Qələbəni Rusiyaya bağışlayaq: bəs, 300 min şəhid?backend

Qələbəni Rusiyaya bağışlayaq: bəs, 300 min şəhid?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə hər şeyə münasibəti dəyişib; bu münasibət 9 Maya da aiddir. Artıq bir çoxu bu tarixin qeyd edilməsinə qarşı çıxır və belə təkliflər səsləndirənlərin içərisində millət vəkillərimiz də var.

Olduqca çətin vəziyyətdir və əlbəttə, bu təklifləri dilə gətirənləri anlamaq mümkündür. Ancaq onların nə dərəcədə doğru olduğunu düşünməliyik.

İkinci Dünya müharibəsi… yox, məhz Böyük Vətən Müharibəsində – 1941-45-ci illərdə Azərbaycanın əhalisi 2 milyon 400 minə də çatmırdı, ancaq müharibəyə 600 mindən çox azərbaycanlı göndərilmişdi.

Bu müharibə hər bir azərbaycanlının evinə girmişdi, hər bir və bir-bir! Təsəvvür edin ki, total səfərbərlik zamanı əhalinin 10-15 faizi orduya cəlb edilir, 1941-45-də isə Azərbaycan xalqının az qala 30 faizi birbaşa savaşa yollanmışdı, digərləri isə ac-yalavac gecə-gündüz işləyib, bütün sərvətini, nişan üzüyünə qədər, müharibə üçün səfərbər etmişdi.

Azərbaycanın savaşa göndərdiyi əsgərlərdən tam yarısı geri qayıtmadı və onların nəşi heç ölkəyə, o vaxtkı terminlə desək, “respublikamıza” da gətirilmədi – Rusiyanın geniş çöllərindən Berlinə qədər nə qədər azərbaycanlı naməlum məzarlıqlarda uyuyur.

Müharibəyə gedənlərimiz Vətən üçün savaşdıqlarına inanıblar, arxa cəbhədə olanlar hər şeylərini Vətən üçün verdiklərinə əmin idilər!

Müharibədən geri qayıdanların böyük əksəriyyəti əlil idi və yaxud canında qəlpələr gəzdirirdi, ancaq sinələri medallarla dolu idi, başları dik idi, qürurluydular.

9 May – 300 mindən çox azərbaycanlının uğurunda öldüyü, 300 mindən çox azərbaycanlının canında ağrılarını daşıdığı dəhşətli müharibənin başa çatdığı, həm də Qələbə ilə başa çatdığı gündür.

Hər birimizin 41-45 savaşına gedən və qayıtmayan, yaxud şikəst qayıdan babamız olub.

Hər birimizin o dəhşətləri yaşamış nənəmiz olub.

İndi də o dəhşətləri görən nənə-babalarımızdan sağ olanlar var!

9 May – harada dəfn olunduğu və ya dəfn olunub-olunmadığı bilinməyən 300 min azərbaycanlının günüdür!

9 May – 300 mindən çox azərbaycanlının Rusiya, Ukrayna, Belarus, Polşa, Moldova, Almaniya… çöllərində, meşələrində, dağlarında, dərələrində… itirdiyi barmağının, əlinin, qolunun, ayağının günüdür!

9 May – həm də xalqımızın yaşadığı böyük qırğının bitdiyi tarixdir!

Biz bu qələbə üçün hər şeydən keçənlərin önündə gələn xalqlardan biriyik!

…Naməlum əsgər heykəllərini xatırlayıram, 9 May ərəfəsində o heykəllərin təmizləndiyini, ətrafının əhəngləndiyini, gül-çiçək əkildiyini, hərbi orkestrin müşayiəti ilə veteranların gəlişini, çıxışını, danışdıqları xatirələrini yada salıram. Bir də o veteranların nəmli gözlərini, kədərlərini və çox qəribə, izahedilməz qürurunu…

Bütün dərdləri ilə, xatirələrindəki ağrı-acılarla qürurla önümüzdə düzülərdilər.

Onlar canlı vətənpərvərlik nümunəsi idi.

Onlar bizim böyüklərimiz idi.

Onlar bizim üçün canlarını oda atdıqlarından əmin idi.

İndi biz onların xatirəsini yad etməməli, 600 min doğmamızı xatırlamamalı, onların canı bahasına qazanılan Qələbədən imtina etməliyik?

Hələ Sovet İttifaqı qəhrəmanlarımız – Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov, Gəray Əsədov, Qafur Məmmədov və bu adı alan 127, almayan minlərlə azərbaycanlı…

Hələ Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov və onminminlərlə partizan soydaşımız…

Onlar alman əsirliyindən qaçıb, başqa ölkələrdə gizlənə də bilərdilər. Ancaq partizan savaşına qoşulmuşdular, çünki faşizmə qarşı hər yerdə mübarizə aparırdılar.

Onların “Vətən uğrunda” savaşmasını gözardı edə bilərsiniz, ancaq 600 mindən çox azərbaycanlının, Avropanın müxtəlif yerlərində minlərlə azərbaycanlı partizanın məhz faşizmə, məhz işğala qarşı savaşdığını gözardı edə bilməzsiniz.

Biz onların xatirəsinə sayğı göstərməyə bilmərik.

Biz babalarımızın ruhuna hörmətsizlik edə bilmərik.

Və biz bu Qələbə gününü Rusiyaya bağışlaya bilərik.

9 May – Azərbaycan xalqının da canı bahasına qazanılan Qələbə günüdür.

Faşizmə, işğala qarşı və Vətən saydıqları torpaqlar uğrunda canlarını verən 600 min azərbaycanlı, ruhunuz şad olsun!

(Publika.az)