Gəncə şəhərində su təchizatı ilə bağlı narazılıq məhkəmə müstəvisinə çıxarılıb.
Şəhər sakini Gəncə Sukanal İdarəsinə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbi ilə məhkəməyə müraciət edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, iddiaçının sözlərinə görə, idarə tərəfindən onun adına 1440,26 manat məbləğində əsassız borc hesablanıb. O, bu məbləğin silinməsi üçün məhkəmədən qərar qəbul edilməsini istəyib.
İşə Gəncə Şəhər Məhkəməsinin hakimi Zaman İmanovun sədrliyi ilə baxılıb. Məhkəmənin hazırlıq iclasında iddiaçı ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edib.
Gəncə Sukanal İdarəsinin nümayəndəsi iddiaçının bu qərarına etiraz etməyib.
Hakim Zaman İmanov iş materiallarını araşdıraraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, iddia ərizəsinin iddiaçıya qaytarılmasına qərar verib.
Qeyd edək ki, son vaxtlar Gəncə Sukanal İdarəsinin fəaliyyəti ilə bağlı vətəndaşlar arasında sayğac göstəricilərinə uyğun gəlməyən borc bildirişləri, əsassız hesablamalar və xidmət keyfiyyəti ilə bağlı şikayətlər artmaqdadır. Bu məhkəmə işi də həmin narazılıqların məhkəmə müstəvisinə çıxan növbəti nümunəsidir.
Məhkəmənin qərardadına əsasən, tərəflər qərardan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə şikayət verə bilərlər.
Xatırladaq ki, Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyevdir.
İdarə ADSE-nın teliyindedir.
Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.
Bir neçə gün öncə yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi. İndi isə həmin problemlərlə bağlı elan edilən tenderin qalibinin dövlətə borclu şirkət olması əlavə suallar doğurur.