Qərbi azərbaycanlılar BİRLƏŞİRLƏR – Hədəf Zəngəzur, Göyçə və İrəvandırbackend

Qərbi azərbaycanlılar BİRLƏŞİRLƏR – Hədəf Zəngəzur, Göyçə və İrəvandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Azərbaycan uğrunda mübarizə aparan təşkilatlar qüvvələrini birləşdirməyə başlayıb. Artıq bu istiqamətdə ilk addımlar atılıb, bəzi təşkilatlar arasında əməkdaşlıq protokolu imzalanıb.

Qərbi Azərbaycanı təmsil edən qüvvələrin birliyi nədən xəbər verir? Bu birlikdə əsas hədəf nədir?

NOCOMMENT xəbər verir ki, deputat Əziz Ələkbərli bununla bağlı modern.az-ın suallarını cavablandırıb:

– Əziz müəllim, rəhbəri olduğunuz Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması ilə Deportasiya Qurbanları Cəmiyyəti arasında Əməkdaşlıq protokolu imzalandı. Bu birliyin qərbi azərbaycanlılar üçün hansı müsbət cəhətləri olacaq?

– Azərbaycan Qaçqınlar Cəmiyyəti 1989-cu ildə yaranıb və 33 ildir 1988-ci ildə Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindən qovulmuş soydaşlarımızın problemləri ilə məşğul olur. Bu 33 ildə Qərbi Azərbaycanla bağlı bir çox ictimai təşkilatlar, hətta qaçqınların və məcburi köçkünlərin işləri ilə məşğul olmaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi yaradılıb. Həmin ictimai təşkilatların bəziləri fəaliyyətlərini dayandırıb, bəziləri bu gün də fəaliyyətlərini davam etdirir, “Qaçqınkom” isə uzun illərdir məcburi köçkünlərimizin sosial-məişət problemləri, müvəqqəti məskunlaşması ilə məşğul olub və insafən, bu sahədə xeyli işlər görüb.

44 günlük Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı və Qarabağ münaqişəsi tarixin arxivinə göndərildi. İndi bu münaqişə və müharibənin nəticələri – xalqımız üçün törətdiyi faciələr aradan qaldırılır. Bu nəticələrdən biri də 1988-1991-ci illərdə Qərbi Azərbaycandan 300 min nəfərə yaxın soydaşımızın dədə-baba yurdlarından ermənilər tərəfindən vəhşicəsinə qovulmasıdır. Bu məsələdə də tarixi ədalət bərpa olunmalı, insanlarımız öz doğma ocaqlarına qayıtmalıdırlar.

Bu tarixi məqamda, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq, biz də üzərimizə düşən tarixi missiyanı dərk edir və əlimizdən gələni etməyə çalışırıq. Lakin bu, təkcə bir təşkilatın məsələsi deyil, bu, ümummilli məsələdir və bu məsələdə hər kəs öz gücünü səfərbər etməlidir. Biz ilk növbədə Azərbaycanda və xaricdəki Qərbi Azərbaycan yönümlü təşkilatlarla əlaqələri gücləndirməyə start vermişik. Biz bu təşkilatlarla birgə fəaliyyət proqramı hazırlayacaq və birgə fəaliyyət göstərəcəyik. Birgə və əlaqəli fəaliyyət göstərmək gücümüzü qat-qat artıracaq. Bəli, bu günlərdə Deportasiya Qurbanları Cəmiyyəti ilə Əməkdaşlıq Protokolu imzaladıq. Bu təşkilat Azərbaycan Qaçqınlar Cəmiyyətindən sonra Qərbi Azərbaycanla bağlı rəsmi qeydiyyatdan keçmiş ikinci təşkilatdır və bu təşkilatda bizim xeyli tanınmış ziyalılarımız, vətənpərvər insanlarımız birləşib.

Bir neçə gün əvvəl biz daha bir təşkilatla – rəsmi qeydiyyatda olan və indiyə qədər xeyli uğurlu fəaliyyət göstərmiş İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi ilə Protokol imzaladıq.

– Aydındır ki, bundan sonrakı hədəf Azərbaycanın tarixi torpaqları, onlar haqqında həqiqətlərin dünyaya çatdırılmasıdır. Bununla bağlı daha hansı təşkilatlarla (həm beynəlxalq, həm yerli) əməkdaşlıq etməyi düşünürsünüz?

– Təbii ki, 44 günlük Vətən Müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra dövlət və millət olaraq hədəfimiz Azərbaycanın tarixi torpaqlarıdır. Bu, bizim tarixi-mənəvi haqqımızdır. Birincisi ona görə ki, Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş insanlarımız dədə-baba ocaqlarına qayıtmalıdırlar. İkincisi ona görə ki, dünya gördü ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir və həmin ərazilərin guya ermənilərə məxsus olması erməni yalanından, saxtakarlığından başqa bir şey deyil. Biz 30 illik gərgin siyasi, diplomatik, elmi, informasiya mübarizəsi nəticəsində dünyanı buna xeyli dərəcədə inandıra bildik. İndi eyni proses Qərbi Azərbaycanla bağlı getməlidir. Biz bu ərazilərlə bağlı da erməni yalan və saxtakarlıqlarını sona qədər ifşa etməliyik, dünya həqiqəti bilməli və tarixi ədalətin bərpasında yanımızda olmalıdır. Bunun üçün də Qərbi Azərbaycan həqiqətlərinin ortaya qoyulması və beynəlxalq ictimaiyyətə çatdırılması bizim üçün prioritet məsələlərdəndir.

Məsələn, bu günlərdə Qərbi Azərbaycan İcması SİNAM şirkəti ilə birgə Rəqəmsal və Nəqliyyat Nazirliyinin texniki dəstəyi ilə böyük bir layihə həyata keçirdi – indiki Ermənistanın Azərbaycan toponimləri öz əksini tapmış interaktiv xəritəsinin təqdimatını keçirdi. Bu Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yolunda çox böyük addımdır.

Bütün bu məsələlərə görə də əməkdaşlıq etdiyimiz və etməyi nəzərdə tutduğumuz təşkilatlar arasında yerli təşkilatlarla yanaşı, xarici təşkilatlar da az deyil. Məsələn, Türkiyədə soydaşlarımızın yaratdığı Çağdaş Azərbaycan Kültür Dərnəyi ilə Protokol imzalamışıq. Hazırda Niderlandda “Hollanda Azərbaycan-Türk Kültür Dərnəyi” ilə belə bir sənədin imzalanması ərəfəsindəyik. Bu proses sürətlə gedir və vaxtaşırı medianı məlumatlandıracağıq.

Bundan başqa, Qərbi Azərbaycan İcması olaraq, bizim bir sıra xarici ölkələrdə təmsilçilərimiz var. Bu ölkələr sırasında Almaniya, Niderland, İngiltərə, Rusiya və qardaş Türkiyə üstünlük təşkil edir.

– Azərbaycanın tarixi torpaqları olan Zəngəzur, Göyçə, İrəvanla bağlı hansı addımların atılması vacibdir? Bu haqda tövsiyələriniz maraqlıdır.

– Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan çox geniş ərazidir, orada bizim çox böyük tariximiz, mədəni irsimiz, abidələrimiz, folklorumuz, maddi və mənəvi dəyərlərimiz olub. Biz onların hamısına sahib çıxmalıyıq. Sahib çıxmaq üçün də bu sahələrin hamısı dərindən və sistemli şəkildə öyrənilməlidir. Bu məsələdə özfəaliyyətə və pərakəndəliyə yol vermək olmaz. Mən bu məsələnin həll yolunu Qərbi Azərbaycan İnstitutunun yaradılmasında və ya mövcud təşkilatlardan birinə həmin səviyyədə imkan və şəraitin yaradılmasında görürəm. Əsas odur ki, bu məsələdə gözləmə mövqeyi tutmayaq, itirilən hər il yox, hər gün, hər saat bizi düşmənlə informasiya mübarizəsində bir az daha artıq tərksilah vəziyyətinə salır.