Ali Məhkəmədə əmlakı qəsdlə yandırmaqda təqsirləndirilən Aqşin Musalının barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 6 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində Ağsu rayonu Növcü kəndində qeydə alınıb. Belə ki, Aqşin Musalı qonşusu, zərərçəkmiş Xəlil Süleymanovun yaşadığı evin həyətində yerləşən tövlənin yaxınlığına gəlib. O, həmin evin kol-kosdan ibarət çəpərinin üzərinə yaşadığı evin həyətindən götürdüyü bir bağ küləşi qoyaraq alışqanla qəsdən yandırıb. Yanğın isə zərərçəkmiş şəxsə məxsus tövlələrə keçib. Nəticədə Xəlil Süleymanova ümumilikdə 8507 manat məbləğində maddi ziyan dəyib. Hadisədən sonra Aqşin Musalı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Ağsu Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxsin cəzasını 3 ilə endirib. Daha sonra qərardan narazı məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.