Yaxın Şərqdə alovlanan müharibə təkcə hərbi poliqonlarda deyil, həm də dünyanın ən böyük birjalarında və paytaxtlarında ağır fəsadlar törətməkdədir. Dünyanın nüfuzlu iqtisadi nəşri olan “Financial Times”ın son təhlili göstərir ki, ABŞ və İsrailin İranla birbaşa hərbi qarşıdurmaya girməsi qlobal iqtisadiyyatı artıq “idarəolunmaz xaos” mərhələsinə itələyib.
NOCOMMENT.az xəbər verir ki, yaranmış kritik vəziyyətlə əlaqədar olaraq “Böyük Yeddilik” (G7) ölkələri təcili məsləətləşmələrə başlayıb. Bu fövqəladə görüşün əsas gündəmini enerji daşıyıcılarının qiymətindəki kəskin sıçrayışın qarşısını almaq və qlobal bazarlarda yaranan yanacaq qıtlığı riskini minimuma endirmək təşkil edir. Xüsusilə Hörmüz boğazı ətrafındakı hərbi əməliyyatlar səbəbindən tanker daşımalarının iflic olması dünya ticarətinin əsas arteriyalarından birini sıradan çıxarıb. Bu vəziyyət neft və qaz idxalından birbaşa asılı olan dövlətlərdə real defisit qorxusu yaradıb ki, bu da birjalarda xam neftin qiymətini son illərin rekord həddinə çatdırıb.
Analitiklər vurğulayır ki, bu geosiyasi fırtınanın ən böyük zərbəsi Avropa iqtisadiyyatına dəyib. Onsuz da kövrək olan Avropa bazarları enerji xərclərinin artması fonunda dərin resessiya və inflyasiya təhlükəsi ilə üz-üzədir. Avronun kursunun zəifləməsi və logistik zəncirin qırılması qitədə həm sənaye istehsalına, həm də gündəlik tələbat mallarının qiymətinə mənfi təsir göstərir. Hazırda dünya liderləri iqtisadi tənəzzülün qarşısını almaq üçün strateji neft ehtiyatlarının bazara çıxarılması və alternativ tədarük yollarının tapılması üzərində baş sındırırlar. Lakin hərbi eskalasiya səngiməsə, bu cür iqtisadi manevrlərin yalnız qısamüddətli effekti olacağı və qlobal maliyyə sisteminin daha ağır sınaqlarla üzləşəcəyi qaçılmazdır.
Sara,
NOCOMMENT.az










