KoronaVirus İnformasiya Portalı
Qənirə Paşayeva: Maskadan istifadə etməyənlər, sosial məsafəni gözləməyənlər barədə daha ciddi tədbirlər görülməlidirbackend

Qənirə Paşayeva: Maskadan istifadə etməyənlər, sosial məsafəni gözləməyənlər barədə daha ciddi tədbirlər görülməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva qapalı məkanlarda tibbi maskadan istifadə olunmasını, sosial məsafənin gözlənilməsini şəxsi nümunələrində göstərir və bu barədə dəfələrlə vətəndaşlara müraciətlər ediblər. Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin yumşaldılması müəyyən qrup insanlarda arxayınlıq yaratdı. İndiki böhran vəziyyətində bu, qətiyyən yolverilməzdir. Biz özümüzü qorumaqla, təhlükəsizlik tədbirlərinə riayət etməklə, həm də cəmiyyətimizi qorumuş oluruq. Qlobal məsələ ilə bağlı məsuliyyətsizlik göstərmək, laqeydlik nümayiş etdirmək mövcud vəziyyəti daha da kəskinləşdirə bilər. Düşünürəm ki, qapalı yerlərdə maskadan istifadə etməyənlər, sosial məsafəni gözləməyənlər barədə daha ciddi tədbirlər görülməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva AZƏRTAC-a açıqlamasında deyib.

Komitə sədri diqqətə çatdırıb ki, iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak etdilər. Deputat deyib: “Ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana Gəncədə istifadəyə verildi. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda fəaliyyət göstərir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Koronavirus xəstələrinin sayının artdığını nəzərə alsaq, əlavə 2 min çarpayının əldə olunması xəstəliklə mübarizədə öz müsbət rolunu oynayacaq. Bütün dünya bu xəstəlikdən əziyyət çəkir və xəstələrin sayının kəskin artması bir çox ölkələrin səhiyyə sisteminə də böyük zərbə vurub. Təbii ki, heç bir ölkənin səhiyyə sistemi belə sürətlə artan xəstələrin müalicəsinə hazır deyildi. Eyni zamanda, digər problem isə xəstələrə xidmət edən həkimlərin sayı ilə bağlıdır. Həkimlərin sayını təbii ki, 2-3 ay ərzində artırmaq mümkün deyildir. Təəssüflər olsun ki, yoluxanların sayı kəskin artdığından həkim personalı çatışmır”.

Qənirə Paşayeva xatırladıb ki, dövlətin koronavirusun ilk günlərindən qabaqlayıcı tədbirlər görməsi, məhdudlaşdırıcı qaydalar tətbiq etməsi diqqətəlayiqdir, amma qaydalar yumşaldılandan sonra insanlarda bir arxayınlıq yarandı. Vətəndaşlar maskadan istifadə etmir, sosial məsafəni gözləmədikləri üçün hazırda fəsadlar yaşanır. Demək ki, koronavirusla mübarizədə məhdudlaşdırıcı tədbirlərin görülməsi, cərimələrin tətbiqinin faydası vardır. Çünki hadisələrin dinamikası göstərir ki, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Belə olan halda məsuliyyətsiz və laqeyd vətəndaşları cəzalandırmaq zərurətə çevrilib. “Prezidentin tibbi maskadan istifadə ilə bağlı dedikləri, bu mövzuda bir daha çağırışlar etməsi diqqətçəkən məqamlardandır. Azərbaycan Prezidenti birmənalı olaraq vətəndaşları ehtiyatlı olmağa, sanitar-gigiyena qaydalarına riayət etməyə çağırdı: Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik.…Gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır”.

Deputat vurğulayıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı bilir ki, dərmanı tapılanadək koronavirus bizimlədir və biz bu xəstəliklə yaşamağa məcburuq. Dövlətin başçısının da vurğuladığı kimi, artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə ölkəmiz bu problemlə üzləşib və biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, müsbət heç nə demək mümkün deyil. Bizim dövlətimizə dəstəyimiz ondan ibarətdir ki, 3 adi qaydanı – maska, məsafə və dezinfeksiya –gözləyək, məsuliyyətli və nizam-intizamlı olaq.

Deputat dövlətin gördüyü tədbirlər nəticəsində ölkədə xeyli sayda xəstəxanaların koronavirusa yoluxan xəstələrə xidmət etdiyini qeyd edərək deyib: “Xəstəxanalar kifayət qədərdir, amma o xəstələrə baxan, qulluq edən həkim personalı çatışmır. Görün, ölkəmizdə nə qədər həkim bu xəstəlikdən dünyasını dəyişib. Axı həkimlər də yoluxur, həkimlər də ölür. Sabah bu pandemiya daha geniş vüsət alsa, vəziyyət necə olacaq?! Hər bir vətəndaş bu barədə ciddi düşünməlidir, vəziyyətin kritik olduğunu anlamalıdır. Prezident İlham Əliyev xəstəxananın açılışındakı nitqində həyəcan təbili çalaraq dedi: “Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır”.

Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı və onun sağlamlığı ilə bağlı görülən işlər dayanır. Azərbaycan Prezidenti İlham Əliyev üçün insanların sağlamlığı həmişə, birmənalı və tərəddüdsüz şəkildə birinci yerdə olub”.