onu. Hər kəs özünü cici oğlan, cici eks məmur, haqq-ədalət keşikçisi, cici şəxsiyyət elədi. Əslində zamanında hər kəs onları belə bilirdi, əlçatmaz, ünyetməz, möhtəşəm, toxunulmaz, qorunmağa layiq vətən adamları.

Onlara baxıb mitinqlərə çıxdıq, pionerdən, komsomoldan imtina elədik. Az yaşımızla dövləti düşündük. Dedik təki vətən sağ olsun. Hədiyyəmiz olan xırda zinət əşyalarımızı balaca əllərimizlə, onların qurduğu müdafiə fonduna verdik. Əməlimizdən qürur duyduq. Amma onlarla sonadək qürur duya bilmədik…

Məsələn, bir gün Pənah Hüseynin mərhum Prezident Heydər Əliyevlə görüşünün stenoqramını oxuduq rəsmi qəzetlərdən. Tamamən tərs mütənasib idi, həbsdən azad olanda ilk keçirdiyi mətbuat konfransında dedikləri ilə…Detalalrına varmıram…

Sabiq baş naziri belə bitirdim siyasətçi olaraq özümdə. Baxmayaraq ki, ağlı və istedadı şübhə doğurmayan, situasiyalara görə qıvraq davranan az sayda siyasət adamlarından sayıram hələ də onu.
Sülhəddin Əkbəri qorxub qaçanda bitirmişdim düşüncəmdə, siyasət adamı olaraq.

Sürət Hüseynovsa hər zaman əl buyruqçusu olub. Yun biznesindən siyasətəcən gələn yolunun başqa heç bir izahı yoxdur. Xatırladım ki, biznesinin bir ucu daim şimaldan keçib.

İndi gələk ona ki, Gəncə hadisələri niyə birdən yadına düşdü Sürət Hüseynovun? Kimə gərək idi o müsahibə? Niyə məhz bu dönəmdə verildi, yayınlandı?

***

Bu gün kimsəyə sirr deyil, ölkədə ciddi proseslər gedir. Bu prosessələrin bir qismi insanların gözü qarşısında baş verir. Böyük bir qisminin hələlik ictimailəşməsi məqsədəuyğun sayılmır. Amma və lakin artıq bəzi məqamları demək lazım ki, çox adam anlasın və bilsin. Cahilcə, populustcə siyasi oyunlara düşməsin insanlar. Alət olmasınlar. Anlasınlar ki, yaxın uzaq qonşuların Azərbaycandakı adamları “sıradan çıxarıldıqca”, müəmmalı müsahibələr, bəyanatlar eşidəcəyik. Nə o çıxışlara, nə o bəyanatlar dövlətinin və millətini sevən bir azərbaycanlının müsbət reaksiyasını qazanmamalıdır əslində. O çıxışlar, o bəyanatlar dəstəklənməməlidir.

Xatırladıram, kimsəyə sirr deyil, Gəncə hadisələri birbaşa şimalın qurduğu oyunu idi. Bu oyunun başına Surət Hüseynov qoyulmuşdu. Elə buna görə o, nə qədər, vətən, millət deyir, desin inandırıcı gəlmir. Onun muzdlu başkəsənlərinin yaşadığım balaca rayonun qastranomunun qarşısında adamlara necə sataşması hələ də ağlımın bir köşəsində ilişib qalıb. Bir də babamgilə gedən yolda qəfil tindən çıxan, hərbi geyimli qiyamçının, avtomatla üstümə “böööö”, eləyib içkili vəziyyətdə məni qorxutmasını, yanındakıların da ona qoşulub qəhqəhə çəkməsini unutmuram heç zaman.
Yəni, demək istəyirəm, Azərbaycanda bir də o nəsil var ki, hər kəsin dabbaqda gönünə bələddir. Lütfən, heç olmasa çıxışlarınızda bir həyəcan təbili də çalınn cənab siyasətçilər.

Deyin ki, Sürət Hüseynovun bəlli müsahibəsi və bu müsahibənin rəhbərliyində milliyyətcə ermənilərin də təmsil olunduğu “Meydan” TV-dən yayınlanması təsadüf deyildi.

Deyin ki, Azərbaycana qarşı şimaldan siyasi hücuma start verilib. Niyə? Buradakı adamları “zərərsizləşdirildiyi” üçün. Deyin ki, bir neçə postsovet məkanında şimalın adamları sayılanlar da AMEA rəhbəridir.

Deyin ki, bu müsahibənin ardıyca, “boz kardinaldan” gələn bəyanatı millət ciddiyə alsın, lağ obyekti eləməsin. Onun “əqidəmə bu gün də sadiqəm” fikri, ciddi mesajdır. Bu “məni qoruyun” deməkdir.

Etiraf eləmək lazımdır. Bu rəngli “güc” hələ də var. Demək lazımdır ki, ötənlərdə olduğu kimi yerliçilik ənənəsini geri döndürmək, dövləti tayfalara, nəsillərə, regionlara yenidən bölmək istəyirlər. Zatən ölkə bu bəladan tamamən qurtulmuş sayılmırdı. İnsanları yarıyoldan dönməyə qoymaq olmaz, bu fəlakət yaradar.

Açıqca söyləmək lazım: Azərbaycana qarşı böyük bir alt savaş başlanıb. Xaricdən söyənlərin əksəriyyətini şimaldan və Azərbaycandan idarə edirlər. Etiraf eləmək vacibdir. İdarəçilikdən uzaqlaşdırılsalar da, bəlli adamların hakimiyyətdə, icra orqanlarında, məhkəmə-hüququ sistemində yerləşdirdiyi, dəstək olduğu, min oyundan qurtardığı sadiqləri var. Deməkdən qorxmaq olmaz, ya da qorxsanız da deməlisiniz, onlar həm də çox böyük maliyə sahibidir. Hətta xaricdə, düynada baş verən proseslərə müdaxilə edə bilən təşkilatlarda, illərdən bəri qurduqları əlaqələr qalmaqdadır. Bunu deməyən siyasət adamlarının hər birinin fəaliyyəti, keçmişi şübhəlidir, qaranlıqdır. Bu mənada yenə də güc az-çox qalan milli media adamlarının üzərinə düşür. Bu düyünlərin hər biri işıqlandırılmayınca Azərbaycanın dünyaya açılan nəfəsliyinin bağlamaq eşqinə düşənlərin sayı sürətlə artacaq. Heç olmasa bütün nifrət və inciklikləri bir yana qoyub, nəfəsliyinizi qoruyun, cənablar və bəylər, lütfən!..

Jalə Mütəllimova