Qəzada ölən liderlər…backend

Qəzada ölən liderlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təyyarə və helikopter qəzaları tarix boyu bir çox insanın həyatına son qoyub. Bu qəzalardan bəzi hallarda dövlət başçıları və digər yüksəkrütbəli şəxslər də qurtula bilməyib. Prezidentlərin belə faciəli hadisələrdə həyatlarını itirməsi dövlətlərin siyasi və sosial həyatı üzərində dərin izlər buraxır. Belə ki, bu cür dəhşətli hadisələrdən biri məhz dünən İranda yaşandı. Ölkə Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslər helikopter qəzasında həlak oldular.

NOCOMMENT.az qafqazinfo-ya istinadla dünya tarixində prezidentlərin ölümü ilə nəticələnən helikopter və təyyarə qəzalarını təqdim edir:

1940-cı ilin sentyabrın 7-si Paraqvay Prezidenti Xose Feliks Estiqqaribia və həyat yoldaşı Culiya Miranda Cueto ölkədaxili turda idi. Onun təyyarəsi Aqapueydə qəzaya düşüb və göyərtəsindəkilərin hamısı həlak olub.

1957-ci il martın 17-də Filippinin Sebu adasındakı Manunqal dağının yamaclarında “C-47 Skytrain” nəqliyyat təyyarəsi qəzaya düşüb. Qəzada Filippin Prezidenti Ramon Maqsaysay da daxil olmaqla, 26 sərnişindən 25-i həlak olub.
Qısa müddət ərzində Braziliyanın müvəqqəti prezidenti vəzifəsini icra edən Nereu Ramos 1958-ci il iyunun 16-sı vəfat edib. O, Kruzeyro-do-Sul reysi ilə uçarkən Parana əyalətində Curitiba Afonso Pena beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb. Ramos Braziliya İmperiyasında doğulmuş sonuncu prezident idi.
İraq Prezidenti Əbül Salam Arif 1966-cı ilin aprelin 13-ü İraq Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarənin qəzaya düşməsi nəticəsində həlak olub. Bundan sonra onun səlahiyyətlərini qardaşı Əbdül Rəhman icra edib.
Braziliya hərbi diktaturasının ilk Prezidenti Alenco Kastelo Branko prezidentlikdən getdikdən dörd ay sonra, 1967-ci ilin iyulun 18-i Fortalez yaxınlığında “Piper PA-23” təyyarəsinin havada toqquşması nəticəsində ölüb.
Boliviya Prezidenti Rene Barrientos Ortuno 1969-cu ilin aprelin 27-si Koçabamba yaxınlığında helikopterinin eniş zamanı qəzaya uğraması nəticəsində həlak olub. Bu günə qədər prezidentin helikopterinin vurulması ehtimalı ilə bağlı məlumatlar yayılsa da, bütün araşdırmalar bunun qəza olduğu qənaətinə gəlib.
Ekvadorun tarixi 1981-ci ildə Prezident Xayme Roldos və həyat yoldaşı Martha Bukaramın şübhəli təyyarə qəzasında ölümləri ilə sarsılıb…
Mozambikin ilk Prezidenti Samora Machel 1986-cı ilin oktyabrın 19-u “Tupolev 134” təyyarəsi ilə Cənubi Afrikada Mbuzini yaxınlığındakı təpəyə çırpılaraq ölüb. O, Zambiyanın Mbala şəhərində keçirilən sammitdən Maputoya qayıdırdı.
Pakistan Prezidenti (və ordunun baş generalı) Məhəmməd Ziya-ül-Həqin ölümünə də müəmmalı hava qəzası səbəb olub. 1988-ci ilin avqustun 17-si Bahavalpur hava limanından qalxan, göyərtəsində 30 nəfər olan “C-130 “ təyyarəsi uçuşdan 2 dəqiqə sonra güclü şəkildə yerə çırpılaraq parça-parça olub.
1994-cü ilin aprelin 6-sı axşam saatlarında Ruanda Prezidenti Jyuvenal Habyarimana və Burundi Prezidenti Kiprien Ntaryamiranı daşıyan təyyarə Ruandanın Kiqali şəhərinə enməyə hazırlaşarkən hava raketləri ilə vurulub və hər ikisi öldürülüb. Sui-qəsd 20-ci əsrin sonlarının ən qanlı hadisələrindən biri olan Ruanda soyqırımını tətikləyib.
Şimali Makedoniya Prezidenti Boris Traykovski 2004-cü ilin fevralın 26-sı Bosniya və Herseqovinanın Mostar şəhərində təyyarə qəzasında həlak olub. O, iqtisadi konfransa gedirmiş. Təyyarənin qəza etməsinə səbəb qatı duman və güclü yağış olub. Traykovski vəzifəsi dövründə ölən Şimali Makedoniyanın yeganə prezidentidir.
2010-cu ilin aprelin 10-u Polşa Hərbi Hava Qüvvələrinə məxsus “Tu-154” təyyarəsinin Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində göyərtəsində olan Polşanın dördüncü Prezidenti Lex Kaçinski və 96 nəfərin hamısı həlak olub. Ölənlər arasında birinci xanım, iqtisadçı Mariya Kaçinska da var idi.
Çilinin eks-Prezidenti Sebastyan Pinera da helikopter qəzasında həlak olub. O, 2010-2014 və 2018-2022-ci illərdə Çilinin Prezidenti olub. Pinera ölkənin cənubunda helikopter qəzasından sonra suya düşərək boğularaq ölüb.