Qənirə Paşayeva Baş nazirə müraciət etdibackend

Qənirə Paşayeva Baş nazirə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gələn il məşhur bəstəkar, Azərbaycan Respublikasının və Dağıstanın Xalq artisti Elza İbrahimovanın anadan olmasının 85-ci ildönümü tamam olacaq, amma onun adının əbədiləşdirilməsi üçün görülən işlər yarımçıq qalıb”.

NOCOMMENT xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentdə büdcə müzakirələrində Baş nazir Əli Əsədov və hökumət üzvlərinə müraciətində deyib.

O, sənətkarın 85 illik yubileyinə az qaldığını, Elza İbrahimovanın yaşadığı yerdə memorial abidənin qoyulması ilə bağlı qərarın təmin edilməsinə çağırıb.

“2023-cü ilin yanvar ayının 10-da 85 illik yubileyi olacaq Azərbaycan və Dağıstanın Xalq artisti, Azərbaycan Prezidentinin təqaüdçüsü olmuş böyük bəstəkar Elza İbrahimovanın ailə üzvləri ilə bugünlərdə Mədəniyyət Komitəsində görüşdük. Elza xanımın yubileyinə çox az qalıb. Eyni zamanda, 2023-cü ilin 11 fevralında onun dünyadan köçməsinin 11-ci ildönümü tamam olur. Cənab Prezident Elza xanımın 80 illik yubileyində Sərəncam imzalamışdı və orda, sənətkarın adının əbədiləşdirilməsi ilə bağlı bütün məsələlər nəzərdə tutulub. Nazirlər Kabinetinin 2019-2020-ci illərdə görkəmli şəxslərin adının əbədiləşdirilməsi komissiyasında Elza İbrahimovanın yaşadığı binaya memorial lövhənin qoyulması ilə bağlı yekdilliklə qərar qəbul edilib. Çox təəssüf ki, bu günə qədər Elza İbrahimovanın yaşadığı binada həmin memorial lövhə vurulmayıb. İndi 85 illik yubiley çatır və sənətkarın ailəsi xahiş edir ki, biz Mədəniyyət komitəsi olaraq bu məsələni hökumətimizdən, cənab Baş nazir, şəxsən sizdən xahiş edək. Çünki bilirsiz, Elza xanım düz 30 ildən sonra cənab Prezidentin, hörmətli Mehriban xanımın iştirakı ilə keçirilən “Xarıbülbül” festivalının sonluğundakı “Ey, Vətən” nidalı möhtəşəm əsərin də müəllifidir. Elza İbrahimova şəhidlərimizlə bağlı, ümumən Qarabağ mövzusunda, Vətən mövzusunda çox unudulmaz əsərlərin müəllifidir. Ona görə, çox xahiş edirəm, ailənin, mədəniyyət xadimlərinin xahişini nəzərə alaraq, sənətkarın yubileyinə qədər memorial lövhənin o binada qoyulması məsələsinin həlli üçün əlinizdən gələn köməkliyi əsirgəməyəsiniz”, – deyə Qənirə Paşayeva çağırış edib.

T.İSMAYIL