Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Gəncə və Göygöldə yas mərasimlərində zəhərlənmə hadisəsi baş verdi. Hadisədən sonra yas mərasimlərində israfçılıq məsələsi yenidən gündəmə gəlib.
NOCOMMENT.az xəbər verir ki, Bakupost.az -a açıqlamasında ilahiyyatçı Tural İrfan təmtəraqlı yas mərasimlərində israfçılıqla bağlı xeyli vaxtdır ki, tənqidi mövqe sərgilədiklərini və təbliğat apardıqlarını bildirib.
Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bununla bağlı təşviqat işləri aparır:
“Amma təəssüf ki, ölkədəki ehsan mafiyaları buna imkan vermir. Varlılar, məmurlar dəbdəbəli yas mərasimləri təşkil edir, kasıb da onunla bəhsə girib borc, kredit, sələmə pul götürüb ehsan verir. Əslində buna ehsan da demək olmaz. Çünki ehsan təmənnasız verilir. Amma bizim yaslarda adamlar kafedəki kimi yeyib sonra da pulunu verib gedirlər. Halbuki dinimizə görə camaat özü yas evinə ərzaq, yemək aparmalıdır. Yaxud pul, maddi dəstək verməlidir. Orada yemək lazım deyil. Sadəcə uzaqdan gələn, dərman içən xəstələr, uşaqlar üçün yüngül qəlyanaltı düzəltmək olar, o da camaatın gətirdiyindən. Yoxsa yas sahibinin nəsə almasına ehtiyac yoxdur”.
İlahiyyatçı ehsan, nəzir mafiyalarına Qafqaz Müsəlmanları İdarəsi himayədarlıq etdiyini bildirib:
“Özlərinin mərasim evləri, ehsan zalları, məkanları var ki, sırf varlı məmurların ehsan verməsi üçün nəzərdə tutulub. Burada da toydakı kimi hər masanın öz qiyməti var. Bu necə olur? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, dövlət qurumları təmtəraqlı, israfçı ehsan mərasimlərini yığışdırmaq üçün təbliğat aparır, lakin Qafqaz Müsəlmanları İdarəsi və İrana bağlı kütlə bunun əksini edir”.
T.İrfan bildirib ki, saxtakar ruhanilər özləri üçün adət-ənənə, din qondarıblar:
“Allahın dini qalıb kənarda. 7, 40, cümə axşamı, il deyilən mərasimlər İslamın əksinədir. Kasıb, imkansız adamlar da ola bilsin, başqalarından geri qalmamaq üçün çətinliklə yarıtəzə, yarıköhnə ərzaq, qida tapıb camaata verirlər. Nəticədə də fəsadlar, zəhərlənmələr olur. Hesab edirəm ki, bu ehsanların, israfçılığın bilavasitə səbəbkarı Qafqaz Müsəlmanları İdarəsidir. O idarənin bu istiqamətdə fəaliyyətinin qarşısı alınmasa, vəziyyət bu cür də davam edəcək”.