Quru sərhədlərin açılmasına ƏSAS ƏNGƏL – Elə bir addım atılacaq ki…backend

Quru sərhədlərin açılmasına ƏSAS ƏNGƏL – Elə bir addım atılacaq ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Milli Məclisdə bir daha quru sərhədlərimizin açılması ilə bağlı hökumətə çağırış edilib.

Deputat Qüdrət Həsənquliyev iclasda iştirak edən hökumətə müraciətlə deyib: “Hökuməti bir daha çağırıram ki, sərhədlərin açılması məsələsinə baxılsın. Siyavuş müəllim (Novruzov – red.) qeyd etdi, ölkənin daxilində ictimai təhlükəsizlik, dövlət təhlükəsizliyi yüksək səviyyədə qorunur, təmin olunur, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Ona görə heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Biz sərhədləri açmalıyıq ki, ən azı Gürcüstandan olan azərbaycanlılar, İranda yaşayan azərbaycanlılar öz vətənlərinə gələ bilsinlər”.

Qeyd edək ki, bu məsələ məlum səbəblərdən hələ də öz aktuallığını saxlayır. Bəs sərhədlərin açılmasına əsas əngəl nədir?

Samir Əsədli

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, Nazirlər Kabinetinin 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejiminin bir sıra tələblərini, o cümlədən tibbi maskadan istifadənin məcburiliyini ləğv etməsi cəmiyyətdə normal həyata dönüş əlaməti kimi qarşılandı:

“Lakin bu qərarla paralel olaraq ən çox gözlənilən addım quru sərhədlərinin açılması baş tutmadı.

Halbuki region ölkələrinin təcrübəsi bunun üçün artıq heç bir epidemioloji maneənin qalmadığını göstərir.

Bu gün Rusiya, Gürcüstan, Türkiyə və İran quru sərhədlərini açıq saxlayır. Bu fon qarşısında yalnız Azərbaycanın quru sərhədlərini bağlı saxlaması ictimaiyyətin haqlı suallarını artırır.

Əgər məsələ pandemiya ilə əlaqədardırsa, regionun digər dövlətləri bu qərarı hansı əsasla verə bilir?

Əgər səbəb təhlükəsizlik amilləridirsə, bu risklərin mahiyyəti, ölçüsü və davametmə müddəti barədə minimum izahatın verilməsi dövlət-vətəndaş ünsiyyəti baxımından vacibdir.”

Əsədli bildirib ki, məsələnin iqtisadi tərəfi də müzakirə predmetidir:

“Quru sərhədlərin bağlı qalması səbəbindən bütün yük hava nəqliyyatı şirkətlərinin üzərinə düşür. İctimai rəydə formalaşan fikir ondan ibarətdir ki, bu vəziyyət “AZAL” və “BUTA Airways” kimi şirkətlər üçün sərfəli, vətəndaşlar üçün isə əlavə maliyyə yüküdür. Uçuş biletlərinin bahalığı sərhədlərin açılmaması fonunda daha da nəzərə çarpır və alternativsiz mühit yaradır.

Sosial tərəf isə daha mürəkkəbdir. Azərbaycanın qonşu ölkələrdə yüz minlərlə vətəndaşı, qohum əlaqələri, iqtisadi və humanitar bağları var.

Sərhədlərin bağlı qalması ailə münasibətlərindən tutmuş, regionlararası iqtisadi əməkdaşlığa qədər müxtəlif sahələrdə çətinliklər yaradır.”

Onun sözlərinə görə, rəsmi qurumlar qərarı əsasən regional təhlükəsizlik, narkotik tranziti riskləri və miqrasiya axınının idarə olunması ilə izah edir:

“Lakin bu arqumentlərin ictimaiyyətə açıqlanan hissəsi kifayət qədər ümumidir. Təhlükəsizlik səbəbləri tamamilə nəzərə alınmalıdır, lakin onların qeyri-müəyyən müddətə sərhədlərin bağlı saxlanmasını zəruri edib-etməməsi izah olunmalıdır. Qərarvericilərin əlində daha geniş informasiya olduğu şübhəsizdir, lakin bu, ictimai aydınlığın tamamilə arxa plana keçməsi anlamına gəlməməlidir.

Siyasi cəhətdən də sərhədlərin uzun müddət bağlı qalması suallar yaradır. Regionda kommunikasiya xəritəsinin dəyişdiyi, iqtisadi inteqrasiya layihələrinin genişləndiyi bir mərhələdə Azərbaycanın qapalı quru sərhədlərlə qalması ölkənin regional vəziyyətinə təsir edən mühüm faktordur.

Bu, həm logistika, həm ticarət, həm də diplomatik əlaqələr baxımından nəzərə alınmalıdır.

Samir Əsədli bildirir ki, bütün bu məqamlar göstərir ki, quru sərhədlərin bağlı saxlanması artıq pandemiya sonrası reallıq ilə üst-üstə düşmür:

“Məsələnin uzadılması nə dövlətə əlavə üstünlük gətirir, nə də cəmiyyətə fayda verir; əksinə, sosial və iqtisadi təzyiqləri dərinləşdirir. Bu səbəbdən sərhədlərin açılması təkcə gözlənilən deyil, həm də zəruri addımdır. Azərbaycanın bu qərarı verməyə tam hazır olduğu görünür.

Vacib olan isə addımın nə zaman atılacağı və bu prosesin nə dərəcədə şəffaf şəkildə izah ediləcəyidir”.