Qış ayları bir çox insan üçün yalnız hava şəraitinin dəyişməsi deyil, həm də psixoloji vəziyyətdə müəyyən dalğalanmalarla müşayiət olunan bir dövrdür. Gün işığının azalması, havanın erkən qaralması, soyuq temperatur və sosial aktivliyin məhdudlaşması emosional fonun zəifləməsinə, yorğunluq və ruh düşkünlüyünə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bu dövrdə psixoloji sağlamlığa təsir edən amillər kompleks xarakter daşıyır və həm bioloji, həm də sosial faktorlarla bağlıdır.
Qışda günəş işığının azalması orqanizmdə serotonin və melatonin hormonlarının balansına birbaşa təsir edir. Serotonin əhval-ruhiyyənin sabitliyində mühüm rol oynayır, onun azalması isə kədər, apatiya və motivasiya itkisi ilə nəticələnə bilər. Melatoninin artması isə yuxululuq və enerjisizlik hissini gücləndirir. Bu dəyişikliklər bəzi insanlarda mövsümi affektiv pozuntu adlanan vəziyyətin yaranmasına səbəb olur. Psixoloqlar qeyd edirlər ki, bu hal xüsusilə artıq emosional həssaslığı olan və stressə meyilli şəxslərdə daha qabarıq müşahidə olunur.
Soyuq hava insanların fiziki aktivliyini azaldır, açıq havada keçirilən vaxt minimuma enir. Bu da həm bədən, həm də psixika üçün vacib olan hərəkət ehtiyacının ödənilməməsinə gətirib çıxarır. Fiziki hərəkətsizlik beyində “xoşbəxtlik hormonları”nın ifrazını azaldaraq əhvalın pisləşməsinə şərait yaradır. Bundan əlavə, qış aylarında sosial münasibətlərin zəifləməsi, görüşlərin və ünsiyyətin azalması tənha qalma hissini gücləndirə bilər.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan psixoloq Aysel Məmmədovanın fikrincə, qış depressiyası adlandırılan vəziyyət hər kəsdə eyni formada özünü göstərmir: “Bəzi insanlar bunu sadəcə əhval düşkünlüyü kimi yaşayır, digərlərində isə səbəbsiz narahatlıq, əsəbilik, diqqət dağınıqlığı və özünə inamın azalması müşahidə olunur. Əsas məsələ bu əlamətləri laqeyd yanaşmadan vaxtında fərq etməkdir.”
Psixoloqun sözlərinə görə, qidalanma da qış aylarında psixoloji vəziyyətə ciddi təsir göstərən faktorlardan biridir: “Günəş işığının azlığı D vitamininin çatışmazlığına səbəb ola bilər ki, bu da emosional vəziyyətə mənfi təsir edir. Şirniyyat və yüksək kalorili qidalara meyl artsa da, balanssız qidalanma əksinə, halsızlıq və ruh düşkünlüyünü dərinləşdirə bilər. Bu aylarda meyvə-tərəvəz, zülal və omeqa-3 yağ turşuları ilə zəngin qidaların qəbulunu tövsiyə edilir”.
Məmmədova qeyd edib ki, bu dövrdə psixoloji tarazlığı qorumaq üçün gündəlik rejimə xüsusi diqqət yetirmək vacibdir: “Mümkün qədər gündüz saatlarında açıq havada olmaq, evdə işıqlandırmanı artırmaq, müntəzəm yuxu rejimi saxlamaq psixoloji vəziyyətin stabilləşməsinə kömək edir. Həmçinin fiziki aktivliyi tamamilə dayandırmamaq, ev şəraitində belə sadə idman hərəkətləri etmək faydalıdır”.
Psixoloq bildirib ki, stressin idarə olunmasını da önəmli amildir: “Meditasiya, nəfəs məşqləri, sevilən hobbilərlə məşğul olmaq və sosial əlaqələri qorumaq qış aylarında psixoloji yükü azaltmağa kömək edir. Əgər əhval düşkünlüyü uzun müddət davam edir, gündəlik fəaliyyətə mane olur və həyat keyfiyyətini aşağı salırsa, mütəxəssisə müraciət etmək lazımdır”.













