Qəzzada sülh, Yaxın Şərqdə atəşkəs – Keyfiyyətcə yeni İsrailə doğru – ŞƏRHbackend

Qəzzada sülh, Yaxın Şərqdə atəşkəs – Keyfiyyətcə yeni İsrailə doğru – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarından İsrailin Müdafiə Ordusunun (TSAXAL) qoşunları Qəzza şəhərindən və zolağın mərkəzi hissəsindən çıxmağa başlayıb. Əməliyyat ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında əldə edilmiş razılaşma çərçivəsində həyata keçirilir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, TSAXAL qüvvələri əraziyə nəzarət və müdafiəni təmin edən strateji cəhətdən vacib mövqeləri saxlayaraq qoşunları “sarı xətt” adlanan sərhədə çəkir.

İsrailin Baş naziri Binyamin Netanyahunun ofisindən bildirilib ki, atəşkəs rejimində Müdafiə Ordusunun əsgərləri Qəzza zolağının təxminən 53 faizini nəzarət altında saxlayacaq.

Bundan sonra HƏMAS-ın qalan girovları İsrailə qaytarmaq üçün 72 saatı olacaq. 2023-cü il oktyabrın 7-də ələ keçirilən 251 girovdan 48-i hələ də əsirlikdə qalır. İsrailin qiymətləndirməsinə görə, onlardan 20-si sağdır.

Girov və əsirlər nə vaxt azad ediləcək? Əvvəlcə atəşkəsin İsrail hökuməti tərəfindən təsdiqindən dərhal sonra qüvvəyə minəcəyi bildirilirdi. Ancaq oktyabrın 9-da Baş nazirin dəftərxanası bəyan edib ki, razılaşmanın icrasına İsrail Nazirlər Kabinetində səsvermədən sonra 24 saat ərzində başlanacaq.

Başqa mənbələr bildirib ki, girovların azad edilməsi oktyabrın 13, yaxud 14-də gözlənilir. Bu barədə ABŞ Prezidenti Donald Tramp ötən gün, İsrail Nazirlər Kabinetində atəşkəslə bağlı səsvermədən əvvəl bəyan edib.

İsrail tələb edir ki, bütün girovlar (sağ və ölü) eyni vaxtda qaytarılsın. O, HƏMAS-a bu dəfə girovların qaytarılmasının əvvəlki mərhələlərində müşayiət olunan təbliğat tədbirlərindən çəkinməyi qəti şəkildə tövsiyə edib. Çünki əvvəlki mübadilə mərasimlərində qruplaşma azad etdiyi israillilərdən müsahibə götürmüş, onların görüntülərini lentə almış və başqa özünütəbliğ elementlərindən istifadə etmişdi.

Öldürülmüş girovların meyitlərinin hamısının HƏMAS-ın əlində olmasından İsrail tərəfdə şübhələr var. Yəhudi dövləti kəşfiyyatının məlumatlarına görə, onlar ayrı-ayrı qruplaşmalar tərəfindən saxlanılaraq müxtəlif vaxtlarda və sektorun fərqli rayonlarında qətlə yetirilib. Bu baxımdan, ehtimal edilir ki, meyitlərin bir hissəsinin yerləşdiyi ərazidən HƏMAS da xəbərsizdir. Məlumata görə, belə meyitlərin sayı 7-15 ola bilər.

İsrail girov mübadiləsi siyahısına terrorçu saydığı məhbuslardan bəzilərini daxil etməmək qərarına gəlib. Onların arasında Marvan Barquti, Əhməd Saadat, Abbas əs-Sayid və Həsən Salamə də var. Bundan əlavə, bu siyahıya ömürlük həbs cəzasına məhkum edilmiş Həkim Avad və Mahmud Atalla da daxil edilib.

Məlumata görə, müqavilə çərçivəsində İsrail həbsxanalarında saxlanılan 270 fələstinlidən ömürlük həbs cəzasına məhkum edilmiş 250 məhbusun sərbəst buraxılması planlaşdırılır. Azad olunanlar Qəzzaya, yaxud onları qəbul etməyə razı olan xarici ölkələrə deportasiya ediləcək. Bu istiqamətdə dövlətlərlə də artıq danışıqlar aparılır.

Bundan başqa, 2023-cü il oktyabrın 7-si hadisələrində iştirak etməmiş, həmin tarixdən sonra həbs edilmiş Qəzza sektorunun 1700 sakini, həmçinin məlum hadisələrə qarışmayan yetkinlik yaşına çatmamış 22 nəfər də sərbəst buraxılacaq.

Qeyd edək ki, Trampın Qəzza planı, HƏMAS-la atəşkəs razılaşması İsrailin Nazirlər Kabinetində təsdiqlənib. Ancaq, deyəsən, bu atəşkəs və razılaşma koalisiya hökumətində problem yarada bilər. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, “qaniçən terrorçuların azad edilməsi haqqında razılşamaya” səs verə bilməz.

İtamar Ben-Qvir İsrailin ifrat sağçı “Otsma Yəhudit” Partiyasının lideridir. İsrail məhkəmələrində yəhudi məskunlaşanlarını müdafiə edir. İsrailə loyal olmayan ərəblərin ölkədən qovulmasına çağırışı ilə tanınır. Maliyyə naziri Betsalel Yoel Smotriç əvvəldə bu sövdələşməyə səs verməyəcəyini bildirmişdi. O da İsrailin ultra sağçı siyasətçilərindən sayılır. Ölkəsinin 37-ci hökumətində 2022-ci il dekabrın 29-dan maliyyə naziridir.

Ben-Qvir və Smotriç hökumətdən çıxsa, Netanyahu Knessеtdəki 120 yerdən 47-sinə malik olacaq. Hökuməti qurmaq və qorumaq üçün mütləq əksəriyyətə 61 yer lazımdır. Bu vəziyyət inkişaf edərsə, İsraildə hökumət böhranı yaranar. Ona görə də müharibə çıxan ölkədə növbədənkənar parlament seçkiləri keçirilər.

HƏMAS-ın silahsızlaşdırılması və idarəetmə prosesindən kənarda qalması qruplaşma tərəfindən hələ ki qəbul edilməyib. Onlar silahı Fələstin dövləti tanındıqdan sonra təhvil verəcəklərini bəyan edirlər. Ancaq bunun da müvəqqəti hal olduğu istisna edilmir. Çünki HƏMAS Fələstin dövləti, fələstinlilərin rifahı naminə atəşkəsə razılaşdıqlarını da vurğulayıb.

Yüksək vəzifəli ABŞ məmurlarına istinadən yayılan məlumata görə, Ştatlar Qəzza zolağında sabitliyin təmin edilməsi üçün birgə xüsusi təyinatlı qüvvələrin tərkibində 200 əsgər göndərəcək. Bölgədə sabitliyin təmin edilməsi üçün onların tərkibinə Misir, Qətər və Türkiyənin silahlı qüvvələrinin nümayəndələri də daxil olacaq.

Trampın Qəzza planı beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. İlk növbədə, İsrail və ərəb dövlətləri daxil olmaqla region ölkələri bu planı dəstəkləyiblər.

Donald Tramp elan edib ki, İran İslam Respublikasının rəsmiləri onun administrasiyası ilə əlaqə saxlayıb və “sülhə can atmaq” istəklərini, Qəzzada müharibənin dayandırılması haqqında əldə edilmiş sazişə qəti dəstəklərini bildiriblər. İran Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında İsrailə qarşı hiddət nəzərə alınmazsa, onlar da zolaqda atəşkəsə müsbət yanaşıblar.

İsrail-Fələstin münaqişəsi İkinci Dünya Müharibəsindən sonra ikiqütblü dünyada yaranan çoxtərəfli ziddiyyətli qarşıdurmadır. Ona görə də Fələstin münaqişəsi dünya güclərinin qarşıdurmasının başlıca meydanı da sayılır.

Son 20 ildə HƏMAS-ın Qəzza zolağında hökuməti ələ keçirməsi ziddiyyəti daha da dərinləşdirib. HƏMAS-ı dəstəkləyən qüvvələr Fələstin dövlətinin tanınması, vahid mərkəzdən idarəçilik, fələstinlilərin rifah halının yaxşılaşması istiqamətində addımlar atmaqdansa, daha çox HƏMAS-İsrail ziddiyyətlərinin güclənməsinə, dərinləşməsinə yardım ediblər.

Bu ziddiyyət 2022-ci il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə pikə çatmışdı. Qruplaşmaya “arxa” duracaqlarını vəd verənlər onu İsrailin əks hücumlarından müdafiədə aciz qaldılar. Onlar hətta HƏMAS-ın liderlərindən İsmayıl Həniyə, Yəhya Sinvarı və başqalarını qoruya bilmədilər. Baş verənlərə əsasən belə ehtimal etmək olar ki, sponsorları HƏMAS-ı öz maraqlarına qurban verib. Həmin qüvvələr bu yolla İsrail və ABŞ-nin zərbələrindən yayınmağı planlaşdırsalar da, ona nail ola bilmədilər. Əksinə, HƏMAS-ın son illərdəki ən güclü hamilərindən biri İran 12 günlük savaşla “mükafatlandırıldı”. Bu savaş Tehrana proksiləri sayılan silahlı qruplaşmalara yardım etməyə imkan vermədi.

Eləcə də Qətər İsrail, ABŞ və körfəzdəki ərəb dövlətləri tərəfindən “terrorçulara sponsorluq” etməkdə ittiham olunaraq təzyiqlərə məruz qalmışdı. Bir ay öncə İsrail HƏMAS-ın Qətər Dövlətindəki iqamətgahına havadan zərbə endirməklə rəsmi Dohanı mövqeyindən çəkindirdi.

Bu baxımdan, 12 günlük müharibə İranın, Dohadakı iqamətgahın vurulması isə Qətərin HƏMAS-a, xüsusi ilə Qəzzadakı müharibəyə münasibətinə təsirsiz ötüşmədi və s. Ərəb dövləti HƏMAS-la İsrail arasında danışıqların əsas oyunçularından belə oldu.

İranda isə İnqilab Keşikçiləri Qvardiyası (Sepah) razılaşmanın pozulması üçün istənilən vasitədən yararlanır. Çünki Yaxın Şərqdəki belə silahlı qruplaşmalar Sepahın şəbəkəsinə daxildir. Bu baxımdan, HƏMAS Fələstin dövlətinin, fələstinlilərin haqqını bu dəfə başqalarına, sponsorlara qurban verməyəcək kimi davranır.

Odur ki, Livan “Hizbullah”ı, Bəşşar Əsəd rejimindən sonra HƏMAS-ın da “ulduzu” sönür. Bu isə Sepahın zəifləməsi, növbənin ona da çatacağı anlamına gəlir…

Qəzzada sülh Fələstin dövlətinin 1967-ci ildəki sərhədləri daxilində bütün ərazilərinin vahid mərkəzdən idarə olunması üçün yol açır.

Zolaqda barış ərəb ölkələrinin də İsrailə münasibətinin müsbət istiqamətdə dəyişməsinə təsir göstərəcəyi istisna olunmur. Qəzzada barış, atəşkəs Fələstini regionda alət rolundan da azad edəcək. Bu, həm də Fələstin daxil olmaqla regiondakı müsəlman və ərəb dövlətləri ilə əməkdaşlıq edəcək, əlaqələr quracaq keyfiyyətcə yeni İsrailin qurulmasına da təkan verəcək…