Son dövrlər gənc yaşlarda baş verən qəfil ölüm halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə ürəklə bağlı qəfil ölümlərin artması bu mövzunu daha da aktual edir.
Ötən gün KXCP sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin qəfil ürəktutma nəticəsində vəfat etməsi bir daha sual doğurdu: bu cür ölümlər irsidirmi və onları qabaqcadan müəyyən etmək mümkündürmü?
Mütəxəssislərin fikrincə, qəfil ürək ölümü əksər hallarda əvvəldən heç bir ciddi şikayət olmadan baş verir və bu da onu xüsusilə təhlükəli edir.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan kardioloq, tibb elmləri üzrə fəlsəfə doktoru Elçin Əliyev bildirib ki, gənclərdə baş verən qəfil ürək ölümlərinin əsas səbəbi ürəyin elektrik sistemində yaranan gizli pozuntular və irsi ürək xəstəlikləridir.
Onun sözlərinə görə, hipertrofik kardiomiopatiya, aritmogen sağ mədəcik displaziyası, anadangəlmə ritm pozğunluqları və bəzi genetik sindromlar uzun müddət özünü büruzə verməyə bilər:
“Ürək sağlam görünə bilər, gənc insan idmanla məşğul ola, aktiv həyat tərzi sürə bilər. Lakin bəzi irsi xəstəliklər var ki, onlar yalnız kritik anda – güclü fiziki gərginlik, stress və ya yuxu zamanı özünü göstərir. Nəticədə ürəyin ritmi qəfil pozulur və müdaxilə üçün vaxt qalmır”.
Elçin Əliyevin sözlərinə görə, bu cür hallar tamamilə təsadüfi deyil və müəyyən hallarda qabaqcadan riskləri müəyyən etmək mümkündür:
“Ailədə gənc yaşda ürəkdən ölüm faktları varsa, bu, ciddi siqnaldır. Belə şəxslərin mütləq şəkildə kardioloji müayinədən keçməsi, elektrokardioqramma (EKQ), exokardioqrafiya, Holter monitorinqi və zərurət olduqda genetik testlər etdirməsi tövsiyə olunur. Təkcə standart EKQ bəzən kifayət etmir və dərin müayinələr vacibdir.
Stress, yuxusuzluq, enerji içkiləri, nəzarətsiz idman yüklənmələri və bəzi maddələrin qəbulu da gizli ürək problemlərini sürətləndirə bilər.
Xüsusilə gənclər arasında enerji içkilərinə və stimullaşdırıcı maddələrə artan maraq ürək ritminə mənfi təsir göstərir və riskləri artırır. “Sağlam görünmək sağlam olmaq demək deyil” və profilaktik müayinələr həyat qurtara bilər”.
Doktor qeyd edib ki, qəfil ürək ölümlərinin qarşısını almağın əsas yolu erkən diaqnostika və maarifləndirmədir:
“Məktəb və universitet yaşlarında olan gənclərin mütəmadi tibbi yoxlamalardan keçməsi, ailə anamnezinin diqqətlə araşdırılması və risk qrupuna daxil olan şəxslərin nəzarətdə saxlanılması vacibdir.
Eyni zamanda, valideynlər və gənclər ani huş itkisi, səbəbsiz ürəkdöyünmə, tez-tez başgicəllənmə kimi əlamətləri ciddi qəbul etməlidirlər.
Ürəklə bağlı qəfil ölümlər hər zaman gözlənilməz görünsə də, bir çox hallarda onların kökündə irsi və ya əvvəldən mövcud olan, lakin aşkarlanmayan problemlər dayanır. Vaxtında aparılan müayinələr və düzgün yanaşma bu riskləri azaltmağa və insan həyatını xilas etməyə real imkan yaradır”.










