İranla İsrail arasında gərginliyin artdığı bir zamanda Azərbaycanın təmkinli mövqe sərgiləməsi, bir çox halda reaksiya verməməsi diqqət çəkir.
NOCOMMENT.az xəbər verir ki, prinsip etibarilə Azərbaycanın məsələyə münasibət bildirməyəcəyi, daha dəqiq desək, tərəf tutmayacağı bəlli idi. Rəsmi Bakı ənənəvi münaqişələrə qarışmamaq siyasətini qoruyur. Bunun ümumi mənada qəbul edilmiş adı balanslı siyasətdir.
Azərbaycan bu günə qədər hər hansı regional münaqişədə, geosiyasi qarşıdurmada konkret tərəf tutmayıb. Daha çox tərəfsiz mövqe sərgiləyib, problemlərin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyib.
Məsələn, Kəşmir münaqişəsinin iştirakçılarından olan Pakistan Azərbaycanın strateji tərəfdaşıdır. Bakı bu amilə və Hindistanın Ermənistanı silahlandırmasına baxmayaraq konkret tərəf tutmur. Rusiya-Ukrayna müharibəsini digər bir nümunə kimi göstərmək olar. Rusiya Moskva bəyannaməsi ilə Azərbaycanın rəsmi 3 müttəfiqindən biridir. Bununla belə Bakı Moskvanın işğalçı müharibəsini dəstəkləmir, lazım gəldikdə Kiyevə humanitar yardımlar edir.
Azərbaycanın rəsmi səviyyədə tanınan üç müttəfiqi, birdən çox starateji tərəfdaşı və əməkdaşlıq etdiyi ölkələr var. Bununla belə Bakı balans siyasətinin pozulmamasına çox həssas yanaşır. İranla Azərbaycan arasında vaxtaşırı problemlər yaşansa da, Bakının Tehran əleyhinə heç bir fəaliyyəti olmayıb. Halbuki İsrail Azərbaycanın strateji tərəfdaşlarından biridir, yəni İrandan bir pillə daha yuxarıdadır.
O zaman sual yaranır: Azərbaycan nə vaxt, hansı halda bir ölkəni konkret dəstəkləyə və tərəf tuta bilər?
Bakı sadəcə rəsmi şəkildə müttəqifi olan, ya da üst səviyyədə strateji tərəfdaşlıq etdiyi ölkələrə hərbi-siyasi yardım göstərə bilər. Lakin bu da yetərli deyil. Qeyd edilən iki kateqoriyadan olan bir ölkəyə rəsmi müharibə elan edilməli və toplu işğala məruz qalmalıdır ki, Azərbaycanın dəstəyi üçün əsas yaransın. Lakin bu da hələ son deyil. Qeyd olunan hal baş verdikdə rəsmi səviyyədə dəstək üçün Bakıya müraciət edilməlidir. Bu müraciətə ölkənin Milli Məclisində baxıldıqdan sonra müsabət cavab verilə bilər.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri konstitusiyaya görə başqa ölkələrin ərazisini işğal edə, beynəlxalq münaqişələrin parçası ola bilməz. Yəni ordu ölkənin təhlükəsizliyini təmin etməklə mükəlləfdir.
İran-İsrail gərginliyində konkret günahsız tərəf yoxdur. Hər iki ölkə beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozur, insanlıq cinayəti işləyir. Həm Təl-Əviv, həm də Tehran faktiki olaraq nəzarətsiz gücdən istifadə edirlər. Bakı heç vaxt belə bir münaqişənin parçası ola bilməz.//globalinfo