2024-cü il 3 dekabr tarixində Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları gənclər ictimai birliyi tərəfindən “Gənclər arasında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin müasir informasiya metodları ilə təbliği” adlı tədbir keçirilib.
Azərbaycan Dillər Universitetinin konfrans zalında baş tutan tədbirdə çıxış edən layihə rəhbəri Vüsalə Hümbətli bildirib ki, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin təbliğ olunmasında arxiv sənədlərinə, xəritələrə eləcədə tarixi sənədli filmlərə istinad etməklə gerçək tarixi faktları üzə çıxarmaq onları gənclər arasında təbliğ etmək tədqiqatçıların prioritet vəzifəsi olmalıdır.
Vüsalə Hümbətli əvvəlki adı “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları gənclər ictimai birliyi olan, hazırda “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları gənclər ictimai birliyi kimi adlanan təşkilat tərəfindən Qərbi Azərbaycanın rəqəmsal metodlarla təbliğinə həsr olunmuş bir sıra layihələr icra edilmişdir. İrəvan – gizlədilmiş həqiqətlər” sənədli filmi (Azərbaycan, ingilis, rus, türk, fransız dillərində), “Zəngəzur” sənədli filmi (Azərbaycan, ingilis, rus dillərində), “Göyçə – itirilmiş ocaq” sənədli filmi (Azərbaycan, türk, ingilis, rus dillərində), “Qafqaza erməni köçü” Sənədli filmi (Azərbaycan, ingilis, rus dillərində) məhsulları bu qəbildəndir. Təşkilatın social media hesabları vasitəsilə də bu məhsullar yerli və dünya ictimaiyyətinə çatdırılır.
Vüsalə Hümbətli Azərbaycan türklərinə, onların toponimlərinə və qədim abidələrinə qarşı erməni vandalizmini elmi araşdırmalarla ifşa etməyin vacib olduğunu vurğulayıb.O, Eyni zamanda Qərbi Azəbaycan tarixinin müasir informasiya metodları ilə təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, hazırda dünyada informasiya təhlükəsizliyi vacib məsələdir. İnformasiya resursları vasitəsilə ölkəmizə qarşı həyata keçirilən informasiya hücumlarının qarşısı alınmalıdır, gənclər tərəfindən tarixi həqiqətlərin informasiya resursları vasitəsilə təbliği davamlı şəkildə aparılmalıdır.
Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, Rasim Rzayev Qərbi Azərbaycanın tarixi və mədəni irsinin daha dərindən öyrənilməsinin əhəmiyyətindən eyni zamanda Qərbi Azərbaycan ərazisində türk-müsəlman abidələrinə qarşı erməni vandalizminin faciəli nəticələrindən bəhs edi. Qərbi Azərbaycanın türk mənşəli topnimlərinin saxta erməni adları ilə əvəz edilməsinin, XX əsrdə Qərbi Azərbaycan ərazisində Azərbaycan xalqının maddi-mədəni irsinə və tarixi-coğrafiyasına qarşı törədilən cinayətlərin erməni faşizmi nəticəsində baş verdiyini diqqətə çatdırıb. O da informasiya resurlarının Qərbi Azərbaycan həqiqətlərinin yayılmasında önəmindən danışdı.
Tədbirdə “Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan – gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş edilib.