Qocalar qalıb, cavanlar şəhid olur, – deyən polkovnik-leytenantın arzusu çin oldu…backend

Qocalar qalıb, cavanlar şəhid olur, – deyən polkovnik-leytenantın arzusu çin oldu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən 11-i II Şəhidlər xiyabanında, 3-ü isə doğulduğu bölgədə torpağa tapşırıldı.

Şəhid olan 14 hərbçidən biri polkovnik-leytenant Emil Nəzirovdur.

NOCOMMENT.az xəbər verir ki, əslən Lənkəran rayonunun Veravul kəndindən olan Emil Nəzirovun qardaşı Abbas Nəzirov şəhidimiz haqqında qısa olaraq Modern.az-a danışıb.

A.Nəzərov qardaşının işini nə qədər sevdiyini, ailəsinə bağlı olduğunu, övladları ilə bağlı sonsuz arzuları olduğunu dilə gətirib.

Qardaşı deyib ki, hadisə baş verən gün Emil Nəzərov evdən həmişəki qaydada ailəsilə sağollaşıb çıxıb:

“Həmişəki kimi səhər saatlarında ailəsi ilə sağollaşıb evdən çıxıb işə yollanıb.  Qəzanın baş verdiyini, şəhid olduğunu yayılan xəbərlərdən bildik. Təbii ki, çox ağır oldu. Ailəndən, canından olan biri barədə mətbuatdan xəbər almaq dəhşətlidir. Əlin çatmır, ünün yetmir, o an keçrilən hisləri heç kimə arzulamıram”.

Onun sözlərinə görə, qardaşı həm I, həm də II Qarabağ müharibəsinin ön sıralarında olub:

“1992-1994-cü illərdə Kəlbəcərdə, Füzulidə, Şuşada xidmət edib. 44 günlük müharibədə də əlindən gələn qədər vətənə borcunu yerinə yetirib. Xətai rayonu Polad Həşimov küçəsində yaşayırdılar. Həddi-büluğ yaşına çatmış 3 qız övladı var”.

Emil Nəzərovun arzularından danışarkən, qardaşı deyib ki, onun ən böyük arzusu elə şəhid olmaq olub:

“1987-ci ildə hərbi məktəbə qəbul olub, uşaqlıqdan hərbi sahəyə marağı böyük idi. Qardaşımın ən böyük arzusu şəhid olmaq olub. Özündən kiçik iş yoldaşları şəhid olanda, o qədər heyfisilənirdi, “biz qocalar qalmışıq, onlar şəhid olur”, -deyirdi həmişə. Hər ata kimi övladları ilə bağlı onunda sonsuz arzuları var idi. Çox heyf, yarımçıq qaldı”.

Qeyd edək ki, helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.