74 yaşlı Naibə Hüseynovanın əlilliyə görə aldığı pensiyası 2 aydır dayandırılıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Naibə Hüseynovanın qızı Ruhiyyə İsmayılova deyir ki, evləri satıldıqdan sonra qeydiyyatdan çıxarıldığı üçün anasının pensiyası kəsilib.
Ruhiyyə İsmayılovanın sözlərinə görə, onlar əslən Göyçay rayonundandırlar. Bu ilin yanvar ayına kimi də orada yaşayıblar. Anasının müalicəsi üçün Bakıya gəldiyini bildirən Ruhiyyə İsmayılova deyir ki, iki aydır yataq xəstəsi olan anası pensiya ala bilmir. Ailə Bakıda kirayə yaşayır.
Onun sözlərinə görə, hazırda ailə çarəsiz durumdadır. Çünki qeydiyyata düşmək üçün yaşayış ünvanı olmadığından pensiya bərpa olunmur.
Dövlət Sosial Müdafiə Fondundan sorğumuza cavab olaraq bildirldi ki, Hüseynova Naibə Fətulla qızının əlilliyə görə pensiyası şəxsiyyət vəsiqəsi deaktiv olduğu üçün iyul ayından elektron sistem tərəfindən avtomatik olaraq dayandırılıb. Şəxsiyyət vəsiqəsi aktivləşdirildikdən sonra rəsmi qaydada Dövlət Sosial Müdafiə Fondunun rayon filialına və ya ərazi üzrə xidmət göstərən DOST Mərkəzinə müraciət etməsi tövsiyə olunur.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsindən isə “Xəzər Xəbər”ə bildirildi ki, Göyçay rayon sakini Hüseynova Naibə Fətulla qızına 18.06.2012-ci il tarixdən II dərəcə müddətsiz əlillik dərəcəsi təyin edilib. Vətəndaşın hazırda aktiv əlillik statusu mövcuddur, əlillik dərəcəsi qüvvədədir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan isə bildirildi ki, Göyçay rayon sakini Naibə Hüseynova yaşadığı ünvandan qeydiyyatdan çıxarıldığına görə onun şəxsiyyət vəsiqəsi deaktiv edilib. Mövcud qanunvericiliyə əsasən, şəxsiyyət vəsiqəsinin etibarlı hesab olunması üçün vətəndaşın yaşayış yeri üzrə daimi qeydiyyatda olması zəruridir. Yeni şəxsiyyət vəsiqəsi əldə etmək üçün vətəndaş hüquqi əsaslı özünə məxsus olan mənzildə və ya mülkiyyətçinin razılığı əsasında hər hansı digər mənzildə qeydiyyata düşərək ərazi polis orqanına müraciət edə bilər. Bundan sonra vətəndaşın yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün yaşadığı ünvanda səyyar xidmət göstəriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.