Keçmiş məcburi köçkün ailəsinin məskunlaşdığı evi mənzil sahibinin xəbəri olmadan satdığı iddia olunur.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Sabunçu rayonu, Zabrat 1, Nizami küçəsi, ev 16, mənzil 7-dən gedir.
Sabunçu sakini Cahan Quliyeva iddia edir ki, qardaşı Suliddin İbrahim 1996-cı ildə özünə ev alıb. Sonradan Moskvaya köçüb. Etibarnamə ilə evi bacısı Cahanın adına rəsmiləşdirib.
1996 -cı il martın 16-da Cahan Quliyeva evi müvəqqəti yaşamaq məqsədi ilə Qubadlıdan olan məcburi köçkün Mahirə Cəfərova və onun ailəsinə verib.
Cahan Quliyeva iddia edir ki, 33 il burada məskunlaşan ailə 1 ay əvvəl evi saxta sənədlər düzəldərək digər bir vətəndaşa satıb.
Satıldığı iddia edilən mənzildə məskunlaşan İbrahim Cəfərovla da görüşdük. O dedi ki, evi satmayıb, sadəcə təmir etdirir: “Dövlət bizə ev verəndə mənzili sahibinə verəcəm”.
Sabunçu Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ məhkəmə predmetidir. Cahan Quliyeva məhkəməyə müraciət etməlidir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, məcburi köçkünlərin məskunlaşdığı şəxsi mənzillər əvvəlki sahiblərinə qaytarılacaq.
Yəni, onlar müvəqqəti məskunlaşdıqları evlərdən çıxarılacaq, bunun əvəzində işğaldan azad olunmuş ərazilərimizdə yeni mənzillərlə təmin olunacaqlar.
Artıq bu istiqamətdə işlərə başlanılıb. Rayonlarda icra hakimiyyətləri tərəfindən şəxsi mənzillərdə məskunlaşan məcburi köçkün ailələrinin siyahısı komitəyə təqdim olunub.
Bütün məcburi köçkünlər yeni mənzillərlə təmin edildikdən sonra şəxsi evləri boşaltmalıdırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.